Cəmiyyət

Bir cənub şəhərindən ucqar şimal kəndinə gələn gənc müəllimə - REPORTAJ - FOTO

14 May 2022 20:42
2 Şərh     Baxış: 1 712

Lənkəranlı gənc Zeynəb Məmmədli 5 ildir Qubada müəllimlik edir. Fədakar müəllimə qarşısına çıxan çətinliklərə baxmayaraq isti cənub şəhərindən soyuq havası ilə seçilən şimal rayonuna köçərək sevimli şagirdlərinə bilik öyrədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Zeynəb Məmmədli 1993-cü ildə Lənkəran şəhərində anadan olub. Lənkəran şəhər Rasim Məmmədov adına 5 nömrəli tam orta məktəbi bitirdikdən sonra Lənkəran Dövlət Universitetində Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə ali təhsil alıb.

2017-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğurlu nəticə qazandıqdan sonra Qubanın ucqar Cimi kəndində müəllimlik fəaliyyətinə başlayıb.

Zeynəb müəllimə deyir ki, dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən Cimi kəndindəki uyğunlaşmaq elədə asan olmayıb. Dağlıq kənddə təbii şəraitə yanaşı, həyat şərtləri də şəhərdən çox fərqlidir.

"Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 46 bal toplamışdım. Seçdiyim 8 məktəbin hamısı ucqar dağ kəndləri idi. İlk sırada yazdığım Quba rayon Vidadi Məmmədsalahov adına Cimi kənd tam orta məktəbində dərs demək hüququ qazandım. Həmin ildən bu məktəbdə çalışıram. Əvvəllər mənə çox çətin gəlirdi. Birinci dəfə kəndə gələrkən avtomobillə çayın içindən keçməyimiz yadımdadır. Amma əvvəlcədən internetdən məlumat almışdım və hansı kəndə gəldiyimi yaxşı bilirdim. Mənə demişdilər ki, çətin şəraiti olan yerə gedirsiniz. Qışda odun qırmaq lazımdır. Kənd yaxınlığında ayı, canavar kimi yırtıcı heyvanlar var. Bütün bunları öyrəndikcə Cimi kəndi mənə daha cəlbedici gəldi", - deyə Zeynəb Məmmədli söyləyib.

Zeynəb çətinliklərdən qorxmadan fəaliyyətə başlayıb. Məktəbdə qısa müddətdə şagirdlərin sevimlisinə çevrilən gənc pedaqoq kreativ yanaşmaları və innovativ ideyaları ilə də özündən söz etdirməyi bacarıb: "Buradakı şagirdlərin ixtisas müəllimlərinə ehtiyacı var. Düzdür, ucqar kənddə dərs demək asan deyil. Amma uşaqların üzündəki sevinci, onların biliklərə yiyələndiyini görəndə çətinlikləri unuduram. Müəllimlik tək tədris prosesindən ibarət deyil. Müəllim şagirdlərini yaxından tanımalıdır. Onların dərsdən sonrakı fəaliyyətləri ilə maraqlanmaq lazımdır. Mən burada işlədiyim müddətdə demək olar ki, şagirdlərimin hər birinin evinə gedib, ailəsi ilə yaxından tanış olmuşam. Hər bir şagirdin xarakterini bilirəm".

Gənc müəllimə dərsdən sonra məişət işləri ilə də məşğul olur. Kənddə tək yaşadığından bulaqdan su gətirmək, yemək hazırlamaq, ev işlərini görmək də onun öhdəsinə düşür. Boş vaxtlarında isə ixtisası üzrə biliklərini daha da təkmilləşdirməyə çalışır.

"Bəzən elə olur şagirdlər ev tapşırıqlarını həll edə bilməyəndə evimə gəlirlər. Məsələləri birlikdə həll edirik. Onlara dərsləri izah edirəm", - deyən gənc müəllimə müxtəlif qrant layihələri də hazırlayır. Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi"nin qalibi də olub. Bununla yanaşı, növbəti qrant müsabiqəsinə də müraciət edib. Lənkəranlı müəllimə və şagirdləri "STEAM Azerbaijan" Festivalında da iştirak ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Muhammadali · 15 May 09:1210

    Uğurları bol olsun! Afərin

    Cavab yaz
  • Anonim
    !!! · 16 May 13:4700

    Həmişə ürəyimdən keçib ki,kaş yazıçı olaydım.Belə həyatları qələmə alaydım.Heyif ki,yaza bilmirəm içimdən gələnləri,Sözlə ifadə edib,ağ sətirlərə köçürə bilmirəm.(((Yazıçı olmaq da Allahın bir vergisidir. MMüəlliməyə uğurlar arzulayıram!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics