Şou-biznes

"Toylar gənclərə qaldısa, o toydan, orda ifa olunan mahnılardan səviyyə axtarmaq olmaz"

14 Sentyabr 2021 18:06
1 Şərh     Baxış: 962

"Zəngilanda çox mehriban qonşularımız var idi, biz evdə oturmurduq ki. Bir gün o qonşuda, bir gün o qohumda, bir gün onlar bizdə olurdu. Həyat nə qədər maraqlı, isti idi. Bu gün insanların rahatlığı üçü hər şey var, amma onların içində heç bir istilik, dəyər yoxdur. Hər kəs deyir ki, özüm tapım, özüm qazanım, özüm yeyim. Ətrafındakı insanları heç düşünmürlər. İnsanı insan edən onun inamı, imanıdır. Bu gün elə bil ki, onlar itib".
 
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Almaz Orucova deyib. O daha sonra hələ də doğma yurdu Zəngilana getməməyinin səbəblərindən danışıb.

"Hələ ki, Zəngilana getməmişəm. Bacılarım da, qardaşım da deyirlər ki, gedək. Ən çox da böyük bacım. Arada oğlum gəlmişdi, vaxt edib gedə bilmədim. Düzdür, torpağı görməyə çox can atıram, amma evimiz dağılıb. Evimizin dəfələrlə uçulmuş halda şəkillərini mənə yollayıblar, elə bilirəm ki, getsəm o hisslərdən qurtula bilməyəcəyəm. Bir tərəfdən Zəngilana, evimizə getmək istəyirəm, digər bir tərəfdən də getmək istəmirəm, oranı elə görmək mənə ağırdır. "Ağıllı kənd" layihəsi bilirsiniz ki, Zəngilandan, bizim Ağalı kəndindən başlayıb. Bizim qohumumuz da orada mühəndis çalışır, deyir ki, istəyirəm bir az buralar abad olsun, sonra gələsiniz. İstəmirəm gəlib belə görəsiz buraları. Həyətimizdə elə yerlər var idi ki, bizim gözümüzün qabağında tikilmişdi. Nə qədər zəhmətimiz var idi o həyətdə. Bizim evimizin yuxarısı park idi, məşhur yer idi. Demək olar ki, Zəngilanın ən gözəl yeri idi. Bir dənə hamamımız qalıb. Ata-anamın əziyyətinə o qədər heyfslənirəm ki. Atam sürücü, anam da tibb bacısı idi. Hər ikisi alın tərləri ilə, əziyyətləri ilə oranı qurmuşdu. Yenə də şükürlər olsun ki, quru torpağımız var", - deyə sənətkar bildirib.

Almaz Orucova o vaxtkı toylarla indi keçirilən toyları da müqayisə edib.

"Zamanında şeirə, sənətə qiymət verən ailələrin şad günlərində, tədbirlərində çox iştirak etmişəm. İndi dönüb o günlərə baxanda qürurlanıram ki, nə yaxşı o günləri yaşamışam, həm də çox heyfslənirəm. Zaman elə həmin zamandır, insanlar dəyişib. Bəzən elə olurdu ki, gecə saat 3-4 ə qədər gözəl bəstəkar musiqiləri, mahnılar ifa etdirirdilər bizə. Toyların bir hissəsində muğama, xalq mahnılarına yer verirdilər. Amma bu gün özünüz də görürsünüz ki, toyları kimlər idarə edir?! Ailədə valideynin sözü keçmir, bu gün gənclər öz sözlərini deyirlər. Onların da zövqü toyda üzə çıxır. Toylar gənclərə qaldısa, o toydan, orda ifa olunan mahnılardan, repertuardan səviyyə axtarmaq olmaz. Bilirsiniz ki, onların qulaq asdıqları, sevdikləri müğənnilər kimlərdir. Hansı ki, yutubda milyon baxış toplayırlar. Bu gün yazılan musiqilərə, şeirlərə baxanda adamın qanı qaralır, əsəbləşir. İnsana mədəniyyət öyrətmək əvəzinə nə göstərirlər? Nə təbliğ edirlər? Nə olar ki, gözəlliyi, mədəniyyəti, sənəti təbliğ edəsiz? Yenə də sevinirəm ki, mənə qiymət verən insanlar az da olsa, var", -  deyə əməkdar artist bildirib.

Almaz Orucova daha sonra ustadı Şövkət Ələkbərovadan da danışıb.

"Şövkət xanım bizə çox vaxt evində dərs keçirdi. Aygün Bayramova ilə biz çox vaxt gedirdik onlara. Şövkət xanım Azərbaycan musiqisinin sütunudur. Onun çiynində musiqimiz hələ əsrlər boyu yaşayacaq, nəsildən-nəsilə keçəcək. Biz ondan insanlıq, mədəniyyət, xanımlıq, kübarlıq, insana dəyər verməyi öyrəndik. Ana qayğısı göstərirdi bizə. Bəzən səhhəti yaxşı olmurdu, amma bunu bizə bildirmirdi. Heç vaxt deməzdi ki, uşaqlar, bu gün gəlməyin, halım yoxdur. Xəstə halı ilə bəzən bizə yemək də verirdi, o qədər mehribanlıq göstərirdi ki, bizə. Yadımdadır, bir dəfə yeni palto ilə Şövkət xanımgilə getmişdim, palto da mənə çox uzun idi. Qapıdan içəri girən kimi baxdı mənə, əyildi paltonun ətəyini qatlayıb dedi ki, bunu bir az kəsdir ki, sənin əyninə gözəl olsun. Şövkət xanım mənə anam qədər can yandırıb, yeri cənnətlik olsun", - deyə Almaz Orucova bildirib.
 

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ⭐Zvezda⭐ · 14 Sentyabr 20:0220

    Buda gijdiye bashdan ayaga toyda mugam, havasiyla oynuyaq.)

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.