"Bu mənzilə iki ildir köçmüşəm. Əvvəlki mənzilimiz çox əlvan rənglərdə olduğundan bu dəfə dizaynerlə məsləhətləşərək daha tünd rənglərə üstünlük verdik. Evin dizaynı klassik üslubda olsa da, ev əşyaları modern tərzdədir, bu da ondan irəli gəlir ki, dəblə ayaqlaşmağı sevirəm. Hər zaman həm rəngləri, həm də dekoru son tendensiyalara uyğun seçirəm. Fikrimcə, evdə hər şey sadə, rahat, insanın əhvalını yüksəldən və xoş təəssürat bağışlayan olmalıdır.
Mənzilin təmiri zamanı dizaynerdən bəzi məsləhətlər alsam da, bütövlükdə hər şeyi öz zövqümə əsasən etdirmişəm. Mən divarda rəsm əsərlərinə fotoşəkillərdən daha çox üstünlük verirəm. Bu yaxınlarda bəzi rəssamların sərgisində olub bir neçə əsər bəyənmişəm. Ev yeni olduğuna görə hər şeyi çatdırmaq bir az çətindir. Mebellərin hamısını buradan almışıq. Qonaq otağındaki mebel xüsusi sifarişlə hazırlanıb, orada hər şey eyni materialdandır, hətta çilçıraq da.
Mən əntiq əşyalar həvəskarıyam, evimdə onlardan mütləq olmalıdır. Gördüyünüz kimi, əntiq əşyalar hər otaqda öz yerini alır. Evdə ən xoşuma gəlməyən cəhətlərdən biri və ən əsası əşyaların çoxluğudur. İnteryerdə sadəliyə üstünlük verirəm. Əşyaların sayı nə qədər az olsa, bir o qədər yaxşıdır. Zənnimcə, ev geniş və işıqlı olmalıdır, çox əşya isə buna mane olur və insanı sıxır. Yenilikləri çox sevirəm və hər altı aydanbir qarderobumu dəyişirəm, bu, evimin əşyalarına da aiddir.
Ev mənim üçün yuva deməkdir. Orada məhdud sayda insan olmalıdır. Mənzildə iş otağım yoxdur, çünki o, bağ evimdə yerləşir, orada yaradıcılıqla məşğul olmaq üçün mini-studiyam var. Gördüyünüz ev yalnız istirahət və ailəm üçün nəzərdə tutulub. Evdə ən çox iki şeyə diqqət yetirirəm, birincisi hamam otağı, ikincisi isə mətbəx ideal olmalıdır. İnanın ki, imkan olsa, oradan (mətbəxdən) çıxmaram. Ona görə də mətbəxə televizor qoymamışıq, çünki məni ordan çıxarmaq mümkün olmazdı.
Qonaq otağındakı kiçik servant qablar üçün nəzərdə tutulub, lakin mən şkafa qab-qacaq yığmağı xoşlamıram. Mebel dəstinə daxil olduğuna görə onu aldım, sonra fikirləşməyə başladım ki, içinə nə yığım. Evdə ağıllı adamlardan biri, yəni yoldaşım dedi ki, gəl ora aldığın mükafatları yığaq. Mən də ən parlaqlarını və son vaxtlar əldə etdiyim mükafatları qoydum ki, hər kəs görsün. Onları hər görəndə sanki fərəhlənir və daha böyük nailiyyətlər əldə etməyə can atıram. Biri "Qızıl buta", digəri "Ən yaxşı oranjiman və ifa"ya görə və sonuncusu "Best of the best" nominasiyasında "İlin qadın müğənnisi" mükafatlarıdır. Həmin mükafatların yeri hər dəfə dəyişir, yalnız Quranın yeri dəyişməz olaraq qalır. Onu mənə hədiyyə ediblər. Mən sənətimlə bağlı ən kiçik əşyanı belə sevə-sevə saxlayıram.
Evdə süni gülləri sevmirəm. Adətən hər evin bir gülü olur, bizdə isə iki gül var: Mən - Roza və qızım Bənövşə, başqa gül olsa, qısqanclıq yarana bilər (gülür). Zarafat bir yana, hər qadın hədiyyə olaraq gül almağı sevir, lakin mən daha çox dibçəkdə olan çiçəklərə üstünlük verirəm. Gördüyünüz kimi, televizorun yanındakı stentdə daha bir hədiyyə yer alıb, bu mənim şəklimdir, onu bəstəkarım Cəmil ad günüm münasibətilə bağışlayıb. Ən dəyərli və qiymətsiz hədiyyələrdən biridir, belə əşyalar mənim üçün dünyanın bütün sərvətlərindən üstündür.
Qızımın otağı əvvəllər çəhrayı rəngdə idi, amma indi böyüdüyünə görə (12 yaşı var) artıq seçimi özü edir. O da sevdiyi narıncı rəngə üstünlük verib. Həm də digər otaqlardan bir o qədər fərqlənmir, həmçinin xol qəhvəyi, sarı və narıncı çalardadır. Uşaq otağında televizor yoxdur, bu, ailəmizin bir qanunudur. Qızım musiqi ilə məşğul olduğundan otağında fortepiano var, o, həmçinin saksafon da çalır. Lakin bu o demək deyil ki, o, musiqiçi olacaq. Sadəcə, bilməsini istədim, çünki vokal şöbəsində oxuyur.
ANSPRESS










