- Hər dəfə tamaşaçı qarşısına fərqli çıxmağa çalışırsız. Sizcə, bu dəfə də belə oldumu? Konsertin nəticəsindən razı qaldınız?
Rafael - Biz heç vaxt öz işimizdən razı qalmırıq, ümir edirik ki, tamaşaçılar razı qaldılar. Ən azından onu deyə bilərik ki, biletlər qalmamışdı. Konsertə gələ bilməyən tamaşaçılara isə bildirək ki, təxminən bir həftədən sonra "Qaynana" konsertinə "Space" telekanalında baxa biləcəklər.
- "Qaynana"nı Sarayda martın 10-da da təkrar olacağınız gözlənilirdi, amma deyəsən baş tutmayacaq...
Müşfiq - Bəli, martın 10-a olan konsert təxirə düşdü. Çünki həmin vaxt Sarayda Vafiq Mustafazadənin yubiley tədbiri ilə əlaqədar məşqlər keçiriləcək, ona görə də 10-da konsert verə bilmədik.
- İndi hansı planlarınız var?
Rafael - Bu ilin oktyabrında "Bu şəhərdə"nin 10 yaşı tamam olur. Bu münasibətlə oktyabr ayında daha maraqlı konsert proqramı ilə tamaşaçıların qarşısına çıxmağı planlaşdırırıq.
Coşqun - Əslində planlarımız çoxdu. İndi bu konsert layihəsindən sonra ola bilsin ki, növbəti qastrol səfərinə hazırlaşaq.
Müşfiq - Əgər biz tamaşaçıya səviyyəli proqram təqdim ediriksə, demək bizim şərtlərmiz təmin olunmalıdır. Texniki problemdən, digər sosial problemlərə qədər. Misal üçün Belorusiyada olarkən qrim otağına quzu kababından tutmuş, quzu lüləsinə, döyməsinə kimi. Düşünmüşdülər ki, Rafaellə, Coşqun səhnədən çıxanda ac ola bilərlər. Dedim ki, belə şey olmur. Ancaq onlar hörmət əlaməti olaraq ən xırda detalları belə nəzərə almışdılar. İnanın quş südünə kimi var idi.
- Xarici ölkələrdə çıxış etmək yəqin ki, daha məsuliyyətli olur. Ora hansı repertuarla gedirsiz, qastrollara hansı obrazları aparırsız?
Coşqun - Bir kəlmə ilə deyərdik ki, qastrollara onların istəyi ilə obrazları aparırıq. Seçmə səhnələr, obrazlar olur.
Müşfiq - Obrazlar seçilir. İnsanlar hər konsertdən ən maraqlı obrazları səhnədə görmək istəyirlər. Hər tamaşada toy səhnəsi var, onların hərəsində də ən azı 5 obraz olur. Onları seçirik. Misal üçün molla, bibi, Sirtuş və başqa obrazlar.
- Müşfiq, səhnədə olmaq başqadır, ancaq səhnə arxasında müşahidə etmək tamamilə fərqlidir. Maraqlıdır, ssenarini sən yazdığın üçün tamaşaçı reaksiyasını izləyirsənmi, müşahidələrdən hansı nəticələri əldə etmək mümükün olub? Tamaşaçılar sizcə hansı obrazlara daha çox maraq göstərirlər?
Müşfiq - Müşahidələrim olur. Düz qeyd etdiniz, kənardan müşahidə edərkən reaksiyanı daha tez tutmaq olur. Misal üçün iki dəfə olub ki konsertin birinci günü olan proqram, konsertin o biri günü olmayıb. Hansısa bir obrazı, digər gün çıxarmışıq. Yəni, görmüşük ki, tamaşaçı üçün maraqlı olmadı, tutmadı, istədiyimiz reaksiyanı görmədik, dərhal ertəsi gün onu çıxarmışıq. Biri Sirtuşun bacısı obrazı idi, bir də başqası. O ki qaldı hansı yaxşıdı, elə tamaşaçı var deyir "toy" səhnəsi superdi, eləsi var deyir "hamilə qadın", eləsi də var deyir "molla" yaxşıdı. Hər səhnəciyin öz tamaşaçısı var. Bir sirrimizi də deyək, əslində onu bilərəkdən elə qururuq. Hər nömrənin öz auditoriyası var. Məsələn, "CoRaf"da Aysellə Araş səhnəyə çıxır. Elə adamlar var idi ki, vurulmuşdular ona. Onun xatirinə konsertə gəlmişdi, ya da məhz bir səhnəyə, bir obraza görə gəlirlər. Elələri də var idi ki, heç "Aysellə Araşı" tanımırdılar, məsəlçün yaşlı təbəqə, bölgələrdən gələnlər üçün o maraqlı deyildi, onlar məktəb, polis səhnəsi üçün "sino gedirlər". Tamaşaçılarımız sanki bloklara bölünür. Ona görə çox sevinirik ki, hərə bizim təqdim etdiyimiz proqramda özü üçün nəsə tapır. Əsas odur. Hamı bir səhnəni sevə bilməz.
- "Molla" obrazı böyük maraqla izlənir. Hətta deyilənə görə, Coşqunun yaratdığı Molla obrazının prototipi var. Elə cənub bölgəsində. Yeri gəlmişkən, deyirlər ki, şou-biznesimizin ən məşhurları, xalq artistləri belə həmin o mollaya tez-tez müraciət edirlər...
Müşfiq - Düzünü desək, sizin bu açıqlamanız bizim üçün də maraqlı oldu.
Coşqun - Yox, konkret olaraq kimisə nəzərdə tutub bu obrazı yaratmamışıq. Bu, ümumiləşmiş bir obrazdı.
Rafael - Biz çalışırıq ki, cəmiyyətin içində olanları göstərək. Bir toyda qonaqlardan biri dostunu qoyub, gəldi oturdu yanımızda ki, qardaş o polisi tanıyırsız? Əla oxşada bilmisiz.
Elə səhnələr var ki, həmin müddət üçün maraqlı, aktual ola bilər. Ancaq məktəb, xəstəxana, hamilə qadın kimi səhnələr həmişə cəmiyyətin problemli tərəfləri olur.
- Siz bu yola çıxanda, paralel rəqabət aparanlar olsa da, bu gün deyəsən dayanmağa məcbur olublar. Rəqabət sizin üçün nədir?
Müşfiq - Bizim rəqibimiz var. Biz özümüz, özümüzə rəqibik. Hər konsertdən sonra özümüzlə rəqabət aparırıq. Bu ofisdə müzakirələr aparırıq, qüsurları görməyə çalışırıq ki, gələn proqramda təkrarlanmasın.
- Yəni özünüz özünüzü tənqid etməyi bacarırsız?
Müşfiq - Təbii. Burda söyüşlər də olur, mübahisələr də, davalar da.
- Amma tamaşaçı sizi həmişə mehriban görür. Demək, bu üçlüyün mübahisələri də qaçılmazdı...
- ( Gülürlər.) Müşfiq - O... Elə davalar olur ki...Yaxşıdı ki görmürlər. Ancaq bu, yalnız yaradıcılıq mübahisələri zəmnində baş verir. Belə isə biz həm də dostuq.
- Bəs qonorar davası olur?
Rafael - Müşfiq dediyi kimi, davalar bu otaqda baş verir, bu otaqdan kənara çıxmır. Yəni, sırf yaradıcılıq mübahisəsi. Allaha şükür ki, bizdə qonorar davası filan olmur. Sadəcə olaraq, üç ayrı insanıq, sözsüz ki, sənət baxımından hərənin öz baxışı, yanaşması var. Misal üçün mən həmişə deyirəm ki, razı qalmadım, narazıyam. Tamaşaçı ola bilsin razı qaldı, mən isə bilirəm ki, bundan da yaxşı ola bilərdik. Bizdə ssenari mübahisəsi tez tez olur.
- Obrazları bölüşərkən problem yaranmır ki? Nədənsə, qadın obrazlarını daha çox Coşquna həvalə edirsiz, ancaq kəndli xarakterli obrazlar isə Rafaelin payına düşür...
Müşfiq - Baxır obrazın xarakterinə. Mənə elə gəlir ki, hər biri fərqli, yaddaqalan qadın obrazları yaradıblar. Misal üçün Coşqunun yaratdığı "Cenefer Lopes" obrazı müzakirə olunmur. Rafaelin yaratdığı qadın obrazları da var ki, öz möhürünü vurub, onu başqası təkrarlaya bilməz. Yəni, obrazlar bölüşdürülür. Bir səhnədə ola bilər ki, onlardan biri bir neçə obrazla səhnəyə çıxsın. Ona görə çalışırıq ki, obrazları oynayanda dırnaqdan başa kimi dəyişək. Bu, obrazın dəyişməsinə kömək edir.
- Qadın psixologiyasını öyrənmək çətindir?
Rəfael - Bu, mənim şəxsi fikrimdir, yəqin ki, razılaşarlar. Aktyor ilk növbədə müşahidəsini dayandırmamalıdır. Teatrda birinci nədən başlamışam? Heyvanları oynamaqdan. Sonra ikinci dərəcəli obrazlar, yəni, öyrənərək səhnədə püxtələşirsən. Qadınları da öyrənmək lazımdır. Adam var ki, onunla söhbət edirsən, artıq onun danışığı, baxışı sənə ideya verir. Yeni obraz yaranır. O adamın adi bir sözü sənin yadında qalır, onu gələn dəfə istifadə edirsən. Ssenari verilir, deyirsən ki, hə, mən buna oxşayan adam görmüşəm axı. Bir az da duz-istiot vurursan, rol yaranır, olur dadlı.
- Axırıncı dəfə nə vaxt metroya minmisiz?
(Hər üçü cavab verir ki, bir ay bundan qabaq metroya miniblər)
- Metroda insanları, hadisələri müşahidə etmək üçün daha çox imkan olur. Maraqlı nə yadınızda qaldı?
Rəfael - Bizi kartsız buraxdılar. Birinci yadımızda qalan elə budur. Çoxdandır metrodan istifadə etmirdik deyə, kartımız yox idi. Hamı bizə baxırdı. Adam toyxanaya girəndə necə özünü itirirsə, əvvəl biz də özümüzü itirdik. Sadəcə, axşamçağı idi, Filormoniyanın bağında gəzirdik. Birdən başımıza düşdü ki, gəlin metroya düşək. Mən axırıncı dəfə 2001-ci ildə metroya girmişdim. Nəsə düşdük metroya, telefonlar dərhal başladı işləməyə. Səs gəlir axı, üzümüzə baxırlar, deyirəm, söndür. (Yenə nəsə xatırlayıb, gülüşürlər). Çoxu inanmırdı, ki, bizik. Ya da bizə baxan qırağa baxırdı ki, yəqin kamera var.
Müşfiq - Cavanlığımızı yadımıza salmaq uçün bir xuliqanlıq da etdik. Yuxarıdan qəpik pul buraxdıq. O vaxt metrolarda 3 qəpik buraxardıq. Cavanlığı yadımıza saldıq, cavanlıq elədik. O vaxt 3 qəpik də, 3 qəpik idi. 5 qəpiyə peraşki almaq olurdu.
Coşqun - Metroya düşməkdə məqsədimiz o idi ki, sadəcə camaatın reaksiyasını yoxlayaq. Ancaq onu da deyək ki, hamının üzündə yorğunluq var idi. Hamının işdən çıxan vaxtı idi, üzlərdə qayğı hiss olunurdu. Bir sözlə, gözlədiyimiz reaksiya olmadı. Kimisi mürgülüyürdü, kimisi fikrə getmişdi.
Rafael - Amma çoxu kamera axtarırdı.
- Heç borcunuz var?
Müşfiq - Coşqunun mağazaya artıq 2 manat nisyəsi var, bunu bilin.
Coşqun - Mən bu gün evimizin yanındakı dükandan Redbul aldım, pulunu vermədim, nisyə yazıldı. ( Gülürlər)
- Cavanlığınıza qayıdanda nəyə təəsüfləndiniz?
Coşqun - Bu günümüzə şükr etdik. Çünki çox çətinliklərimiz olub. O barədə bayram ərəfəsində danışmaq istəmirik.
Müşfiq - Onlar da şirin çətinlik olub. Ləzzətlidi. Niyə ki, onun da öz ləzzəti qalıb.
Rəfael - Elədi. O günlərin də öz marağı olub.
Müşfiq - Tahirə, çətin günlərimiz olmasaydı, bu günümüzün qədrini bilməzdik. O çətinliklər bizi həm həyatda, hə də səhnədə bərkitdi. Biz sadə ailələrdənik. Hamımızın atası, anası, yaxınları metrodan da istifadə edir. Biz cəmiyyətdən uzaq olmağa çalışmamışıq, ona görə də yaratdığımız səhnələr tamaşaçı tərəfindən həzm olunur. Əgər biz xaricdə, fərqli bir həyat tərzi yaşasaydıq, ildə bir dəfə gəlib buradakı tamaşaçılar üçün konsert proqramı göstərsəydik, o, qəbul olunmazdı. O, bizim axırıncı konsertimiz olar. Onda da heç vaxt zal bizi başa düşməyəcəkdi. Çünki biz zalı tanımırıq.
- Şəxsi həyatınız barədə heç vaxt danışmırsız?
Rafael - Bizə deyirlər ki, niyə şəxsi həyatınızı bağlı saxlayırsız? Yemək verilişi var, niyə arvadınızla çıxmırsız? Deyirik ki, niyə biz arvadı efirə çıxarmalıyıq? Deyirlər ki, niyə də çıxartmayasız? Deyirəm, niyə çıxarmalıyam, tanınmış adam bizik, ya arvaddı? Deyirlər ki, maraqlıdı, eviniz hardadı, necə yaşıyırsız...
- Maddi imkanlarınız hansı səviyyədədir ki, belə maraqlanırlar?
Rafael - Elə görsənmirik deyə, onlar üçün maraqlıdır. Yəqin elə bilirlər villada yaşayırıq. Var e... evimiz-eşiyimiz var. Şükür.
Müşfiq - Üçümüzün də evimiz, maşınımız, bağımız var. Hər üçümüzün banka kreditimiz də var, borcumuz da. (Gülürlər) Orta səviyyəli həyat tərzimiz var. Supermarketdən də alver edirik, bazardan da, həyətdəki mağazadan da.
Tahirə Məmmədqızı
Milli.Az

--------------------------------------------------------------------------------

Foto TREND