Şou-biznes

Azərbaycanlı müğənni: “Heç bir dini qəbul etmirəm”

31 Avqust 2014 21:10
18 Şərh     Baxış: 10 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az 1937.az-a istinadən bildirir ki, "Akademiya" və "Böyük Səhnə" yarışmalarının iştirakçısı, özənəməxsus tərzi ilə çoxlarının yaddaşında iz qoymuş məşhur rok ifaçısı Erkin Osmanlıdı sənəti və yaşamı ilə bağlı açıqlamalar verib:

- Akademiyadakı iştirakından sonra fəaliyyətinə ara verdin. Bu nəylə bağlı idi? Akademiya səni ruhdan saldı?

- Yox, sadəcə, mənə olunan təkliflər və müqavilələr kağız üzərində qaldı. Və bundan sonra mən yaradıcılıqla məşğul olmaq, öz üzərimdə işləmək qərarına gəldim.

- Yenidən fəaliyyətə başlamana stimul nə oldu?

- Heç vaxt fəaliyyətimi dayandırmamışam. Mən yaradıcılığa 9 yaşımda başlamışam. 11 yaşım olanda fəaliyyətimi dayandırdım və futbolla maraqlanmağa başladım. Özümü futbol sahəsində sınamaq istəyirdim. Lakin sonradan başa düşdüm ki, futbol mənlik deyil və 15 yaşımda yenidən musiqiyə qayıtdım. Mənim üçün yaradıcılığın özü dünyadakı ən böyük stimuldur.

- Futboldan söz düşmüşkən, sevimli milli yığman ve klubun hansıdır?

- Təbii ki, İngiltərəylə bağlı olan hər şeyi sevən bir adam olaraq, İngiltərə yığmasına azarkeşlik edirəm. Amma, sözün düzü, heç bir komandanın dəlicəsinə fanatı deyiləm. Uşaqlıqda "İnter"in və "Qalatasaray"ın azarkeşi idim. Hal-hazırda isə Joze Maurinyonun rəhbərlik etdiyi klubun fanatıyam. O, indi "Çelsi"nin baş məşqçisidir. Daha çox, çempionatları izləməyi sevirəm. Məsələn, İngilis Premyer Liqasını çox sevirəm. Avropa Çempionatını və Dünya Çempionatını da həmçinin.

- Son dövrlərdə Maurinyonun "Real Madrid" oyunçularıyla yaşadığı problemlər, Kasilyası oynatmaması ona olan sevginə təsir göstərmədi?

- Yox, mən Kasilyası heç vaxt bəyənməmişəm. Və ümumiyyətlə, Jozenin verdiyi hər qərarla razılaşıram, çünki onunla çox böyük oxşarlıqlarımız var.

- Hansı oxşar cəhətləriniz var? Özünüzə çox arxayın olmağınız?

- Birincisi, mənim kimi o da dolça bürcündəndir. Həmçinin, özünəarxayınlıq, xarizma, ambisiya, publikanı idarə etmək bacarığı və dürüstlük.

- Cəlil Məmmədquluzadənin "Dirisiylə rusca, ölüsüylə ərəbcə danışan xalqım" fikri, yəqin, yadındadır...

- Düzü, bu fikri birinci dəfədir eşidirəm, amma mənə aydın oldu. Bütün bunlar sovet keçmişimizin qalıqlarıdır. Amma rus dili indi dominant deyil. Hətta Bakıda rusdillilərin sayının get-gedə azaldığını deyə bilərəm. Düşünürəm ki,10-15 il sonra, ümumiyyətlə, rus dili danışıq dilindən sıxışdırılıb çıxardılacaq.

- Bunu mənə suallarıma rusca cavab verən oğlan deyir?

- Sən məni qabaqladın. Deyəcəkdim ki, amma mənim bostanıma daş atmaq lazım deyil. (gülür) Növbəti suallara Azərbaycan dilində cavab verəcəm.

Doğrudan da, bu sualdan sonra Erkin bütün suallarıma azərbaycanca cavab verdi. Məlum oldu ki, o, əslində, öz dilimizdə çox səlis danışır. 

- Dünyagörüşünün formalaşmasında kimlərin rolu olub?

- Mən uşaqlıqdan dünya musiqisində və mədəniyyətində baş verən bütün hadisələrə qarşı loyal olmuşam. Yəni, belə demək mümkündürsə, özüm öz dünyagörüşümü inkişaf etdirmişəm. Amma bununla yanaşı mənim bir şəxsiyyət kimi formalaşmağımda bir çox musiqiçilər, şairlər, hətta aktyorlar rol oynayıb. Və sözsüz ki, bu istiqamətdə anamın əvəzedilməz rolu olub.

- O yaradıcı insanlardan bir-ikisinin adını çəkə bilərsən?

- John Lennon ("The Beatles"), Gallagher qardaşları ("Oasis"), Jude Law (və xüsusən də onun "Alfie" filmində canlandırdığı personaj), Ömər Xəyyam, Puşkin, Lermontov, Madonna və s.

- Deməli, bir müddət öncəki hippi görünüşünü Lennona borcluyuq?

- Yox, xarici görünüşümü özüm seçirəm və seçimimə heç kim təsir göstərmir. Mən daxili dünyamda dəyişiklik edən şəxslərdən danışıram. Yeri gəlmişkən, daxilən həmişə hippi olmuşam.

- Nəyə görə "hippi" deyəndə çoxlarının ağlına gələn ilk şey marixuana istifadəçisi olan kosmopolit, biganə gənclər olur? Səncə, niyə onlar haqda təsəvvür bu qədər yanlış formalaşıb?

- İnsanlarda, ümumiyyətlə, hər şeylə bağlı yanlış və olduqca səthi təsəvvür formalaşması artıq adət halını alıb. Hippi məncə, doğru olmaq deməkdir. Bir çoxlarımız isə doğru olmaqdan qorxuruq.

- Səncə, bu yanlış və səthi təsəvvürü nə formalaşdırıb? Ötən əsr o gənclər kifayət qədər potensiala malik idilər. İstədiklərini edə bilmə iqtidarındaydılar. Sonra nə oldu onlara? Provakasiyaya qurban getdilər?

- Yox, bu, sosial-mədəni partlayış idi. Hər bir belə partlayışdan sonra isə sakitlik hökm sürür. Və sonra nəsə yeni bir ideya, dalğa meydana gəlir. Məsələn, hippilərdən sonra pank mədəniyyəti populyar oldu. Hər şeyin öz vaxtı var. Nəsə populyar olur, sonra isə estafeti başqa bir mədəniyyətə ötürür. Bu, normal haldır.

- Səncə, hippilər cəmiyyətdə nəyə nail ola bildilər? Hansısa köklü dəyişikliyə imza atdılar?

- Sözsüz ki, hippilər cəmiyyəti və cəmiyyətdəki tendensiyaları dəyişdilər. Hər bir mədəniyyət bunu edir. Bu özünü musiqidə, dizaynda, geyimdə və s. göstərir. Ancaq heç bir mədəniyyət dünyanın qayda-qanunlarını dəyişmək gücündə deyil. Buna imkan verməzlər. Yəni, bu, bir moda şəklində gəlib-keçir. Bundan çoxunu heç bir mədəniyyətdən gözləmək olmaz.

- "Dünya vətəndaşları" - kosmopolitlərə münasibətin necədi?

- Əla. Mən elə özümü də dünya vətəndaşı hesab edirəm. Hətta belə bir mahnım da var - "Citizen of the World".

- İlk bəstən, şeirin nə vaxt yazılıb? Nə haqda olub?

- İlk mahnımı 10 yaşım olanda yazmışam. O vaxtlar "Backstreet Boys"un fanatı idim və onların stilini imitasiya edirdim. Qızlar və əyləncəli həyat haqda mahnılar yazırdım.

- Bütün sevgililərini xatırlayırsan? Onlara həsr etdiyin mahnıların olub?

- Əlbəttə. Nə vaxtsa həyatımda olan bütün qadınlar mənim mahnılarımda özlərini tapıblar. Qadınlar mənim əsas ilham mənbəyimdi.

- Evlənmək haqda düşünürsən? Ümumiyyətlə, nikah sənin üçün nə ifadə edir?

- Yox. Mən, ümumiyyətlə, ailə institutuna qarşıyam. Düşünürəm ki, bir-birinə aşiq olan iki gənc pasport ştampı olmadan da xoşbəxt yaşaya bilər. Nikah stereotipdir.

- Uşaqlıq qəhrəmanın kim olub?

- "Backstreet Boys".

- Yuli Sezarı niyə öldürdülər?

- Bu, siyasətdir. Onu ağıl və məntiqlə izah etmək olduqca çətindir. Və siyasət mənə çox uzaqdır.

- Mentalitet nədir? Və mental dəyərlərdən qurtulmaq lazımdırmı?

- "Mental" sözü ingilis dilindən tərcümədə neqativ çalara malikdir. Düşünürəm ki, hər millətin özünəməxsus xarakterik xüsusiyyətləri olmalıdır. Lakin bu xüsusiyyətlər insanlara istədikləri kimi yaşamağa və cəmiyyətin inkişafına maneə törətməməlidir.

- Tarixin ən ideal qadını kim olub?

- Çətin sualdır. Amma Koko Şanel deyərdim. Onun özü və düşüncə tərzi mənim çox xoşuma gəlir.

- Nəyə və ya kimə qarşı tolerant ola bilmirsən?

- Qul təfəkkürlü insanlara. Mənim sevimli bir sitatım var: "İnsanın səfeh olması normaldır, onun ağıllı olmağa çalışmaması isə normal deyil". Özünü çərçivəyə salanları sevmirəm. Bir də arzulamağı, emosiyalarla yaşamağı bacarmayan insanlardan zəhləm gedir.

- Dini inancın nədir? Ümumiyyətlə, din insanların həyatında mühüm rol oynamalıdır?

- Mən yaradıcı qüvvənin varlığına inanıram. Lakin heç bir dini qəbul etmirəm. Mənim dinim sevgi və dürüstlükdür.

- Hansı filmdə özünü tapmısan?

- "Alfie".

- Prioritetin nədir?

- Hər zaman azad olmaq, insanlardan ilham almaq və onlar üçün ilham mənbəyi ola bilmək.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.