"OpenAI" "ChatGPT" üçün yeni məhdudiyyətlər tətbiq edib.
Milli.Az xəbər verir ki, "OpenAI" şirkəti "ChatGPT"nin istifadəçilərlə həddindən artıq emosional ünsiyyət qurmasının qarşısını almaq məqsədi ilə modeldə yeni məhdudiyyətlər tətbiq edib. Şirkət bildirir ki, son yeniləmələrdən sonra çatbot bəzi hallarda çox emosional və tərif yönümlü davranışlar nümayiş etdirirdi və bu da istifadəçidə asılılıq yarada bilirdi.
Yeni qaydalara əsasən "ChatGPT" uzun söhbətlər zamanı istifadəçiyə fasilə verməyi təklif edəcək və emosional bağlılıq yaradan reaksiyaları məhdudlaşdıracaq. Sistem yanlış məsləhətlərə və zərərli təsdiqləmələrə yol verməmək üçün daha ciddi şəkildə tənzimlənib.
MIT və "OpenAI" tərəfindən aparılan araşdırmada qeyd olunur ki, çatbotdan uzun müddət istifadə sosial və psixoloji mənfi nəticələrə səbəb ola bilər. Buna görə şirkət daha neytral və məsafəli ünsiyyətə üstünlük verən yeni strategiyanı tətbiq edib.
Şirkətin təqdim etdiyi "GPT beş" modeli gücləndirilmiş təhlükəsizlik mexanizmləri və daha dəqiq risk aşkarlanması ilə seçilir. "OpenAI"nin məqsədi istifadəçi ilə süni intellekt arasında sağlam olmayan emosional bağlılığın yaranmasının qarşısını almaqdır.
İsmayıl
Milli.Az





