Şou-biznes

Tanınmış bəstəkar: "Röya bir gün bizə gəlib, qayıtdı ki..." - MÜSAHİBƏ

2 İyul 2012 18:53
0 Şərh     Baxış: 972
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli Publika.az saytına müsahibə verir. Milli.Az müsahibəni ixtisarla oxucularına təqdim edir.

-Nailə xanım, necəsiniz? İstirahəti necə keçirirsiniz?


-Yaxşıyam. Mənimçün nə tətil var, nə də bazar günü. Amma elə belə də olmalıdır. Bizim üçün istirahət yoxdur.

-Tələbələriniz gəlib-gedirmi?

-Əlbəttə. Onlar da övladlarım sayılır. Çoxuşaqlı anayam. Ümumiyyətlə, şou-biznesdə çox adamı övladım sayıram, çoxu da mənə ana kimi baxır.

-Tələbələrinizi bu evdə qarşılayırsınız?

-Hamısını evimizin qonaq otağında. Hərdən təzə oxuyan gəlir, oxumağa utanır. Deyirəm, ay bala, bu divarlar nə səslər eşidib, utanma, oxu.

- Bu evdə neçə ildir yaşayırsınız?

-1986-cı ildə gəlin köçmüşəm.

-Amma yaradıcı adam, tələbələri olan bəstəkar üçün bir az darısqaldır...

- Ürəyim genişdir. Biz Hikmətlə evlənəndə bir qaynanam vardı, bir mən, bir də Hikmət... Üçümüz üçün bu üçotaqlı ev bəs idi. Qaynanam mən gəlin gələndən söyləyir ki, deyirlər buralar sökülür. Ona görə gözləyirik ki, sökülsün, təzə ev alaq (gülür). Ancaq 2008-ci ildə prezidentimiz mənə üçotaqlı mənzil bağışladı. Hələ ki oranı düzəldə bilmirəm. İnşallah, qızım bu il ali məktəbə daxil olsun. Gücümü ona qoymuşam. Oğlum bu il İqtisad Universitetinin maliyyə fakültəsini bitirib. Onun əsgərlik məsələsi var. Bütün işlərimiz yerbəyer olsun, gücümü evə yönəldəcəm. Həm də oğlumu evləndirmək istəyirəm.

- Yəqin ki, seçimi öz öhdəsinə buraxacaqsınız...

- Cavidan hətta dostlarını belə seçəndə mənimlə məsləhətləşir. İndiki zamanda, nəinki, dost, hətta tanış belə olanda məsələhət olmalıdır. Hikmətin ölümünə qədər elə bilirdim ki, bütün insanlar yaxşıdır, bizim evdə çörək yeyən hamı məni çox istəyir. Hikmətdən sonra boşluğa düşdüm. Özümü hər yerdə tək hiss etdim. 5 ildir ki, Hikmət həyatda yoxdur. Bu 5 ildə mənim çevrəmdə demək olar ki, tək-tük tanışım qalıb, dostum yox. Mən də övladlarıma nümunə çəkib başa salıram ki, dost bu deməkdir. Çətin gündə sənin yanında məsləhət verməyə adam yoxdursa, sənə heç dost lazım deyil.

- Övladlarınız üzərində nəzarətiniz güclüdür? Hiss edirəm ki, çox tələbkarsınız...

- Mən istəyirəm ki, övladlarım yaxşı gün görsünlər. Onlar oxumuş olsunlar, mütləq savad alsınlar. Xüsusilə, qızım. Heç kim zəmanət vermir ki, onun necə qisməti olacaq. Siz deyin, mənim sənətim olmasaydı, 3 övladı necə saxlayardım?

-Nailə xanım, son vaxtlar az-az görünürsünüz. Axırıncı dəfə Sizi "Ay ürək" mahnısının təqdimatında gördüm...

- Mən düz-əməlli bir veriliş tapa bilirəm ki?.. Hansı verilişdə intriqasız, yaradıcılığımızdan danışa bilərik? Jurnalistlər reytinq xatirinə sövq edirlər ki, kimsə kiminsə bostanına daş atsın. Bəzi yaxşı verilişlər var. Ora çıxmışam, ikinci dəfə hara çıxım? Lap elə Röya ilə Niyaməddin Salaminin "Ay ürək" mahnısının təqdimatı olsun... Fikir verirdim, görüm jurnalistlər təqdimatı necə işıqlandıracaqlar. Elə veriliş oldu ki, mahnıdan bir balaca danışdı, sonra da qonaqlardan, dənizdən söhbət açdı. Əlaqələndirməni deyirəm... Rejissor, operator, müxbir işi yox səviyyəsindədir. Elə veriliş də oldu ki, orda mənim izim-tozum yox idi. Mahnı haqqında danışılmırdı, ancaq deyilirdi ki, Röyanın başına ekran düşdü...

-Hikmət müəllimdən sonra həyatınızdakı boşluğu yalnız övladlarınızla doldurursunuz?

- Əlbəttə. Bir söz deyim, bunu heç yerdə deməmişəm. Hikmət təzə rəhmətə getmişdi, ili yeni çıxmışdı. Röya bir gün bizə gəlib, qayıtdı ki, "mama" gəl səni ərə verim. Mat-məəttəl baxdım ona. Dedi ki, nədir, sən kimisə sevməsən, yaza bilərsən? Sən yazmasan, mən nə oxuyacam? Baxın, bütün evdə onun şəkilləri, royalın pultunda onun şəkli... Göstərdim Röyaya ki, bax, sən elə bilirsən o, yoxdur? Sizin üçün ola bilər yoxdur, mənim üçün həmişə var. Mən ikinci dəfə kimə bağlana bilərəm ki? Belə şeyi götürə bilmərəm.

- Siz istəsəniz belə, övladlarınız razı olar?

- Övladlarım məni başa düşərlər. Biz hər şeyi bölüşürük. Kimsə Hikmətin yerini doldura bilməzdi axı. Heç kimi acılamaq istəmirəm. Xasiyyətində, oturuş-duruşunda heç kim Hikmətə oxşaya bilməz. Tutaq ki, Allah göstərməsin, həyatımda yenilik olardı. Məsələn, efirdə deyərdilər ki, Nailə Mirməmmədli ikinci dəfə ərə getdi. Təsəvvür edirəm ki, insanların gözündən necə düşərdim.

-Yəni, daha çox cəmiyyətin qınağından narahatsınız...
 
- Əlbəttə, narahatam. İstəyirəm bacardığım qədər nümunə olum. Bu mənə stimul verir. Hərəkətlərimlə fəxr edirəm ki, mən kiməsə nümunə ola bilirəm. Desinlər ki, bax görürsən, özü tək üç övladını necə böyüdə bildi. Deməli, mümkündür. Allaha bağlılığın varsa, sən tək bacara bilərsən.

- Nailə xanım, bu, neçənci siqaretdi ki yandırdınız...Nisə Qasımova siqareti özünə yeganə dost bilir, bəs siz?

- Bunu mənə Hikmət öyrədib. Elə adam var bilmir ki, mən siqaret çəkirəm. Adamlar arasında çəkən deyiləm. Eləsi də var elə bilir ki, Hikmətdən sonra çəkməyə başlamışam. 42 yaşımda oğlumu itirdim. Ondan sonra siqaret çəkməyə başladım. 42 yaşımda ad günü elədim, sonra oğlum rəhmətə getdi. Bir tərəfimi iflic vura bilərdi. Dərmanlar təsir etmirdi. Daha güclüsünü yazırdılar, yenə xeyri olmurdu. Hikmət özü mənə öyrətdi ki, bu səni sakitləşdirə bilər. Mən mentol siqaretdən başladım. Masanın üstündə kül qabı olanda evdə qırğın olurdu. Hikmətə həmişə deyirdim ki, at da bu zəhrimarı. Deyirdi, sən ağ günə çıxmısan. Atan "Avrora" çəkirdi, mən filtirli çəkirəm. Gör nə qədər fərq var. Atam da çox siqaret çəkən idi. Allah heç bir anaya övlad itkisi qismət eləməsin. Çox böyük dərddir... Ancaq dərk edəndən sonra ki, İmam Hüseyndən artıq deyil...Oğlum da seyid Hüseyn olub. Allahın əmri ilə barışmalısan. Nə qismətdirsə, odur.

-Nailə xanım, bəs Sizin Hikmət müəllimlə tanışlığınız necə olub? Hamı sizi qohum bilir...

- Allah elə düzüb-qoşub ki... Ali məktəbdə oxuduğum vaxt "Xəyal" instrumental ansamblına dəvət almaya da bilərdim. Dəvət alsam da, atam qoymaya bilərdi. Oranın direktoru atamın tanışı olmasaydı, qoymayacaqdı. Dəvət alıb getdim o ansambla. Hikmət əsgərliyi bitirib oraya uşaqlarla elə-belə görüşə gəlməsəydi... Tamamilə təsadüf idi. Əsgərlikdən qabaq oranın pionoçusu olmuşdu. Oraya gələndə ansamblın üzvləri, qızlı-oğlanlı hamısı üstünə qaçıb, öpüb-qucaqlayırdılar. Özüm də qısqanırdım, deyirdim bu kimdi belə, bunu nə çox istəyirlər... Ansamblda piano bir dənə olur. Fikirləşirdim ki, bu gəlibsə, ya məni çıxaracaqlar, ya da özüm gedim. Hikkəmə salıb dedim ki, daha atam qoymur, gəlməyəcəm. Dedilər, Filarmoniyada konsert olmalıdır, sən repertuarı bilirsən, Hikmət təzə gəlib. Hikmət də deyirdi ki, əsgərlikdə piano çalmayıb, barmaqları taxta kimidir. Dedi siz konserti yola verin, sonra danışarıq. Belə razılaşdıq ki, konsertin repertuarını ona mən öyrədim. Yarısını mən ifa etdim, yarısını o. Dost olduq. Hikmət deyirdi ki, işə düzəlməlidir, ansamblda qala bilməz. İşə düzəlib evlənəcək. Məndən özüm kimi bir qız tapmağımı istədi. Mən də o qədər key idim ki, neçə vaxt Hikmətə özüm kimi qız axtarmışam... Tələbə yoldaşlarımdan tutmuş, qohumlarıma qədər. Deyirdim axı tapdıqlarım mənim kimi deyil. Sən deyirsən ki, həm musiqini dərindən bilsin, həm sənin kimi qarabuğdayı olsun. İkisi bir yerdə olmur axı. Sonra başa düşdüm. Romantik sözlər- zad demədi. Sadəcə dedi ki, sabah sənin ad günündü, istəyirəm bizimkilər sizə gəlsin. O ad günümə həmişə nəsə fikirləşirdi. Sonuncu dəfə ad günümdə torpağa tapşırıldı. Bu da onun bir hədiyyəsi... Bilmirəm buna nə yazı deyim... Ad günü keçirmirəm daha... Həmin gün imam ehsanı veririk. 22, ya da 23 mayda evdə qazan asılır, xörək bişirilir, molla çağırılır. Qəbir üstə gedib-gəlirik.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.