Şou-biznes

"Elə bil içimdə bığlı bir kişi yatır, burnunu sındırdığım kişiciklərin..."

21 Oktyabr 2024 14:34
Baxış: 1 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Öncə çox soyuq başladı söhbət. Amma bir qədər sonra Zarinanın iç dünyasını görə bildim. Kişi kimi davranan qadının könlünün pıçıltılarını eşitdim.

Milli.Az lent.az-a istinadən adətən kişi məclislərində dediyi meyxanalarla tanınan, müğənni Zarina ilə müsahibəni təqdim edir:

-    Öncə onu soruşum ki, Zarina əsl adınızdı?
-    Yox. Əsl adım Zərrintacdır. Dilə asan yatsın deyə Zarina oldum.
-    Buzovnada doğulmusunuz. Adətən Bakı kəndlərinin  insanları bir az daha mühafizəkar olurlar. Nə əcəb sizin meyxana deməyinizə, kişi məclislərinə getməyinizə icazə verdilər?
- Atam razı olandan sonra kim nə deyə bilərdi? Qardaşım narazı olmuşdu. Anam ona çox sonralar qorxa-qorxa demişdim. Bir bacı, bir qardaşıq. Atama dedim. O da razılıq verdi. 20 yaşımda başladım oxumağa. Evin ərköyün qızıydım, dedi "sənə güvənirəm, qızım get". Əzəlin bir mahnısı ilə başladım, "Ağa gözəl". Bir günün içində populyarlaşdı, dillərə düşdü. 
- Kişi məclisləri ilə başlamaqdan qorxmadınız?
- Yox. Kişilərlə ünsiyyət asandır. Özümü qorumağı yaxşı bacarırdım. Axı mən sənətə gəlməzdən öncə idmançıydım. Cüdoyla məşğul olmuşam. Kəllə atmaqdan öz burnum da qırılıb.
- Çox burun qırmısınız?
- Burnunu qırdığım kişiciklərin sayı-hesabı yoxdur. Tək toyda olmayıb həm də.
- Kişi məclislərinə gedəndə yanınızda mühafizəçi, sizi qoruyan olur?
- Yox. Mühafizəçim də özüməm, silahım da. 99 faiz yola vermişəm,  amma olub da döyməli də olmuşam. Başımdan bir tük əskik olsa, yüzlərlə qardaş köməyimə gələr. Yetər ki bir kəlmə deyim. Qeyrətimi çəkəcək yaxşı qardaşlar çoxdur. Azərbaycanı qeyrətli oğulları var. Həm burda, həm Moskvada, məni məndən çox qoruyurlar, sağ olsunlar yaxşı kişilərimiz var. Bir zəngim bəsdi. Zarina ayağını yerə vurmasın, vursam  ətrafımda çəpər olarlar. Allah qeyrətli oğullara ömür versin, yaxşı kişilərimiz nə yaxşı ki var.
- Ailəlisiniz?
- Ailəli idim. Ayrıldıq. Bir qızım var. Atam rəhmətə gedəndən sonra ailəmin yükü çiynimdədir.
- Qardaşınız da var axı.
-  Həbsdədir. Dustaq bacısıyam. Bu da asan bir şey deyil.
- Niyə ayrıldınız?
- Boşanan qadınların çoxu deyir ərim narkoman idi, nə bilim xəyanət edirdi, döyürdü, boşandım. Yox, bu dəfə tərk edilən mən oldum. O mənim əvvəlim və sonumdur. Gözümü onunla açmışam da. Fikir ayrılığı oldu.
- Meyxana deməyinizə necə baxırdı?
- Hər kişinin arvadı meyxanaçı olur bəyəm? (gülür)
- İndi münasibətiniz necədir?
- Dost kimi.
- Sevib ailə qurmuşdunuz?
- Həm də necə. Dəli kimi sevmişəm onu. Bir məclisdə tanış olmuşduq. Məclislərinə çağırmışdı məni. O, Sankt-Peterburqda idi, mən Bakıda. Rusiyanın yollarını su yoluna döndərmişdim. Elə bil Qara Qarayev və Əzizbəyov metrostansiyaları arasında gedib gəlirdim. 
- Kənardan çox sərt, kişi kimi görünən bu qadının bir romantik tərəfi də varmış?
- Əkizlər bürcüyəm, ruhumdakı kişini öldürə bilmirəm, elə bil içimdə bığlı bir kişi yatır (gülür). Amma romantik tərəfim tutanda da üzümü görmə. Darıxan kimi durub qaçırdım Rusiyaya. 
- Evlilik təklifini siz eləmiş olarsınız...
- Hə mən eləmişdim (gülür).
- İndi harada yaşayırsınız? 
- Moskvada yaşayıram 5-6 ildir. Anam, qızım və bir də həm qızıma, həm mənə analıq edən rəfiqəmlə birlikdə.
- Bakıya toylara neçəyə gəlirsiniz?
- Gəliş-gediş bileti məndən olanda 3000 dollara 2-3 saat oxuyuram. Özüm Bakıda olanda 1500 manata.
- Meyxananı bədahətən deyirsiniz ya yazırsınız öncədən?
- Yox. Mən meyxanaçı deyiləm axı. Meyxanamın sözlərini başqaları yazır. Əsasən də dostum Tural Hüseynov. O yazır mən oxuyuram. Mən şair deyiləm.
- Bir ara Turalla münasibətləriniz var dedilər. Tural sizin nəyinizdir? 
- Onu Turaldan soruşun.

Bayaqdan yanımızda oturan Tural bu suala gülərək cavab verir:
-  Zarina ilə iki qardaşıq. Onun kişi kimi ürəyi var. Deyilənlər hamısı boş söhbətdir. Bizi tanıyanlar necə münasibətimiz olduğunu yaxşı bilirlər. Bizimki qadın-kişi dostluğu deyil. Biz ikimiz də kişiyik.
- Qazanc Rusiyada yaxşıdır, ya burada?
- Rusiyada qazanc da yaxşıdır, azərbaycanlılarım da. Tamamilə fərqli dünya görüşündədirlər. Əvvəllər deyirdilər "Rusiyyətdən qız almarıq". İndi hamı ordakı soydaşlarımızın qızlarını almağa çalışır. Demirəm burada pisdi, əsla, amma orda daha yaxşıdır.  Nəsə e... Bu barədə danışılası çox şey var.
- Şou-biznesdə intriqaya düşmüsünüz?
- Yox, hamıdan uzağam.
- Heç "toyunu vuranlar" olub?
- Mənim qabağımı Allah kəsməsin.
- Dolanışığınız necədir bəs?
- Olanda olur, olmayanda olmur. Hər ay toyum olmur.
- Hər gün işlədiyiniz məkanın var?
- Yox. Sifariş gələndə gedirəm məclis aparmağa.
- Əlavə biznesiniz necə?
- Yoxdur. Bir ara gözəllik salonu açdım, işlədə bilmədim. Bu böyük pullar tələb edir. Mənə heç kimdən heç yerdən dəstək yoxdur.   
- Sevgiliniz də yoxdur?
- Deyirlər heç vaxt heç vaxt demə. Amma elə bir fikrim niyyətim yoxdur. Nə sevmək arzum var, nə də sevilmək.
- Ev işləri görürsünüz? 
- Qadın deyiləm? Hansı azərbaycanlı bilmir? Ən sevdiyim iş təmizlikdi. Ütü  ilə aram yoxdur. Nənəm deyərdi qızın təmizliyi darağı ilə duz qabısından bilinər. Qulağımda sırğa eləmişəm.
- Həmişə belə kişivari geyinirsiniz?

-  Yox, ailə məclislərimizdə bəzənib-düzənirəm.
- Ən böyük arzunuz nədir? 
- (Fikrə gedir) Arzum odur qızımı oxutdurum o baxsın mənə.
-  Yorulmusunuz sanki.
- Həm də elə yorulmuşam ki... Çiynimdə elə ağır bir yük var deyirəm kaş ki, kimsə mən ayaqqabılarımın bağını bağlayana qədər, 5 saniyəlik o yükü çiynimdən alıb sonra qaytara. Heç kimə bunu arzulamıram.
Hamı elə bilir çox bəxtəvərəm, etinasız, dərdsiz qəmsiz adamam. Kimin başqasının yaşadıqlarından xəbəri var? Evin həm kişisi, həm qadınıyam. Xəstə anam, dustaq qardaş, dağ boyda ata itirmişəm. Sonra deyirlər geyinmir, bəzənmir. Hansı günümə bəzənim?
Kişi məclisində hamı məndən çəkinir. Sərt, qaşqabaqlı. Amma həyatda o deyiləm. Mənə yalan demə, arxamdan iş görmə, çıx başımda. Məni ən sındıran şey yaxınlarımdan zərbə almaq olardı.
-  Heç yaxınlarından zərbə almamısan?
-   Eh, mən buralara yıxıla-yıxıla gəlmişəm (məşhur mahnısını zümzümə edir). Özümdə sevdiyim şey mübarizə aparmağımdır. Dizimin qanını silib, dururam ayağa yoluma davam edirəm.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.