Rusiya

Rusiya ordusu üçün Qarabağ dərsləri: Qafqaz dağlarında PUA-lara qarşı seriya təlimlər...

3 Noyabr 2021 16:16
0 Şərh     Baxış: 1 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Müdafiə Nazirliyi Qafqaz dağlarında və Krımda hava hücumundan müdafiə sistemlərinin dağlıq şəraitdə pilotsuz uçan aparatlara qarşı imkanlarını öyrənmək və sınaqdan keçirmək üçün seriya hərbi təlimlər keçirib. Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda "İzvestiya" bildirir.

Qəzet yazır ki, Qarabağdakı 44 günlük müharibə dağlıq şəraitdə gedən döyüş əməliyyatları zamanı dronların xüsusilə təhlükəli olduğunu göstərib: relyefə görə onları aşkarlamaq və vurmaq çox çətin olur. Ona görə də təlimlərdə Rusiyanın hava hücumundan müdafiə sistemlərinə PUA-larla kütləvi hücum edilib və onların radioelektron mübarizə vasitələri, zenit-raket kompleksləri ilə sıradan çıxarılması imkanları öyrənilib. Ekspertlər isə deyirlər ki, dağlıq şəraitdə ancaq bütün bölmələrin uzlaşdırılmış fəaliyyəti ilə dronlara qarşı mübarizə aparmaq olar.

Rusiya Müdafiə Nazirliyi belə təlimlərin keçirildiyini elan etməyib, amma qəzet nazirlikdəki mənbələrdən öyrənib ki, Krımda və Qafqaz dağlarında keçirilən təlimlər zamanı Hava Hücumundan Müdafiə və radioelektron mübarizə bölmələri PUA-ların hücumlarına qarşı yeni taktikanı sınaqdan keçiriblər. Təlimlər döyüş şəraitinə maksimal yaxınlaşdırılmış şəraitdə keçirilib, bu zamanlar dronlara təpəliklərin arxasında və ya dərələrdə gizlənərək hədəflərə yaxınlaşmasına imkan yaradılıb. Mənbələr təlimlərin nəticələrinin "uğurlu olduğunu" bildiriblər.

Qaraçay-Çərkəz muxtar respublikasında, Kobu-Başi poliqonunda keçirilən belə təlimlərdən birində Cənub Hərbi Dairəsinin 49-cu ümumqoşun ordusunun dağ motoatıcı bölmələri şərti düşmənin dron hücumunun dəf edilməsini məşq ediblər. Bu zaman "Tunquska-M1" zenit-pulemyot kompleksindən və "Strela-10" zenit-raket kompleksindən, "Jitel" radioelektron mübarizə kompleksindən istifadə edilib.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin hərbi sənaye kompleksinin və Müdafiə Nazirliyinin rəhbərliyinin iştirakı ilə PUA-larla bağlı xüsusi müşavirə keçirmişdi.

Hərbi ekspert Viktor Muraxovski "İzvestiya" qəzetinə deyib ki, dağlarda ən sadə zərbə dronları belə bir sıra üstünlüklər əldə edir və radarlar, optik vasitələr onları dağların arxasından görə bilmir. Nəticədə dronlar göməz hücum, o cümlədən hava hücumundan müdafiə sisteminə hücum üçün yaxşı şans qazanır, müdafiə olunan tərəfin cavab reaksiyası üçün vaxtı az olur. Ona görə də dronlara qarşı mübarizədə həm uzaqmənzilli radarlara malik təyyarələr, həm yerüstü qüvvələr tətbiq edilməlidir. Yerüstü radarları təpələrin üstündə, effektiv şəkildə yerləşdirmək lazımdır. Habelə yüksəkliklərdə döyüşçüləri yerləşdirməklə binoklların köməyi ilə vizual müşahidə aparılmalıdır. Hətta snayperlər də bu mübarizəyə cəlb olunmalıdır. Ekspert deyib ki, Qaraçay-Çərkəzdə keçirilən təlimlərdə məhz belə dəstə formalaşdırılıb.

Qəzet yazır ki, ötən il Qarabağdakı döyüş əməliyyatları dronların Rusiya üçün də necə təhlükəli ola biləcəyini göstərdi. Həmin müharibədə Azərbaycan "Bayraktar TB2" zərbə PUA-larından, İsrail istehsalı olan müxtəlif kamikadze-dronlardan, hətta Türkiyənin istehsalı olan kiçik "Kargu-2" kamikadze-kvadrokopterlərindən istifadə edib. Dronların köməyi ilə düşmənin zirehli texnikası, artilleriyası və hava hücumundan müdafiə vasitələri məhv edilib. Ona görə də Rusiyanın hava hücumundan müdafiə sistemi təkmilləşdirilir, bu yaxınlarda keçirilən "Qərb-2021" təlimlərində hava hücumundan müdafiənin yeni idarəetmə sistemi tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.