Siyasət

Ermənistan Qafqaza yeni güc cəlb etmək istəyir - Rusiya nə edəcək?

14 Oktyabr 2021 11:15
Baxış: 2 243

"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dünən hindistanlı həmkarı Subramanyam Cayşankarı qəbul edib. Bu, Hindistanın XİN rəhbərinin Ermənistana ilk səfəridir. Ümumiyyətlə, Hindistanın ilk xarici işlər naziridir ki, Ermənistana səfər edir".

Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Rusiya Qafqaza kənar qüvvələrin müdaxilələrin qarşısını almaq üçün tədbirlər görür:

"Bu cür tarixi bir məqamda maraqlıdır ki, Paşinyan Moskvaya çağırılıb və Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşdə iştirak edib. Müşahidələrimiz onu göstərir ki, Kreml Qafqaza digər aktyorların daxil olmasından narahatlıq hissi keçirdir və bu məqam çox aydın şəkildə özünü göstərir. Buna misal kimi minalanmış ərazilərin xəritələrinin və sxemlərinin erməni diversantlarla dəyişdirilməsi prosesində də Gürcüstanın, eləcə də Avropa İttifaqı Şurasının, ABŞ Dövlət Departamentinin bu məsələdə təşəbbüs göstərməsindən sonra Rusiyanın sülhməramlıları və ümumiyyətlə Rusiya tərəfi bu cür sövdələşmədə iştirak edib və dərhal Rusiya regiona ciddi şəkildə müdaxilə edərək Ermənistan ilə Azərbaycan arasında vasitəçilik imkanlarını gücləndirib. 

Son dövrlər həm də Gürcüstanın Ermənistan və Azərbaycan arasında sülhməramlı niyyətini və xoşməramını qeyd edə bilərik. Aydındır ki, Gürcüstan öz təşəbbüsü ilə bütün bunları etmir. Uzun illər ərzində siyasi leksikonda dolaşan "Qafqaz evi" ideyası bu gün ortaya çıxmayıb. Burada rəsmi Tiflis öz vasitəçilik imkanlarını irəli sürməklə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, stabilliyin qorunması istiqamətində həm də bir sıra geosiyasi qüvvələrdən müəyyən impulslar alır. Gürcüstan bununla həm sülhün qorunması istiqamətində öz niyyətlərini bəyan edir, digər tərəfdən həm də Qərbin müsbət siyasi istiqamətdə xallarını qazanmaqda maraqlıdır ki, üzvü olmaq istədikləri strukturlara daxil olmaq fikirləri aydın şəkildə ifadə olunsun. 

Digər maraqlı məqam da bundan ibarətdir ki, hindistanlı nazirin İrəvan səfərinin də öz maraqları var. Çünki Pakistan dövləti Azərbaycana müharibə zamanı çox ciddi siyasi dəstəyi oldu və Pakistanın baş naziri İmran Xanın Vətən müharibəsi dövründə Azərbaycanı dəstəkləyən beynəlxalq hüququn fundamental norma və prinsiplərinin tərəfdarı olduğunu bildirən bir sıra siyasi açıqlamaları oldu. Eyni zamanda 44 günlük müharibədən sonra da Azərbaycanla Pakistan arasında hərbi sahədə bir sıra təmaslar quruldu, Xüsusi Təyinatlıların təlimləri keçirildi, Bakı Bəyannaməsi imzalandı, Xüsusi Təyinatlıların "Üç Qardaş" hərbi təlimi keçirildi və ciddi şəkildə Azərbaycanla İslamabad arasında əlaqələr intensivləşir və genişlənməkdədir. Bütün bunlar Hindistanı da yaxından mararqlandırır. Buna görə də Hindistanın XİN rəhbəri İrəvana səfər edir.

Bu səfər həm də onunla əlamətdardır ki, müharibə dövründə erməni millətçiləri və vətənpərvər qüvvələr Qandinin heykəlini yandırmışdılar və hələ də bu münasibətlərə aydınlıq gətirilməsə də Hindistanın xarici işlər naziri Ermənistana səfər edir və münasibətləri daha da dərinləşdirmək istiqamətində addımlar atır. 

Ümumilikdə regionda son dövrlər çox ciddi geosiyasi proseslər gedir, bir sıra geosiyasi aktyorların regiona nüfuz etməsi və burada öz maraqlarının ifadəsi istiqamətində addımları var. Regionda öz məsuliyyət zonasını elan edən Rusiyanın da bu müdaxilələrin qarşısını almaq, ATƏT-in Minsk Qrupu formatının yenidən dirçəlməsi və bu istiqamətdə danışıqların keçirilməsi ilə bağlı bəzi təşəbbüsləri var. Lakin rəsmi Bakı bütün bu müdaxilələri diqqətlə izləyir və milli maraqlarımız konteksində xarici siyasət kursu həyata keçirilir".

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.