Siyasət

Səfir: Yaponiya şirkətləri Azərbaycanın logistika sektoruna investisiyaları artıracaq - MÜSAHİBƏ - FOTO

12 Oktyabr 2021 09:14
Baxış: 424

Trend BİA-nın Yaponiyanın Azərbaycandakı səfiri Cüniçi Vada ilə müsahibəsi

İqtisadi münasibətlər

Səfirin sözlərinə görə, Azərbaycanla Yaponiya arasında iqtisadi münasibətlərin səviyyəsi hələ də gözləniləndən aşağıdır və COVID-19 pandemiyası da bu sahəyə öz təsirini göstərib:

"Yaranmış vəziyyəti yaxşılaşdırmaq üçün mən Yaponiya şirkətlərinin Azərbaycan barədə məlumatlandırılmasını aparıram. Şirkətlər üçün Azərbaycanda biznes imkanları barədə daha çox məlumat əldə etmək vacibdir. Mən 30 ildən çox Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyində işləmişəm və biznes üçün çoxsaylı imkanların yaradılması üçün səy göstərmişəm. Şadam ki, bu təcrübəmi Yaponiya ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsi üçün istifadə edəcəyəm".

Diplomat qeyd edib ki, 2020-ci ildə Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 100 milyon dollara yaxın olub:

"Bu göstəricinin daha da artacağı gözlənilir. 2022-ci ildə Yaponiya və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcək. Biz təkcə Bakıda deyil, həm də Azərbaycanın bölgələrində mədəniyyət tədbirlərinin keçirilməsini planlaşdırırıq. Ümid edirəm ki, bu, Yaponiya ilə Azərbaycan arasında münasibətləri möhkəmləndirəcək və ticarət dövriyyəsinin artmasına gətirib çıxaracaq".

İnvestisiya imkanları

Vada bildirib ki, Azərbaycan hökuməti vergi güzəştləri təqdim edən və nəqliyyat infrastrukturunu təkmilləşdirən azad iqtisadi zonanı inkişaf etdirir:

"Ona görə də biz Yaponiya şirkətlərinin Azərbaycanın logistika sektoruna investisiyalarının artmasını gözləyirik. Bundan başqa, mən hesab edirəm ki, iki ölkə iqtisadiyyatın kənd təsərrüfatı və turizm kimi sektorlarında əməkdaşlıq üçün böyük potensiala malikdir. Yaponiya hökuməti son onilliklərdə turizm sənayesinin inkişafına da kömək göstərib. Nəticədə 2020-ci ildə Yaponiyada xarici turistlərin sayı 1996-cı illə müqayisədə təxminən doqquz dəfə artıb. Yaponiyanın bu sahədə təcrübəsindən istifadə olunması Azərbaycanın turizm sektorunun həm özəl, həm də dövlət sektorunda təşviq olunmasına kömək göstərə bilər.

Kənd təsərrüfatına gəldikdə isə mən Azərbaycanın müxtəlif bölgələrində olarkən kənd təsərrüfatı məhsullarının keyfiyyətindən heyranlıq duydum. Məlum olduğu kimi, Yaponiya şirkətləri keyfiyyətli kənd təsərrüfatı texnikasına malikdir. Hesab edirəm ki, onlar bu texnologiyadan istifadə etməklə Azərbaycanda kənd təsərrüfatının gələcək inkişafına öz töhfəsini verə bilər".

Enerji əməkdaşlığı

Səfir vurğulayıb ki, enerji sektoru ikitərəfli iqtisadi münasibətlərin dayağıdır və iki ölkə bu sahədə mühüm uğurlar əldə etməkdə davam edir:

"Bu uğurlardan biri 2017-ci ilin sentyabrında Yaponiyanın neft şirkətləri ilə "Azəri-Çıraq-Günəşli" yatağı üzrə məhsul bölgüsü barədə sazişin müddətinin uzadılmasıdır. Bundan başqa, biz Azərbaycanda "Şimal" qaz elektrik stansiyası layihəsi, tibb avadanlıqlarının satın alınması üçün qrant verilməsi kimi rəsmi inkişaf yardımı layihələrini reallaşdırmışıq. Azərbaycanın 56 rayonunda təhsil, kənd təsərrüfatı, su təchizat və suvarma sahələrində 268-dən çox kütləvi qrant layihəsi reallaşdırılıb".

Humanitar və mədəni əlaqələr

Vada bildirib ki, Yaponiya dünyanın müxtəlif hissələrində mədəni və idman tədbirləri üçün bazaların inkişafını dəstəkləyir və bu, mədəniyyət və idman obyektləri üçün qratn yardımı və avadanlıqların təqdim olunması yolu ilə Yaponiya ilə dostluq münasibətlərinin dərinləşdirilməsinə, mədəni mübadilələrin fəallaşdırılmasına yönəlib:

"Azərbaycanda bu günədək 300 milyon yen (təxminən 2,7 milyon dollar) dəyərində ümumilikdə 13 layihə reallaşdırılıb. Bunun bir nümunəsi kimi 2017-ci ildə Bakı Dövlət Universitetinin yapon dili fakültəsində üç sinif otağının təmirini və yapon dilinin tədrisinin təkmilləşdirilməsi üçün zəruri avadanlığın verilməsini göstərmək olar. Biz qrant yardımının Yaponiya ilə Azərbaycan arasında mədəni mübadiləyə və dostluq münasibətlərinin dərinləşməsinə kömək etməsinə məmnun olardıq. Eyni zamanda Azərbaycanda tədris və idman münasibətləri ilə birgə layihələr reallaşdırılır".

İnfrastruktur layihələri

Səfirin sözlərinə görə, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) hazırda Azərbaycanda kiçik şəhərlərin su təchizatı və kanalizasiya layihəsini və elektrik enerjisi sistemlərinin tədqiqatını reallaşdırır:

"Ümid edirik ki, elektrik enerjisi sistemlərinin tədqiqatı Azərbaycanın enerji sektorunda investisiya imkanlarının genişləndirilməsinə yol açacaq. Yaponiya hökuməti bu layihə üçün 32,9 milyard yen, təxminən 509 milyon manat həcmində kredit ayırıb. Layihəni 2021-ci ilin sonunda başa çatdırmaq planlaşdırılır. Su təchizatı və kanalizasiya layihəsi Qobustan, Xızı, Xaçmaz, Qusar, Naftalan kimi beş bölgədə su təchizatı və kanalizasiya sistemini təkmilləşdirəcək. Bundan başqa, əvvəl xatırlatdığım kimi, bizim geniş kütlələr üçün qrantımız da su təchizati layihəsini dəstəkləyir. 2000-ci ildən biz su təchizatı sahəsində 100-ə yaxın layihənin reallaşdırılmasına kömək etmişik".

Tokioda 2020-ci il Yay Paralimpiya oyunları

Vada qeyd edib ki, 2020-ci il Yay Paralimpiya Oyunlarının keçirilməsinə aparan yol asan olmayıb:

"COVID-19 pandemiyası bizi böyük qeyri-müəyyənlik şəraitində yaşamağa vadar etdi. Əminəm ki, 2021-ci ilin avqust-sentyabr aylarında keçirilmiş Tokio-2020 Yay Paralimpiya Oyunları bütün dünyada insanlar üçün gözəl hədiyyə oldu. Oyunlar bütün dünyadan idmançıları və rəsmi şəxsləri bir yerə topladı və onlar milliyyətindən, cinsindən və ya əlilliyindən asılı olmayaraq bir-birini qəbul edib hörmət göstərdilər. İştirakının mümkünsüz hesab olunduğu Əfqanıstan idmançıları da müvafiq təşkilatların dəstəyi ilə Oyunlarda iştirak edə bildi. Tokio-2020 Paralimpiya Oyunları əngəlsiz dünyanın obrazını sərgiləyib".

Diplomat əlavə edib ki, Tokio-2020 Paralimpiya Oyunları bütün dünyada insanları fərqlilik və harmoniyanı tərənnüm edən gələcək barədə təsəvvürlərə ruhlandırdı:

"Yaponiya Paralimpiya Oyunlarından sonra inklüziv cəmiyyətin yaradılmasında aparıcı rol oynamaqda davam edəcək. Bu səylərin bir nümunəsi Abilimpiya oyunlarıdır . Yaponiya fiziki imkanları məhdud şəxslərin bacarıqlarının nümayiş etdirildiyi Abilimpiya hərəkatının beşiyidir və burada həmin şəxslərin peşəkar tədrisi üçün böyük səylər göstərilib. Beynəlxalq abilimpiya hərəkatının başlıca hadisəsi olaraq Beynəlxalq Abilimpiya Oyunları dörd ildən bir dünyanın müxtəlif şəhərlərində keçirilir. 2022-ci ilin mayında Moskvada 10-cu Abilimpiya Oyunlar keçiriləcək. Burada fiziki imkanları məhdud şəxslər 100-dən çox bacarıq müsabiqəsində iştirak edəcək. 2020-ci ilin dekabrında Azərbaycan Beynəlxalq Abilimpiya Federasiyasının üzvü olub. Koronavirus dünyada yayıldığı müddətdə sosial həmrəyliyin möhkəmləndirilməsinin əhəmiyyəti artır. Yaponiya COVID-19-dan sonrakı dövrün imkanların hər kəsə açıq olacağı daha inklüziv cəmiyyətə çevrilməsi üçün səylərini davam etdirəcək".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.