Siyasət

Rusiya "Üç qardaş"ın təlimindən diksindi - Qorxu, yoxsa...?

14 Sentyabr 2021 16:38
Baxış: 2 510

"Rusiya Ermənistan sərhədlərini öz sərhədləri kimi qorumaq istəyir, qoy qorusun. Azərbaycanın onsuz da Ermənistan sərhədləriə, yaxud da Ermənistan ərazisinə girmək məqsədi yoxdur".

Bunu Milli.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib. 

Politoloq bildirib ki, Klimovun belə aqressiv açıqlaması Türkiyə, Pakistan və Azərbaycan hərbiçilərinin birgə təlimləri ilə bağlıdır:

"Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün müharibə apardı və buna da nail olub. Bu gün yerdə qalan bəzi torpaqlar da Azərbaycanın torpağıdır və onu da işğaldan azad edəcək. Rusiya dövlət adamlarının, politoloqlarının iddialarının heç bir əsası yoxdur. Ona görə ki, Azərbaycan bu gün sadəcə 30 il bundan qabaq işğal edilən torpaqlarını azad edib və öz suverenliyini onun üzərində qurur. Amma digər, 30 ildən qabaq işğal olunmuş ərazilər də təbii ki, gələcəyin məsələsidir. 

Mənə elə gəlir ki, Klimovun açıqlaması eyni zamanda daha çox Ermənistanda daxili auditoriyanı sakitləşdirmək üçün Rusiya tərəfindən verilən bir mesajdır. Ona görə ki, Ermənistanda artıq 44 günlük müharibədən sonra çox böyük panikaya düşüblər, onlar elə hesab edirlər ki, Azərbaycan işğalda olan torpaqlarını azad etməklə dayanmayacaq və gələcəkdə daha böyük əraziləri - Qərbi Zəngəzuru, tarixi Azərbaycan ərazisi olan İrəvanı geri qaytaracaq. Ermənistanda elə bir fikir formalaşdırıblar, elə fobiya yaradıblar ki, guya Azərbaycan gec-tez Ermənistan ərazilərini işğal edəcək. 

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Andrey Klimov bu açıqlaması ilə elə təssürat yaradır ki, Azərbaycan həqiqətən də Ermənistanı işğal etmək istəyir, buna görə də Türkiyə və Azərbaycana xəbərdarlıq edir. Düşünürəm ki, Rusiyadan edilən bu xəbərdarlığın Azərbaycan üçün heç bir təhlükəsi yoxdur. Prezident İlham Əliyevin demişdi ki, biz nəyi, nə zaman etməyi çox gözəl bilirik. Zamanı gələndə Ermənistanda olan tarixi Azərbaycan torpaqları da işğaldan azad olunacaq. Klimov bir şeyi xatırlasın ki, Türkiyə də, Azərbaycan da həmin türkiyə və Azərbaycan deyil. Artıq Türkiyənin nüfuzu yetrincədir, Azərbaycan regional dövlətə çevrilir və getdikcə daha da sürətlə inkişaf etməyə nail olur. 

Aydın məsələdir ki, Rusiya törəfindən belə aqressiv açıqlama verilməyin bir səbəbi də, Azərbaycanda yeni başlayan Türkiyə, Pakistan və Azərbaycan hərbiçilərinin birgə təlimləri ilə bağlıdır. Rusiya bu təlimlərdən çox narahatdır. Eyni zamanda Əfqanıstanda baş verən hadisələr və Pakistanın gəlib burada təlimlərdə iştirakı görünür Rusiya tərəfindən çox böyük təhlükə kimi qəbul edilir. Çünki Əfqanıstan məısələsində Pakistan aparıcı rollardan birini oynayır. 

Düşünürəm ki, Klimov kimilərin sözünü özlərindən və onların Ermənistandakı tərəfdarlarından başqa heç kim eşitməyəcək və heç kim bundan narahat olmayacaq".

Qeyd edək ki, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Andrey Klimov, "Azərbaycanın NATO üzvü Türkiyə ilə yaxınlaşmasını necə dəyərləndirirsiniz?" sualını belə cavablandırıb: "Rusiya Ermənistan sərhədlərini öz sərhədləri kimi qorumağa davam edəcək. Rusiya həm özünü, həm də müttəfiqlərini müdafiə etmək qabiliyyətindədir. Heç kimə bunu praktikada yoxlamağı məsləhət görmürəm. Bu, heç kim üçün yaxşı nəticə verməz. Ankaradakı həmkarlarımız da bunu yaxşı bilirlər". 

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.