Siyasət

"Gördük azərbaycanlılar gəlir, qaçdıq" - Erməni könüllü danışdı

23 Fevral 2021 11:54
Baxış: 3 315

Bu, müharibə deyildi və indi anlayıram ki, qalib gəlməyimiz mümkün deyildi. Nəinki qalib gəlmək - sağ qalmaq çətindi o savaşda. Çünki bütün sahələrdə, hər baxımdan Azərbaycandan zəifdik, gücsüzdük. Başıpozuqluq, yiyəsizlik, ümumi komandanlığın olmaması, silah və sursat çatışmazlığı, texnika qıtlığı - bütün bunlar olan yerdə nədən danışmaq mümkündür ki?!

İrəvan sakini Tiqran Varaq "Civilnet" portalının reportyoru Tatul Hakopyana verdiyi müsahibəsində belə deyib.

Tiqran Varaq İrəvandakı "Armenian Geographic" turizm şirkətinin sahibidir.

O, oktyabrın 17-də bir dəstə könüllü ilə Qarabağa döyüşməyə yollanmışdı.

İkinci Qarabağ Müharibəsinə qatılan Tiqran az qala həyatının səhvini etdiyini söyləyib.

Onun dəstəsi Hadrut rayonundakı Susanlıq kəndi və Şuşa yaxınlığındakı Daşaltı ərazilərində hərbi əməliyyatlara qatılıb.

Daha doğrusu, üzvü olduğu könüllülər dəstəsi Azərbaycan Ordusunun zərbələri qarşısında sürəkli geri çəkilib və heç bir döyüşdə olmayıb.

"Müharibə başlayan ilk gündən əsgərlərimiz üçün yardımlar toplayıb səngərlərə aparırdım. Ərzaq, su, siqaret, dərmanlar və s. Sonra yataq dəstləri apardım. Oktyabrın 17-də isə könüllü kimi döyüşlərə yollandım", - T.Varaq söyləyib.

Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin çağırış məntəqəsində formalaşdırılan könüllülər dəstələrinə ilkin mərhələdə hərbi hazırlıq təlimləri keçiriləcəyi deyilib. Fəqət, heç bir təlim olmayıb və onları birbaşa İrəvandan Qarabağa aparıblar.

"İki gün çağırış məntəqəsində gözlədik. Dedilər hərbi uniforma, silah, sursat verəcəklər. Heç nə vermədilər. Təlim də olmadı. Elə birbaşa Qarabağa aparıldıq. Düz səngərə", - T.Varaq bildirib.

Tiqranı və dəstədəki 32 nəfəri əvvəlcə Hadrutun Azıx kəndinə, oradan da Tuğa aparıblar. Çox pis hazırlanmış səngərlərdə bir blindajda yerləşdirilən T.Varaqın sözlərinə görə, top atəşlərindən nə edəcəkləri bilmirdilər.

Azərbaycan Ordusu yaylım atəşləri ilə səngərləri darmadağın edəndə T.Varaqı və könüllülərdən sağ qalanları Susanlıq kəndinin yaxınlığındakı mövqelərə aparıblar. 

Qarabağa yollanan ehtiyatda olan hərbçilərlə könüllülər üçün əvvəlcə hərbi təlim keçirilməliydi, lakin dəstəni birbaşa Qarabağa aparıblar: "Orada da vəziyyət çox pis idi. Daha doğrusu, bərbad idi vəziyyət - mərmi, raket, güllə yağışı altındaydıq. Kənd ön cəbhəyə dönmüşdü. Dedilər səngərlər, blindajlar var. Heç nə yoxdu. Yalandı hamısı. Gördük azərbaycanlılar durmadan, dayanmadan üstümüzə gəlir, geri çəkildik. Daha doğrusu, qaçdıq".

Tiqran daha sonra bildirib ki, dəstələrinə başqa dəstədən olan könüllülər qatılandan sonra yenə 32 nəfər olublar.

"Heç birimizin döyüş təcrübəsi yox idi. "Rasiya"lar yox, iriçaplı silahlar yox, idarəçilik yox, komandanlıq yox, komandir yox... Baş nazir Nikol Paşinyan və ətrafındakılar elə danışırdılar ki, onlara inandıq. Elə bilirdik güclü ordumuz var, könüllülərə ehtiyac yoxdur. Amma sonra Paşinyan Facebook səhifəsində yazdı ki, könüllülərdən ibarət dəstələr yaradın, döyüşə yollanın, orada aranızdan özünüzə komandir seçin. Əsl absurd idi. Həyatda ilk dəfə bir-birlərini görən 32 nəfər, kimsə kimsəni tanımır. Hamını birbaşa səngərə gətiriblər. Aramızdan necə seçəydik komandir? Hansısa mövqeni necə qoruyaydıq?", - T.Varaq söyləyib.

Onun dediyinə görə, hamı yalnız onu bilirdi ki, kənd istiqamətində hücum gözlənilir və müdafiə təşkil etmək lazımdır, lakin sərfəli mövqe tutmaq məsələsində fikir birliyi yox idi: "Biri deyirdi, bura qalxmalıyıq, o birisi deyirdi - xeyr, yanlışdır, ora getməliyik. Dəstəmiz də uzun müzakirədən sonra iki hissəyə bölündü. Yarımız dedi "gedirik", o biri yarı dedi "xeyr, heç hara getmirik". Yanımızda bir zabit də yox idi ki, komandalar versin, nə etmək gərəkdiyini desin. Nəhayət, qərara gəldik ki, iki kənd arasında ucalan dağın başında mövqe tutaq. Sonradan məlum oldu ki, bu, Füzulidən Şuşaya doğru yoldur".

Dəstə dağın ətəyində mövqe tutur. Gecə düşəndə isə növbə ilə qarovulda dururlar.

Lakin hər tərəfdən atəş açıldığından onlar səhərədək qorxu içində olurlar: "Bilmirdik bizimkilər atəş açır, ya onlar".

Səhər açılır və mövqelər yenə hazırlanmır. Şər qarışanda isə T.Varaqın olduğu dəstədə bir erməninin mobil telefonuna zəng gəlir ki, bəs 10 dəqiqə ərzində geri çəkilməlidirlər, yoxsa azərbaycanlılar onları məhv edəcək.

"Tez-tələsik, qutularla müdafiə olunmaq üçün apardığımız silah-sursatın böyük hissəsini qoyub qaçdıq. Gecə ilə apara bilməzdik, bilmirdik hara və niyə gedirik. Qonşuluqdakı dəstə də heç nə bilmirdilər. Xoflanmışdılar. Elə hey "Kəndə türklər girib! Türklər girib! Tuğu tutublar!" deyirdilər.

Ertəsi gün əslən Tuğdan olan bir zabit gəlir və "Kəndi geri aldıq!" deyir.

Sən demə, yalan danışırmış.

T.Varaqın olduğu könüllülər dəstəsindəkilər zabitə inanırlar, rahatlaşırlar.

Yatan kim, kabab çəkən kim - hamı mövqe tutmaq əvəzinə bekarçılıq edirdi.

"Axşam bizimkilərdən bir neçə nəfər kəndin aşağı hissəsinə endi və gördülər ki, türklər gəlir. Atışma başlandı və zabit generala zəng edir ki, neyləyək, cəmi 30 nəfərik, kəndi necə saxlayaq?", -Tiqran Varaq xatırlayır.

Az sonra onlara tez-tələsik Binə kəndinə tərəf geri çəkilmək əmr olunur.

Binə də boşalmışdı, kənddə cəmi 3-4 erməni qalmışdı. Tiqran təpəyə çıxanda Böyük Tağlardakı erməni mövqelərinin artilleriya atəşi ilə vurulduğunu, dağıdıldığını görür.

Yenə geri çəkilməyə başlayan dəstə yollanır Köhnəkənd istiqamətə. Onlara deyilir ki, Ziyarət dağının qarşı tərəfindəki Xtsaberd (Çaylaqqala, - red.), Hin Tağer (Köhnə Tağlar, - red.) də "artıq əldən çıxıb".

Tiqran Varaq daha sonra söyləyib ki, onun dəstəsi kimi yiyəsiz qalmış bir çox könüllülər silahını təhvil verib  İrəvana qayıdıblar. Onun dəstəsini və bir neçə eyni vəziyyətdə olan başqa dəstələri silahlarını təhvil verib Ermənistana qayıtmaq üçün avtobusla Əsgərana aparırlar.

Lakin Əsgəranda hərbi komandanlıq ehtiyat və könüllü döyüşçülərə təlim keçmək qərarına gəlir, ancaq 4-5 gün onlar heç kəsin yadına düşmür. Ondan sonra bir polkovnik gəlib 30 nəfərdən 9 nəfəri seçib özü ilə "Laçın meşələrini düşməndən təmizləməyə" aparır.

"Getdik başqa hərbi hissəyə və orada bu polkovniki biz daha görmədik. Heç bir döyüş hazırlığı keçmədik. 4 gün işsiz-gücsüz bekara keçirdik", - Tiqran Varaq xatırlayır.

Buradan Tiqran başqa döyüşçülərdən tərtib edilmiş dəstə ilə oktyabrın 31-də Şuşanın müdafiəsi üçün Daşaltı kəndinə göndərilir.

Lakin Tiqran Ermənistanın artıq uduzduğunu anlayır: "İrəvandakılar yenə yalan danışır, hansısa əks-hücumlardan, döyüşlərdən, gərgin atışmalardan bəhs edirdilər. Amma artıq bilirdim ki, məğlub oluruq. Çünki hər şeyi, nə baş verdiyi görmüşdüm",

Bu zaman Azərbaycan qoşunu artıq Şuşanın bir neçə kilometrliyində, Sığnax kəndinə daxil olmuşdu.

"Hər yandan müxtəlif silahlardan şiddətli atəş altında mövqe tutduq. 10 metr o yana, ya bu yana hərəkət etmək təhlükəli idi. Sığnax tərəfindən toplar fasiləsiz bizi vururdu. Bizim tərəfdən ilk günü cavab atəşi olub, sonra - sükut, mərmilər bitmişdi", - T.Varaq bildirib.

Tiqranın sözlərinə görə, noyabrın 3-də Azərbaycan Ordusunun birləşmələri Laçından Şuşaya və Xankəndinə gedən yolları bağlamışdılar.

O, daha sonra deyib ki, Azərbaycan Ordusunun birləşmələrini Sığnax tərəfdən Daşaltı istiqamətdə gözləsələr də, əsgərlərimiz Şuşaya Turşsu tərəfdən hərəkət etmişdilər: "Avtomat atəşi səsləri Şuşanın Laçın tərəfindən girəcəyindən gəlirdi. Noyabrın 4-də isə bizə yenə geri çəkilmək əmri verildi. Nikol Paşinyan noyabrın 9-da Facebook-da yazdı ki, "Şuşa uğrunda döyüşlər davam edir". Halbuki Azərbaycanın əsgərləri artıq noyabrın 6-da Şuşanı tam nəzarətə almışdılar".

Tiqran Varan aldadıldığını, yalanlara inandığını və buna görə təəssüfləndiyini vurğulayıb: "Onlar bütün Ermənistanı aldatdılar".

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.