Siyasət

"Moskva revanşist qüvvələrin hakimiyyətə gəlməsində maraqlı deyil"

21 Yanvar 2021 12:04
Baxış: 1 502

"Məncə, Ermənistanda revanşizm ideyalarına artıq yer yoxdur. Nə bunu dəstəkləyən sosial baza var, nə də bu istiqamətdə xarici legitimlik".

Bunu Milli.Az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloq bildirib ki, hazırda Ermənistanda ona alternativ müxalif siyasi fiqur və ya qüvvə yoxdur:

"Qərb şirkətləri tərəfindən keçirilən sosioloji sorğuların nəticələri göstərir ki, erməni cəmiyyəti Vazgen Manukyanın rəhbərlik etdiyi müxalifət koalisiyasına etimad göstərmir. Bu düşərgənin keçirdiyi mitinqlərin fiasko ilə nəticələndiyini də müşahidə etdik. Özlərini əsas müxalifət birliyi hesab etsələr də, İrəvanın mərkəzində keçirilən aksiyalara 5-10 min nəfərdən artıq insan iştirak etmədi. Üstəlik bu aksiyalar Paşinyana ictimai qınaq və nifrətin ən yüksək həddə olduğu dövrə təsadüf edirdi. Zamanla həmin münasibət mülayimləşməyə başladı. Nəzərə alaq ki, Moskva toplantısından sonra kommunikasiyaların açılmasına dair razılığın əldə olunması ilə Paşinyan hakimiyyətinin də mövqeyi qismən möhkəmlənə bilər. Bundan başqa həmin görüş həm də onu təsdiq etdi ki, Moskva revanşist qüvvələrin hakimiyyətə gəlməsində maraqlı deyil. Bunun fərqində olan müxalifət də baxışlarında kardinal dəyişikliyə getməyə məcbur qalmışdı.

Əslində Paşinyanı sevindirən əsas məqam odur ki, hazırda Ermənistanda ona alternativ müxalif siyasi fiqur və ya qüvvə yoxdur. Əks halda, növbəti parlament seçkiləri Paşinyanın siyasi karyerasının sonu ola bilərdi. Gedişat onu göstərir ki, qarşıdan gələn seçkilərdə Paşinyanın bloku böyük ehtimalla yenə qalib olacaq. Amma baş nazir postuna başqa bir namizədin gətiriləcəyi də ehtimallar arasındadır".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.