Siyasət

"Xankəndinin Azərbaycanın yurisdiksiyasına verilməsi müzakirə olunub"

12 Yanvar 2021 16:02
Baxış: 8 828

Moskva görüşünün ictimaiyyətə açıqlanan əsas məqsədi regionun 30 ildən çoxdur ki, bloklanmış vəziyyətdə olan iqtisadi və nəqliyyat əlaqələrini bərpa etməkdən ibarət olub.

Bunu Milli.Az-a açıqlamasında siyasi ekspert Fərid Əkbərov bildirib.

Ekspert bildirib ki, Xankəndinin Azərbaycanın yurisdiksiyasına verilməsi uzun zaman tələb etmir:

"Regionun 30 ildən çoxdur ki, bloklanmış vəziyyətdə olan iqtisadi və nəqliyyat əlaqələrini bərpa etməklə bağlı birgə bəyanatda konkret addımların atılması, baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrupun və ekspertlərdən ibarət alt işçi qrupların yaradılması, onlar qarşısında konkret vaxt və tapşırıqların qoyulması buna dəlalət edir. İctimaiyyətə açıqlanmasa da Laçın dəhlizində Azərbaycan əsgərlərinin müşahidə aparması, erməni silahlı birləşmələrinin DQ-dan tam çıxarılması, hələlik, ermənilərin, daha doğrusu Rusiyanın nəzarətində olan Xankəndi və digər rayonların tədricən Azərbaycanın yurisdiksiyasına verilməsi prosesi üçtərəfli görüşdə müzakirə olunub. Aydın məsələdir ki, bu qısa bir zamanda həll olunan məsələ deyil, amma uzun zaman da tələb etmir.

Qəbul olunmuş birgə bəyanatdan, Azərbaycan və Rusiya prezidentlərinin görüşün yekunları ilə bağlı çıxışlarından məlum olur ki, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. Baxmayaraq ki, Paşinyan münaqişənin sonacan nizamlanmadığını bildirərək şikayət edib, Xocavənddə diversiya törədən 62 erməni hərbçisinin qaytarılması məsələsinin həll olunmadığını bildirib, yenə də öz ampluasında qalaraq Dağlıq Qarabağın yekun "statusu"ndan danışıb. Paşinyan hətta bir az da irəli gedərək bu məsələnin Rusiya, Azərbaycan, Ermənistan üçtərəfli formatında deyil, Minsk Qrupu formatında həllinə hazır olduqlarını bəyan edib. Bununla da Ermənistan baş naziri üçtərəfli görüşdə onun təkliflərinin qulaqardına vurulduğunu bəyan etmiş olub".

F.Əkbərov deyib ki, Rusiya prezidenti "status" məsələsindən bir kəlmə də olsun danışmadı:

"Azərbaycan üçün digər önəmli məqam isə Rusiya Prezidentinin budəfəki çıxışında qətiyyən "status" məsələsinə toxunmaması idi. Xatırladım ki, 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Vladimir Putin müsahibə və çıxışlarında Dağlıq Qarabağın yekun status məsələsinə bir neçə dəfə toxunub. Lakin bu dəfə isə Rusiya prezidenti bu barədə bir kəlmə də olsun danışmadı. Məhz bunun nəticəsi idi ki, daim ermənipərəst mövqeyi ilə seçilən, Azərbaycanın ərazi bütövlüyünə qarşı tez-tez təxribatlara yol verən "Birinci" kanalının ("Pervıy" kanal) əsas xəbər buraxılışında yayımlanan üçtərəfli görüş barədə 12 dəqiqəlik süjetdə Azərbaycan xəritəsi uzun illərdən sonra ilk dəfə düzgün nümayiş olundu. Xəritədə daha qondarma rejimin "sərhədləri" qeyd olunmayıb. Hətta 44 günlük müharibədən sonra ermənilərin nəzarətində qalan ərazilərimiz belə bütünliklə bir rəngdə, Azərbaycan ərazisi kimi təqdim olunub.

Həmin süjetdə Azərbaycanın Ermənistan ərazisində istifadə etməklə Naxçıvan və Türkiyə ilə, Ermənistanın isə Azərbaycan ərazisindən istifadə etməklə Rusiya və İranla quru yol əlaqələrinin bərpa olunacağı xüsusi vurğulanıb. Azərbaycan prezidentinin qeyd etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb, indi gələcək haqqında, mehriban qonşuluq münasibətlərində yaşamaq haqqında düşünməyin vaxtıdır.

Paşinyan isə İrəvana əliboş qayıdır. Çünki Ermənistan üçün həm "status", həm də ki "62 nəfər vətəndaşının geri qaytarılması" məsələsi həll olunmamış qalır. Buradan da görünür ki, Moskva görüşünü, doğrudan da, vacib və faydalı hesab etmək olar. Müharibə bitib, amma mübarizə davam edir".

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.