Siyasət

Azərbaycan mümkünsüzü gerçəkləşdirdi - Yeni tarix yazılır

1 Dekabr 2020 11:56
Baxış: 1 431

"Laçınım, Laçınım, Laçınım mənim..."

Neçə-neçə vətən övladı bu torpaqların həsrəti ilə öldü, bu mahnının ifaçısı Məhəbbət Kazımov kimi. Artıq o həsrət bitdi, özü də bir ömürlük. Azərbaycan xalqının 30 illik vətən həsrəti 2020-ci ilin bu günü, nəhayət, tarixə qovuşdu. Artıq torpağı düşmən tapdağında olan məzlum, cılız xalq obrazından çıxdıq. 

Sentyabrın 27-də düşmənin növbəti təxribatı zamanı əks-hücuma keçən Azərbaycan ordusu ermənilərə heç zaman unutmayacağı bir dərs verdi. Qısa zamanda işğaldan azad edilən rayonlar, qəsəbələr, şəhərlər, yüksəkliklər ərazi bütövlüyümüzün bərpa olunacağı günün daha da yaxınlaşdığı ümidini artırırdı. Noyabrın 8-də Şuşanın işğalçılardan azad edilməsi isə Ermənistanın məğlubiyyətinin əsas səbəbi oldu. Saatlar sonra Ermənistan Azərbaycanın şərtləri ilə razılaşaraq məğlubiyyəti elan etməyə hazır olduğunu bəyan etdi. Noyabr ayının 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu.

Sənədlərə əsasən, noyabr ayının 20-də bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən Ağdam rayonu işğaldan azad olundu. Noyabrın 25-dək Kəlbəcər rayonu, dekabr ayının 1-də isə, yəni bu gün Laçın Azərbaycanın yuridiksiyasına qaytarıldı. Bununla da Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyuldu. Məhz döyüşdə qazanılan qələbə bu rayonların döyüşsüz təhvil verilməsi ilə nəticələndi. 44 günlük Vətən Müharibəsinin gedişatı, azad edilmiş ərazilərdə aşkarlanan nəhəng hərbi istehkamlar, məhv edilmiş və ya alınmış hərbi texnika, silah-sursat  açıq şəkildə nümayiş etdirir ki, Azərbaycan ordusunun qarşısında illər ərzində yüksək dərəcədə təşkilatlanmış güclü düşmən olub. Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Ermənistanın dünyada böyük havadarları, lobbi şəbəkəsi olan bir ölkə olduğu heç kimə sirr deyil. Buna misal kimi Vətən Müharibəsi müddətində bu kanalların heç vaxt olmadığı qədər fəallaşmasını və Azərbaycana qarşı ciddi təzyiq kampaniyasının keçirilməsi cəhdlərini demək kifayətdir.

II Qarabağ savaşındakı tarixi qələbəmizin əsas səbəblərindən biri də düşmənin qüvvəsinə düzgün qiymət verməyimiz oldu. Yaxşı bilirdik ki, Ermənistan 30 il ərzində işğal etdiyi Azərbaycan torpaqlarını bəlkə də dünyada ən güclü militarizasiya edilmiş bölgəyə çevirərək burada az qala hər kvadrat metri atəş altında saxlamağa imkan verən hərbi sistemlər qurulub. Ermənistan pulsuz əldə edilən hərbi texnika və sursatlar hesabına texniki baxımdan yüksək dərəcədə təminatlı orduya malik olsa da, 30 il ərzində qurduğu müdafiə sistemləri Azərbaycan ordusu üçün ciddi çətinliklər yaratsa da, ordumuzun düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri, Azərbaycan ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizam, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə etməsi, ən əsası isə Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbçilərinin yüksək mənəvi-psixoloji durumu bütün proseslərin önünə keçdi.

Azərbaycan ordusu məhz yuxarıda sadaladığım mürəkkəb amillərin mövcud olduğu şəraitdə parlaq qələbə qazandı. Bu qələbənin əsas memarı Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan əsgəridir. II Qarabağ savaşı itirdiyimiz torpaqlarla birlikdə, özgüvənimizi, qürurumuzu, millət olaraq birliyimizi bizə qaytardı. Artıq 30 ilə yaxın idi hər il qara təqvimlərlə "qeyd etdiyimiz" tarixləri çoxlarımız üçün mümkünsüz görünən qələbə günləri əvəz edir. Gözün aydın, Azərbaycan!

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.