Siyasət

Ordumuzdan Ermənistana növbəti zərbə - Düşmənin yalanı 44 gün çəkdi - FOTO

24 Noyabr 2020 12:07
Baxış: 4 401

44 günlük müharibədə Ermənistanın ən böyük məğlubiyyət səbəblərindən biri, bəlkə də birincisi özləridir. Düşmən ölkə 1990-cı illərdə daxildəki çəkişmələr, vətəndaş müharibəsi pik həddə çatan Azərbaycana qarşı torpaq iddiasından çıxış edərək yeni dağılan sovet ittifaqının silah-sursatı ilə təchiz olunaraq 20%-dən çox ərazilərimizi işğal etməklə yanaşı, əllərini minlərlə günahsız insanın qanına batırdılar. Üzərindən 30 il keçməsinə baxmayaraq 2 illik hakimiyyəti dövründə Azərbaycana qarşı yeni ərazi iddialarından çıxış edən, sərsəm bəyənatlar verən erməni baş nazir Nikol Paşinyan unutdu ki, dövran o dövran deyil.

Hər fürsətdə "Qarabağ Ermənistandır" deməklə ağzını şirin etməyə çalışan Paşinyan, acı günlərinin qarşıda olduğundan xəbərsiz idi. Qarabağ və ətraf rayonlar işğal olunduğu tarixdən bu yana Paşinyan və onun sələflərinin hakimiyyəti dövründə işləri-gücləri əliyalın azərbaycanlılar üzərindəki qələbəni mifləşdirərək yeni nəsillərə bu "qəhrəmanlıqlarını" sırımaq cəhdləri baha başa gəldi. Ermənistan cəmiyyətində "Azərbaycanlılar döyüşə bilmir", "Azərbaycanlılar qorxaqdırlar" kimi fikirlər Ermənistanı addım-addım kapitulyasiyasına yaxınlaşdıran məqamlardan biri oldu. Baxmayaraq ki, istər Aprel döyüşləri zamanı, istərsə də bu ilin iyul hadisələrində Tovuzda düşmən Azərbaycan Ordusunun gücünü gördü, nəyə qadir olduğunu hiss etdi, amma yenə də özlərini, xalqı inandıraraq başlarının altına yastıq qoymaqdan çəkinmədilər.

Düşməni döyüş meydanında zəlil edən Azərbaycan ordusunun tarixi qələbəsi bu gün siyasi müstəvidə də üstünlüyü ələ almasına gətirib çıxardı. Azərbaycan əsgərinin müqəddəs zəfəri işğala son qoymaqla yanaşı, Ermənistanın 30 illik yalanlarını da ifşa etdi. Bunu Azərbaycan ordusuna qarşı döyüşlərdə iştirak etmiş Ermənistan sakini, yerli biznesmen Vaan Kerobyan də etiraf etdi. O, erməni cəmiyyətinin ayılmağa başladığını, xalqın artıq ölkə rəhbərliyinin nağıllarına inanmadığını bildirib: "Bizə nağıl danışırdılar. Deyirdilər ki, biz güclüyük. Biz səhvən hesab edirdik ki, ordumuz çox güclüdür, istədiyimiz hər şeyi edə bilərdik. Amma, əslində, cəmiyyətdə heç kim real vəziyyəti bilmirdi. İndi biz layiq olduğumuz nəticəni almışıq".

"Mən buradan xain Paşinyana səslənərək demək istəyirəm ki, bizim övladlarımızı Qarabağda qırdırdınız. Bütün bunlara görə gec-tez qanun qarşısında cavab verəcəksiniz", - sözlərini isə II Qarabağ Müharibəsi zamanı Azərbaycan ordusu tərəfindən gəbərdilən erməni əsgərlərindən birinin valideyni İrəvanda Ermənistan Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyasında bildirib.

Yalanlar üzərində qurulan bir dövlətdən bundan artığını gözləmək axmaqlıq olardı. Ermənistan bu illər ərzində öz xalqını aldatmaqla yanaşı dünyanı da həqiqətləri təhrif edərək, saxta tarix yaradaraq "dənizdən dənizə Ermənistan" xülyaları ilə min cür yalanlarla ovsunlamağa çalışdı. Düşmənin belə yalanlarından biri Azərbaycan ordusunun Ermənistanın kapitulyasiyasına məcbur etdiyi 10 noyabr sənədlərindən sonra üzə çıxdı. İşğaldan azad edilən Kəlbəcərdə Azərbaycan ordusu tərəfindən ermənilərin "tarix" istehsal edən sexləri aşkarlanıb.

Bu sexdə erməni ustalarının özlərinə "qədim tarix" düzəltməklə məşğul olduqları məlum olub. Belə ki, onlar daşların üzərində qədim hərflər və görüntülər, xaç işarələri qoyaraq, onları bir müddət sirkədə saxlayıblar. Sirkənin təsirindən turşuma prosesi gedib və rəngini dəyişən "tarix nümunələri" qədim və köhnə görünüş qazanıb. Düşmənin sonra bu daşları Qarabağ ərazisində basdıraraq dünya ictimiyyətini çaşdırmağa çalışdığı təsdiqini tapıb. Bu cür erməni saxtakarlığına işğaldan azad edilən digər ərzilərimizdə də rast gəlinəcəyi istisna edilmir.

Prezident İlham Əliyevin xalqa son müraciətində düşmənin saxtakar əməlləri, qonşularına ərazi iddiaları ilə bağlı bu açıqlaması xüsusilə diqqət çəkdi: "Hesab edirdilər ki, onlar haqlıdır və saxta tarix yaradırdılar. İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa. Onlar özləri öz bəlalarının səbəbkarlarıdır".

II Qarabağ savaşı göstərdi ki, orduları barədə mifə, Azərbaycan ordusu haqda aşağılayıcı düşüncəyə elə ən çox da Ermənistanın hakim dairələri inanmışdılar. Lakin Azərbaycanın müzəffər ordusu kimin kim olduğunu, nəyə qadir olduğunu qısa bir zamanda sübut etdi və sonda Ermənistan baş nazirini biabırçı məğlubiyyətə imza atmağa məcbur etdi.

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.