Siyasət

Prezident İlham Əliyev: Biz həm döyüş meydanında, həm də siyasi müstəvidə özümüzü təsdiqləmişik

26 Oktyabr 2020 17:08
Baxış: 625

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu siyahını böyük məmnuniyyət və qürur hissi ilə xalqımıza çatdıran dövlətimizin başçısı deyib: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə, bu kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq mənim üçün böyük şərəfdir. Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız bütün işğal edilmiş torpaqlarda qaldırılsın".

Prezident qeyd edib ki, bu torpaqları bizim əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına azad edirik. "Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq. Bax yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq", - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti xalqa müraciətini bu sözlərlə tamamlayıb: "Əziz həmvətənlər, mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.