Siyasət

Prezidentə yazırlar: Hamımızın daxilində Sizin dediklərinizin həyata keçəcəyi ilə bağlı əminlik, rahatlıq var

15 Oktyabr 2020 18:51
Baxış: 831

Müzəffər ordumuzun cəbhədə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını müvəffəqiyyətlə alması, ard-arda qələbələr qazanması Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları tərəfindən böyük sevinclə qarşılanır. Onlar sevinc hisslərini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə yazdıqları məktublarda ifadə edirlər.

Milli.Az Trend-ə istinadən həmin məktubların bir neçəsini təqdim edir.

Süleyman Vəliyevdən, Ankara, Türkiyə

"Hörmətli cənab Prezident.

Doğma torpaqlarımızın mənfur erməni düşmənindən azad edilməsi münasibətilə Sizə özümün və hazırda Ankarada təhsil aldığım "Gülhane" Tibb Universitetinin tələbə və həkim kollektivi adından təbrik edir, həmçinin minnətdarlığımızı bildirir, uzun ömür və cansağlığı arzu edirəm.

İnanırıq ki, Azərbaycan Ordusu öz gücü və qüdrəti ilə tezliklə hazırkı qələbəni böyük qələbəyə çevirəcəkdir.

Sizin apardığınız daxili və xarici siyasəti dəstəkləyir, alqışlayırıq. Biz hər zaman Sizin və güclü Azərbaycan Ordusunun yanındayıq. Artıq bütün dünya bilir ki, Azərbaycanın davası haqq davasıdır. Vətənpərvərlik, qəhrəmanlıq, igidlik, ölməzlik, əbədilik zirvəsidir. Belə bir zirvəyə yüksəlmək, bu zirvəni qorumaq bizim hər birimizin müqəddəs vətəndaşlıq borcudur. Ehtiyac olarsa, hamımız cəbhəyə qoşulmağa hazırıq.

Cənab Prezident, Allah Sizə və ordumuza bu haqq yolunda yardımçı olsun. Biz birlikdə güclüyük. Qarabağ Azərbaycandır!"

Şövqi Qədirovdan, Ağdam, Azərbaycan

"Hörmətli cənab Ali Baş Komandan.

Sentyabrın 27-də düşmən təxribatına cavab olaraq Ordumuzun Sizin əmrinizlə başladığı əks-hücum əməliyyatları və ard-arda gələn tarixi uğurlar bir gənc müəllim kimi bizləri hədsiz qürurlandırdı. Bu gün xalqımızda müşahidə olunan milli ruh çox yüksəkdir. Sizin həm daxili, həm də xarici siyasətinizi ailəliklə bəyənir və dəstəkləyirik. Mən əminəm ki, qısa müddət ərzində Şanlı Ordumuz bizə Sizin rəhbərliyiniz ilə xoş xəbərləri verəcək. Allah Sizi və Vətən uğrunda şücaətlə vuruşan Ordumuzu qorusun".

Sevda Əkbərovadan, Bakı, Azərbaycan

"Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Hal-hazırda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən müharibə şəraitində dövləti əzmlə, layiqincə idarə etməyiniz bizlərə çox qürur verir. Sizin əzmkar iradəniz və hadisələri əvvəlcədən təhlil etmək qabiliyyətiniz sayəsində qələbəyə nail olacağımıza inanırıq.

Biz Sizinləyik və yanınızdayıq! Azərbaycan xalqı Sizi sevir və öz Prezidenti ilə fəxr edir!

Yaşasın Azərbaycan! Yaşasın onun Ali Baş Komandanı!

Qarabağ Azərbaycandır!"

Gülnar Muradovadan, Bərdə, Azərbaycan

"Möhtərəm cənab Prezident.

Siz hamımızın doğma, əzizi, qüdrətli Liderimiz, fəxrimizsiniz. Sizinlə hər birimiz qürur duyuruq. Allah Sizi millətimizə çox görməsin.

27 ildir Vətənimdən - Ağdamımdan ayrı düşmüşəm. Sizin sayənizdə bu həsrət sona çatacaq, İnşallah. Buna əminəm.

Sizə bizlərə bu xoşbəxtliyi yaşatdığınız üçün öz dərin minnətdarlığımı bildirirəm. Qarabağ Azərbaycandır! Xalq İlham, İlham xalqdır!

Vuran ürəyimiz, tökülən qanımız, axan göz yaşımız Vətənə qurbandır. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Yaşa Prezidentim, yaşa millətinlə baş-başa.

Mən bu misraları yazanda top, tüfəng səsindən ev titrəyir. Amma qorxmuruq, Sizin kimi dayağımız varsa, biz heç nədən qorxmuruq!

Siz var olduqca, bizlər də var olacağıq. Allah Sizi qorusun. Amin!"

Qiyas Əhmədovdan, Bakı, Azərbaycan

"Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Mən Xocalı rayonunun Kosalar kəndindən məcburi köçkünəm, hazırda Qəbələ rayonunda məskunlaşmışam. Çox-çox şükür edirəm ki, Azərbaycan xalqının Sizin kimi müdrik, dərin savadlı Prezidenti var. Mən və ailə üzvlərim Sizinlə fəxr edirik.

Bu gün hər bir azərbaycanlı Qələbəyə köklənib. Gözümüz yolda, qulağımız səsdədir. Hər an xoş xəbərlərin sorağındayıq. Sizin xalqa müraciətləriniz və işğaldan azad olunan yaşayış məntəqələrinin adlarını açıqlamağınız bizim üçün ən sevimli anlara çevrilir.

Cəbhədə qazanılan uğurlar münasibətilə Sizi və ailənizi ürəkdən təbrik edirəm. Yolunuz açır, uğurlarınız bol olsun!"

Camal Sadıqovdan, Lənkəran, Azərbaycan

"Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

İndiki müharibə şəraitində apardığınız məqsədyönlü siyasətinizi dəstəkləyir və Sizinlə fəxr edirik. Siz başda olmaqla, bütün Azərbaycan Ordusuna bu haqq yolunda yeni-yeni uğurlar arzu edirik.

İnanırıq ki, Sizin cəsarətiniz və qəhrəman Ordumuzun şücaəti xalqımızı uğurlu gələcəyə aparacaqdır. Bu şərəfli yolda hamımız Sizə arxa və dayağıq.

Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!"

Cankişi Qurbanovdan, Astara, Azərbaycan

"Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Azərbaycan bayrağının Hadrut qəsəbəsində dalğalanmasını izləyəndə hiss etdiyim xoşbəxtlik hisslərini sözlə ifadə edə bilmərəm. Bilirəm ki, bütün Azərbaycan xalqı, bütün qarabağlılar da həmin dəqiqələrdə mənim kimi xoşbəxt idilər.

Sizinlə, əsgərlərimizlə, birlik göstərən xalqımla fəxr edir, qürur hissi keçirirəm. Hamımızın daxilində Sizin dediklərinizin həyata keçəcəyi ilə bağlı əminlik, rahatlıq var. İnanıram, çox inanıram ki, hər şey gözəl olacaq".

Yüzbəy Abuyevdan, Qusar, Azərbaycan

"Hörmətli cənab Prezident.

Biz qusarlılar Sizin siyasətinizə, Ordumuzun gücünə, zəfər çalacağımıza inanırıq. Bu haqq yolunda bir addım belə geri çəkilməyəcəyik. Qüdrətli Ordumuzun cəbhədəki uğurları tarixi torpaqlarımızın işğalçılardan təmizlənəcəyinə və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacağına böyük əminlik yaradır. Əminik ki, xalqımız Sizin ətrafınızda həmişə olduğu kimi, sıx birləşərək mənfur düşmənlərimizə layiq olduğu yeri göstərəcəkdir.

Cənab Ali Baş Komandan, cəbhə bölgəsindən gələn ürəkaçan, şad xəbərlərə görə Sizə minnətdarlığımızı bildiririk. Bu yolda Sizə və rəşadətli Ordumuza güc-qüvvət, yeni böyük uğurlar arzulayırıq.

Zəfər bizimlədir, Qarabağ Azərbaycandır!"

Baba Səmədovdan, Şəki, Azərbaycan

"Möhtərəm cənab Ali Baş Komandan.

Qısa zaman kəsiyində mənfur düşmən üzərində qazanılan uğurlar münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Allah qoysa, tezliklə bütün Qarabağın azad ediləcəyinə, şanlı Ordumuzun zəfər çalacağına əminik. Ən böyük arzumuz odur ki, üç rəngli bayrağımız Xankəndidə, Şuşada dalğalansın. Bu çətin və şərəfli işdə Sizə uğurlar diləyirəm. Qəti əmin ola bilərsiniz ki, xalq Sizin ətrafınızda çox sıx birləşib.

Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bizim əzəli torpağımızdır.

Qarabağ Azərbaycandır!"

Almaz Abışovdan, İmişli, Azərbaycan

"Cənab Ali Baş Komandan.

İşğal altında olan torpaqlarımızın bu günlərdə Sizin vahid komandanlığınız altında erməni terrorçulardan azad olunması xəbəri məni çox sevindirdi. Ona görə ki, 1991-ci ilin noyabr ayında Qarabağ uğrunda gedən qanlı döyüşlərdə mən dörd nəfər həmkarımla birgə həmin ərazidə vuruşmuşuq. Döyüşçü dostlarımdan biri Azərbaycanın Milli Qəhrəmanı İmamverdi Əliyev idi.

Ovaxtkı rəhbərliyin siyasi səriştəsizliyinin acı nəticəsi olaraq, bir çox torpaqlarımızı itirdik.

Cəbrayıl rayonu və Hadrut qəsəbəsinin bu günlərdə işğaldan azad edilərək, həmin ərazilərdə Azərbaycan Bayrağının sancılması xəbəri məni sevinc göz yaşlarına qərq etdi. Çünki mən özüm də o ərazidə yaralanmışam. Bu gün təkcə mənim silahdaşlarım fərəhlənmir, eyni zamanda, həmin ərazilərdə şəhid olanların ruhları şad olur.

Cənab Prezident, bütün bunları bizə yaşatdığınıza görə Sizə və qüdrətli Ordumuza öz adımdan və İmişli rayon polis şöbəsinin əməkdaşları və veteranları adından sonsuz minnətdarlığımızı bildiririk. Biz həmişə Sizinlə bir yerdəyik. Allah Sizə yar olsun!"

Tağı Məmmədovdan, Bakı, Azərbaycan

"Cənab Ali Baş Komandan.

Sizin rəhbərliyiniz altında Azərbaycan xalqının öz ata-baba torpaqlarını erməni qəsbkarlardan azad etmək uğrunda apardığı mübarizə bizim üçün də bir çağırışdır. Məhkumluq həyatı yaşadığımdan mən bu mübarizədə iştirak edə bilmirəm. Ancaq hər zaman buna hazıram.

Mənim hərbi təhsilim var. Bir çox silahdan istifadə etməyi mükəmməl bacarıram.

Cənab Prezident, razılıq olduğu təqdirdə, mən də bu yurdun bir oğlu kimi cəbhə bölgəsinə yollanmağa hazıram. Yetər ki, əmr edəsiniz".

Nicad Niyazidən, Bakı, Azərbaycan

"Hörmətli cənab Prezident, möhtərəm Ali Baş Komandan.

Bizə verdiyiniz qələbə müjdəli xəbərlərə görə Sizə təşəkkür edirəm. Hər zaman Sizi dəstəkləmişəm və dəstəkləyəcəyəm. Siz dünya siyasətçiləri arasında öz sözünü deyən qüdrətli, qətiyyətli, güclü bir Lidersiniz. Sizin erməni cəlladlarına verdiyiniz tutarlı dərs ömür boyu onların yaddaşlarından silinməyəcək. Bütün xalq olaraq, Azərbaycan vətəndaşı olaraq Sizin atdığınız hər bir addımı dəstəkləyirik, Sizə güvənirik, hər zaman da güvənəcəyik. İnanırıq ki, bütün işğal olunmuş torpaqlarımızdan sonuncu düşmən cəlladları çıxana qədər mübarizəni davam etdirəcəksiniz. Sizin xalqa etdiyiniz müraciətlərinizdə dediyiniz hər bir söz bizim üçün bir sevincdir, ruh yüksəkliyidir, qələbə hissidir. Allah Sizi qorusun".

Uğur Şıxəlizadədən, Bakı, Azərbaycan

"Hörmətli cənab Ali Baş Komandan.

Mən Bakı şəhərində yaşayan bir məktəbli olaraq, Azərbaycan Silahlı Qüvvələrinin 30 ilə yaxın düşmən tapdağı altında olan qiymətli torpaqlarımızın düşməndən azad olunması istiqamətində apardığı uğurlu əməliyyatlardan qürur duyuram. İnanırıq ki, yaxın vaxtlarda xilaskar Azərbaycan əsgərinin gücü və döyüş bacarığı sayəsində daha xoş xəbərlərin şahidi olacağıq. Bu bir neçə gündə gedən uğurlu əməliyyatlar mənə gələcəyin bir əsgəri kimi böyük qurur hissi yaşadır. Allah Sizə və ordumuza cansağlığı versin. Biz Sizə və güclü Ordumuza çox güvənirik. Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!"

Araz Budaqovdan, Sabirabad, Azərbaycan

"Əziz və hörmətli Prezident.

Mən bu məktubu Sizə böyük sevinc və qürur hissi ilə yazıram. Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq, bu gün Siz də xalqı sevir, onun inkişafı, dünya xalqları içərisində layiqli yer tutması üçün əlinizdən gələni edirsiniz. Siz xalq üçün işləyirsiniz. Xalqın xoşbəxtliyi üçün nə lazımdırsa, edirsiniz. Qaçqın və şəhid ailələrinə hər cür köməklik edirsiniz. Ölkəmizdə baş verən bədbəxt hadisələr, təbii fəlakətlər zamanı Siz həmişə xalqın yanında olursunuz. Bu, hər bir vətəndaşı sevindirir, qəlbini qürur hissi ilə doldurur. Bu, xalqa olan böyük məhəbbətdir!

Hörmətli və əziz Prezident, sentyabrın 27-də erməni işğalçıları növbəti dəfə təxribata əl ataraq Azərbaycana hücum etdilər. Sizin rəhbərliyiniz altında ordumuz böyük qəhrəmanlıq göstərərək düşmənə layiqli cavab verdi. Torpaqlarımız azad edilir. Siz "Qarabağ Azərbaycandır!" deyəndə adamın sevincdən gözləri yaşarır. Sizin bütün çıxışlarınız insanların qəlbində sevinc, fərəh və qürur hissi yaradır. Allah Sizi qorusun!

Əziz və hörmətli Prezident, Siz xarici televiziya telekanallarına müsahibələr verirsiniz. Hamısında da Vətən sevgisi, xalq məhəbbəti vardır. Ordumuz işğal olunmuş torpaqlarımızı geri aldıqca, irəli getdikcə, insanlar sevinir, sanki uçmağa qanadları çatmır. Qoy, Allah Sizi Azərbaycana çox görməsin. Ömrünüz uzun olsun. Allah Sizi və Azərbaycanı qorusun. Torpaqlarımız tam azad olsun və hər bir guşəsində Azərbaycan bayrağı dalğalansın.

Cənab Prezident, ürəyimdə bir arzu və istək var. Siz cəbhədə baş verən hadisələr barədə məlumat verəndə Sizi qucaqlayıb bağrıma basmaq istəyirəm. Elə istəyirəm ki, müharibə tezliklə qurtarsın, qələbə çalınsın.

Yaşasın Azərbaycan xalqı və onun Prezidenti İlham Əliyev! Yaşasın qəhrəman Azərbaycan Ordusu! Qoy ədalət həmişə zəfər çalsın!"

Raqil Baloğlanovdan, Yardımlı, Azərbaycan

"Hörmətli cənab Ali Baş Komandan.

Son həftələr Ordumuzun göstərdiyi igidlik Sizin uğurlu addımlarınızın bariz nümunəsidir. Sizin məqsədyönlü siyasətiniz bir daha göstərdi ki, Azərbaycan hər şeyə qadirdir. Bu gün Azərbaycan Ordusu torpaqlarımız uğrunda qəhrəmanlıqla vuruşur. Əsgərlərimiz canından keçər, amma bir qarış torpağı geri verməz.

Mən azərbaycanlı və Sizin rəhbərlik etdiyiniz ölkənin vətəndaşı olduğum üçün qürur duyuram.

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!"

Abdullah Nəzərlidən, Bakı, Azərbaycan

"Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizin uğurlu siyasətiniz sayəsində biz bu gün Qarabağda uğur əldə edirik. Biz 30 il səbr etdik. Amma bu illər ərzində işimizdə səbrlə yanaşı, qəti əminlik də var idi. Əmin idik ki, rəhbərliyinizlə doğma Qarabağı erməni işğalından azad edəcəyik.

O günlər yetişdi. 30 ildən sonra müqəddəs borcumuzu yerinə yetirməyə başladıq. İnşallah, bu yaxınlarda bütün Azərbaycan, həmçinin dünya "Qarabağ torpaqları tamamilə erməni işğalından azad olundu" xəbərini eşidəcək.

Allah Sizi qorusun. İnşallah, Azərbaycan bayrağı Şuşada dalğalanacaq. 30 il sonra Ağdamda, Şuşada, Qarabağımızın hər yerində məscidlərimizdə namaz qılınacaq, azan oxunacaq. Amin.

Biz məktəblilər tarixə yazılacaq bu hadisələri canlı izlədiyimizə, kitablardan oxumadığımıza görə xoşbəxtik".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.