Siyasət

Deputat: "Ermənistan öz çirkin və təxribatçı əməllərindən çəkinməsə onun üçün nəticələr ağır olacaq"

21 Sentyabr 2020 14:23
Baxış: 750

Məlum olduğu kimi, Ermənistan tərəfi növbəti dəfə Yaxın Şərq bölgəsində faciəvi bir vəziyyətdən, Livanda baş vermiş dəhşətli partlayışdan öz məqsədləri üçün istifadə edərək bu ölkədə yaranmış ağır vəziyyətdən faydalanmağa çalışır. Livanda yaranmış bu cür acınacaqlı vəziyyətlə əlaqədar Ermənistanın siyasi rəhbərliyi Livanda yaşayan erməni əsilli livanlıların onlara "köməklik" göstərmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz şəkildə köçürmək siyasətini həyata keçirməkdədir.

Milli.Az bildirir ki, bunun Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputatr bildirib ki, Ermənistanın bu cür qanunsuz məskunlaşdırma siyasətinin həyata keçirilməsi ilk dəfə deyil, bu işğalçı dövlət zaman-zaman çirkin və məkrli vasitələrə əl atmaqdan çəkinmir:

"Bundan əvvəl Ermənistanın Suriyada yaranmış ağır vəziyyətdən istifadə edərək orada yaşayan ermənilərin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrinə köçürülməsi cəhdləri olmuşdur, hal-hazırda da sosial şəbəkələrdə Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə Livan ermənilərinin köçürülməsi ilə bağlı videolar yayılıb. Təbii ki, Ermənistanın bu cür əməlləri, birmənalı olaraq, kobud şəkildə beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə də 1949-cu il tarixli Cenevrə Konvensiyasının və onun əlavə protokollarının, habelə üzərinə götürdüyü beynəlxalq öhdəliklərin pozulması deməkdir.

Heç kim üçün sirr deyil ki, burada məqsəd işğal olunmuş ərazilərdə Ermənistanın həyata keçirdiyi qanunsuz etnik təmizləmə siyasətinin davam etdirmək və bölgədə hökm sürən status-kvonun möhkəmləndirməkdir. Ermənilərin Dağlıq Qarabağ ərazisində süni şəkildə bu bölgə ilə heç bir əlaqəsi və bağlılığı olmayan şəxslər hesabına artırılması bu torpaqlardan didərgin salınmış məcburi köçkünlərimizin öz doğma evlərinə geri qayıtmasının qarşısının alınmasına yönəlir və Ermənistanın siyasi rəhbərliyinin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı belə olmadığını sübut edir".

Deputat vurğulayıb ki, burada Ermənistanın məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmaq və status kvonu saxlamqadır: "Lakin Ermənistan unutmamalıdır ki, Azərbaycan heç zaman torpaqlarının işğal altında qalmasına imkan verməyəcək. Cənab Prezident İlham Əliyev milli mətbuatımıza verdiyi müsahibəsində Ermənistana açıq mesaj verdi və bildirdi ki, Azərbaycan mütləq öz torpaqlarını işğaldan azad edəcək. Cənab Prezident bəyan etdi ki, "Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Bütün dağıdılmış tarixi abidələri, dağıdılmış evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik"

Ermənistan tərəfi bu mesajdan nəticə çıxararaq öz çirkin və təxribatçı əməllərindən çəkinməlidir. Əks halda bunun nəticəsi Ermənistan üçün çox ağır olacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.