Siyasət

"Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır"

13 İyul 2020 13:56
Baxış: 603

Azərbaycanda həyata keçirilən struktur və intitusional islahatlar öz nəticəsini verməkdədir. Ötən ildən genişlənən uğurlu kadr islahatları da ölkənin müsbət imicinin formalaşmasına müsbət təsir edən amillərdən hesab olunur.

Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsini şərh edərkən deyib.

O bildirib ki, BMT-nin "Davamlı inkişaf hesabatı - 2020"-yə əsasən Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb:

"Xüsusi qeyd etmək istərdik ki, Azərbaycan BMT "davamlı inkişaf məqsədləri indeksi"nə görə regionda liderdir və dünya ölkələri arasında mühüm nəticə nümayiş etdirir. Azərbaycan BMT-nin "Davamlı inkişaf hesabatı - 2020" sənədində dünyanın 166 ölkəsi arasında "davamlı inkişaf məqsədləri indeksi" üzrə 54-cü pillədə qərarlaşıb. Bu nəticəyə əsasən deyə bilərik ki, Azərbaycan regional liderdir. Digər tərəfədən, ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Adıçəkilən hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan isə 114-cü mövqedədir. Qeyd etməkdə fayda var ki, Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib. Rəqəmlərə nəzər salanda görürük ki, Azərbaycan "davamlı inkişaf məqsədləri indeksi"nin mümkün 100 balından 72,6 bal toplayıb. Bu da çox yüksək göstərici hesab olunur. Müqayisə üçün qeyd edək ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda "davamlı inkişaf məqsədləri indeksi" üzrə orta göstərici 70,9-dur. Hesabata əsasən Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb. Hesabatda qeyd olunur  ki, Azərbaycanda hər 100 min nəfərə ana və körpə ölümü kimi göstəricilərdə yaxşılaşma olub. Bərabərsizliyi ifadə edən Cini əmsalı Azərbaycanda 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biridir".

Politoloq qeyd edib ki, Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabətqabiliyyətinin yüksəlməsini təmin edib. Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır. Azərbaycanda dövlət-vətəndaş münasibətlərində yeni yanaşmanın tətbiqi və sosial xidmətlər sahəsində innovasiyalar beynəlxalq göstəricilərdə də öz əksini tapıb. 2019-cu ildə reallaşdırılan sosial paketlər ölkə əhalisinin rifahının yüksəlməsinə mühüm təsir göstərib. Qeyd edək ki, yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, ölkənin enerji təhlikəsizliyinin təmin olunması, ölkədə mövcud olan təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkədir. Yuxarıda sadaladığımız tutarlı faktlar Azərbaycanı regionun lideri statusunda olduğunu bir daha təsdiq edir". 

Təhməz Təkin
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.