Siyasət

Prezident İlham Əliyev: Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır

10 Aprel 2020 17:17
Baxış: 911

Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır. Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Mart ayının 13-də Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 müraciəti Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalamışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndiririk.

On altı il ərzində Azərbaycanın səhiyyə sistemində köklü işlər görülmüşdür, həkimlərin peşəkarlıq səviyyəsi yüksəlmişdir, 750-dən çox səhiyyə ocağı tikilmiş və ya tam təmir olunmuşdur. Hər il Azərbaycanda 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir.

Koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Bu günlərdə 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və "Yeni klinika" adlanan xəstəxanası onların ixtiyarına verilmişdir. Bu ilin mart ayında ölkəmizin 3 şəhərində üç yeni xəstəxana istifadəyə verilmişdir. Onların ümumi çarpayı sayı 500-dən çoxdur. Bu xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verilmişdir. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.

Həkimlərimizin və tibb işçilərimizin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətlərini yüksək qiymətləndiririk. Koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən qayğının təzahürüdür.

On beş mindən artıq Azərbaycan vətəndaşı müxtəlif ölkələrdən, o cümlədən dövlət hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə təxliyə edilmişdir. Ölkəyə qaytarılmış bütün vətəndaşlarımız dövlət hesabına 4 və 5 ulduzlu mehmanxanalarda, xüsusi karantin zonalarında yerləşdirilmişdir. Eyni zamanda, birinci Avropa Oyunları zamanı açılmış Atletlər kəndində də karantinə alınmış şəxslər yerləşdirilir.

Beynəlxalq ticarət daşımaları istisna olmaqla, qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində qonşu dövlətlərlə yerüstü və hava nəqliyyatı bağlantıları müvəqqəti olaraq dayandırılmışdır. Digər ölkələrlə beynəlxalq hava sərnişin daşımaları da dayandırılmışdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.