Siyasət

Samsunda Türkiyə-Azərbaycan konfransı

19 Aprel 2010 16:08
Baxış: 276
Aprel ayının 15-17-də Türkiyənin Samsun və Amasya şəhərlərində "Tarixdən bu günə Azərbaycan-Türkiyə ilişgiləri" mövzusunda konfrans keçirilib.

Konfransda ölkəmizi VHP və DAK sədri, millət vəkili Sabir Rüstəmxanlı və Azəri-Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı təmsil edib.

Samsunun "19 mayıs" Universitetində düzənlənən ilk tədbirdə Samsun valisi, universitetin rektoru, Samsun və Amasya bələdiyyələrinin başqanları, siyasi partiyaların vilayət təmsilçiləri, qazilər, QHT rəhbərləri, Samsun Universitetində çalışan azərbaycanlı müəllim və tələbələr iştirak ediblər. Konfransda Tənzilə Rüstəmxanlı "Qadın cəmiyyətlərinin Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında rolu" mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra Sabir Rüstəmxanlı Samsun valisi Həsən Bəsri Gözəloğlu, Samsun Universitetinin rektoru Hüsen Akan, o cümlədən universitetin azərbaycanlı müəllim və tələbələriylə ayrı-ayrılıqda görüşlər keçirib.

Yerli qəzetlər və telekanallar tədbirləri geniş işıqlandırıb. Türkiyənin "Hürriyyət" qəzeti isə Sabir Rüstəmxanlının "Qarabağın işğalı türk düşmənçiliyidir" fikriylə başlayan çıxışından ayrıca yazı dərc edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndələri Amasyadakı çoxsaylı azərbaycanlı icmasıyla da görüşlər keçiriblər. Görüşlərdə Azərbaycan diasporasının hazırkı durumu, DAK-ın gördüyü işlər, Türkiyənin bir çox ellərində sıx yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsi zərurəti müzakirə olunub. Bildirilib ki, təkcə Amasyada 40 mindən artıq azərbaycanlı yaşayır və onlar Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında, Azərbaycan həqiqətlərinin Türkiyədə və Avropada təbliğində ciddi rol oynaya bilərlər. Müzakirələrdən sonra Amasya azəriləriylə DAK-ın əlaqələrinin gücləndirilməsi və Amasyadakı soydaşlarımızın təşkilatlanması yönündə konkret addımların atılması qərara alınıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.