Siyasət

"Xalq Hərəkatı" adlı rüsvayçılıq: daim söyüş, pul davası və tamah

2 Dekabr 2019 10:00
Baxış: 2 700

"Yaşasın Azərbaycan Xalq Hərəkatı! Yaşasın Mirmahmud ağa! Mirmaaahmuuud! Mirmaaahmuuud!" "A bala, dəyiş şüarı! Qarabağ de!", "Mirmaaahmud! Şərəfsizlərə ölüm! Qaraaabağ!"

Noyabrın 30-da özünü Azərbaycan Xalq Hərəkatı adlandıran qurumun paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Neftçi" idman klubunun təlim bazasında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin qurumun ümumi sayı 450 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

"Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının pozulması halları qeydə alınmayıb", - Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı rəsmi məlumatdasa belə deyilir.

"Azərbaycan Xalq Hərəkatı"nın nəhayət ki, aylardan bəri vəd etdiyi, daha doğrusu, əvvəl müxalifəti, sonra hakimiyyəti, ən sonda da bütün cəmiyyəti "hədələdiyi" mitinq baş tutdu.

Cəmi saat yarım davam edən aksiyada vur-tut 200 nəfə vardı və onların da tam əksəriyyəti Lökbatana niyə yollandıqlarını, konkret olaraq hansı qurumun təşkilatıın mitinqinə qatıldıqlarının fərqində deyildilər.

Mitinqə gələnlərin çoxu "Qarabağ mitinqinə gəlmişik" söyləyirdilər. Təşkilatçının kimliyini soruşanda isə "Mirmahmud ağa çağırıb" dedilər.

Fəqət, Londona sığınan və "AzəriFreedom TV" adlı YouTube kanalı vasitəsilə hər gün minimum 4 saat kamera qarşısında oturub Azərğaycanı, azərbaycanlıları və ümumiyyətlə, ölkə vətəndaşlarını inqilaba, vətəndaş müharibəsinə, qanlı qırğınlara çağıran Qurban Məmmədov bu aksiyanı az qala milyonların qatıldığı mitinq kimi təqdim etdi.

Həmin axşam o, saaatlarla mitinqdən danışdı və ən əsası, aylardan bəri hər gün təkrarladığı "Bir payız axşamı" ifadəsinin yeni fonemasını böyük şüar qismində tamaşaçılarına səsləndirdi.

Qurban Məmmədovun dediklərindən belə bəlli oldu ki, sən demə, Azərbaycan sosial partlayış və siyasi çalxantı astasındadır, hakimiyyət dəyişikliyi qaçılmazdır, milyonlarla insan AXH tərəfdarlarıdır, siqnal gözləyirlər və sair.

Müxalifətdə qocalanlar, siyasi fəaliyyəti "roman dansı" ilə səhv salanların millət qəhrəmanı qisminlə təqdim olunmasının yeni formatlarını üzə çıxaran Q.Məmmədov çox miskin təskin bağışlayırdı.

"Azərbaycan Xalq Hərəkatı" adlı absurd, fantom qurumun real siyasi təşkilat qismində müzakirə olunmasının özü paradoks olsa da, bunu edirəm.

Әvvәl görәk nədir və nəçidir "Azərbaycan Xalq Hərəkatı"?

Hәr kәs vaxtilə xalq hərəkatında olmuş Rəhim Qazıyevi, İsgəndər Həmidovu və qeyrilərini tanıyır. Qeyrilər indi AXH-nin İdarə Heyəti adlı dərnəyin üzvləridir. İntizamlı pionerlər kimi yığışırlar bir yekə otağa, başlayırlar olanlardan, keçənlərdən, olmayanlardan və keçməyənlərdən danışmağa.

Hərdən mübahisə edirlər.

Hərdən söyüşürlər.

Hərdən yumruqlaşmağa çalışırlar.

Hərdən barışır, kövrəlir, "bir də belə edib rüsvay olmayaq" deyir və dəxi başlayırlar məmləkətdə hakimiyyətə necə gələcəklərini müzakirə etməyə.

Hamısı nitq irad etmək üçün ayağa duranda, boğazını arıtlayıb "mənim xalqım" deyir.

Özlərini "məzlum xalqın demokratiya carçıları, millətiin xilaskarları" elan etmiş xırda-xuruş partiya rəhbərlərindən ibarət olan "Azərbaycan Xalq Hərəkatı"nın İdarə Heyəti - yəni AXH-nin İH-i - parçalanıb.

Həmidov Qazıyevə, Qazıyev Həmidova İH-də "ih" deyərək ayrılıblar, hərəsi bir yerdə iclas qayırıblar.

Sonra da bir-birlərinə zəng vurublar ki, bəs ay bəy, haradasan, bu tərəfə adla, Məclis bizik. Qazıyev Həmidova deyib, Həmidov Qazıyevə irad tutub.

Araya Elşad Musayev varid olub, amma küsənləri barışdıra bilməyib.

Bir tərəfdə Rəhim Qazıyev və Tural Abbaslı telefonlara sarılıblar, digər tərəfdəsə İsgəndər Həmidov və ahıl "boz qurd"un tərəfdarları.

O tərəf bu tərəfə deyib ki, bəs siz legitim deyilsiniz, bu tərəf də o tərəfə virtual barmaq qovzayıb ki, xeyr, legitim olmayan elə sizsiniz ki, varsınız.

Bunlar onlara "buraya gəlin" deyiblər, onlar deyiblər ki, "deməzsən aldatdım, yaxşı işdi, elə siz buraya gəlin".

Daha sonra Rəhim Qazıyev buyurub ki, xub, gedim evi səhmana salım, təmizləyim, bizim evə yığışaq.

Mərəkəyə Londondakı Qurban Məmmədov telefonla qoşulub.

Rəhim Qazıyev deyib: "Alo! Alou! Bəy, salam! Mən hesab edirəm ki, siz orada saxlayın. Bizim ev qurbandı - saa o vaxtdan demişəm.

KXCP sədri Mirmahmud Fəttayev masanın üzərindəki telefonlara baxıb, sonra sinirlənib və Rəhim Qazıyevin qulağındakı telefona sarı deyib: "Alo, eşidirsinizmi məni?! Sizə bir həftə bundan qabaq dedim, qulaq asmadınız. Gəldik bu günə düşdük. Xəbəriniz olsun - bu gün də mənim təklifim göydə qalacaqsa, "Azərbaycan Xalq Hərəkatı" filan olmayacaq".

AXH indi faktiki olaraq yoxdur. İsgəndər Həmidov ürəyindəki ağrılar və ümumən xəstəliyini ön plana çəkərək böyük siyasəti tərk etdiyini deyib.

AXH-nin özündə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayevin rəhbərlik etdiyi fraksyia uzun müddət İsgəndər Həmidovun dəstəsinə qarşı mübarizə aparırdı.

Sabiq müdafiə naziri Rəhim Qazıyev xeyli tərəddüd edəndən sonra Fəttayevlə Qurban Məmmədov duetinə qatıldı və Həmidov "tək" qaldı.

Daha sonra, daha doğrusu, sonda pul davası başlandı. Çünki "Azərbaycan Xalq Hərəkatı" adlanan qurum bütünlüklə və tamamən pulla yaradılan, pulla bəslənən və pula şirniklənənlərin cəlb olunması üçün nəzərdə tutulan layihə olduğundan belə dartışmalar labüddü.

İsgəndər Həmidov əvvəl "pulları götürüb aradan çıxmaq"da, sonra isə "pula satılmaq"da suçlandı. İttihamlar hələ də davam edir.

Ötən həftə isə ölkənin cırtdan, yalnız kağız üzərində olan Azərbacan Liberal-Demokrat Partiyasının üçotaqlı qərargahında keçirilən toplantıda hərəkatın üzvü İsgəndər Həmidovun qurumdan uzaqlaşdırılması məsələsi müzakirə olunub. Bu zaman toplantının canlı yayımlanması ilə bağlı fikir ayrılığı yaşanıb. Bu məsələ səsverməyə qoyularkən insident baş verib. İdarə heyəti üzvlərindən biri İ.Həmidovla telefon əlaqəsi yaradaraq ondan toplantının canlı yayımlanması ilə bağlı mövqeyini soruşub. Eks nazir canlı yayıma qarşı çıxıb və bu zaman səsvermə keçirilib.

Toplantıda iştirak edən "müstəql jurnalist"lərdən Nurlan Cəfəri səsvermə zamanı saxtakarlığa yol verildiyini iddia edərək, duruma müdaxilə edib. İnsident məhz bu dəqiqədən sonra başlanıb. İdarə Heyəti üzvlərindən biri jurnalistə qarşı kobud ifadələr sərf edib. Daha bir mikroskopik partiyanın rəhbəri, "Gələcək Azərbaycan Partiyası"nın sədri Ağasif Şakiroğlu ilə jurnalistə təzyiq edən şəxs arasında insident yaşanıb. Tərəfləri çətinliklə aralayıblar. A.Şakiroğlunun qışqıraraq "İsgəndər Həmidov gəlsin, aldığı pulların hesabını versin!" sözləri dartışmanı daha da alovlandırıb.

Toplantının gedişində daha bir qalmaqal isə tədbiri işıqlandıran jurnalistlərlə idarə heyəti üzvləri arasında yaşanıb. Özünü Qarabağ müharibəsi iştirakçısı adlandıran idarə heyəti üzvü ilə səslərini hay-küy salan "jurnalist"lər arasında dava düşüb.

Ahıl AXH-çi əlindəki çəliklə onların üstünə gəlib, onlara "Bas bayıra!" deyib.

Cavabında da elə həmin sözləri eşidib.

İnsident zamanı tərəflər bir-birinə ağır söyüş və təhqirlər ünvanlayıblar.

Bu zaman küçə sözləri, ən ağır təhqirlər sıralanıb.

AXH adlı məzhəkə beləcə, daha bir toplantısını başa vurub, "yorğan davası"nın yeni buraxılışını təqdim edib.

Sifarişlə yaradılan və ssenariyə uyğun siyasi "ölü"lərin cəlb olunduğu, güya "müxalifət təşkilatı" olacaq "Azərbaycan Xalq Hərəkatı" adlı tragikomik qocalar klubunun ölü doğulduğu aydın idi.

Lakin "canlı" görüntü pullar ayrıldığı müddətdə yerli aktyorlar tərəfindən səhnələşdirilən operettalar qismində göstərilsə də, indi pulsuzluq hər iclası davaya, söyüşlü qarşıdurmalara və didişmələrə çevirir.

Belə də olmalı idi, çünki siyasi məfkurə, ideya, adekvat strategiya və məntiqin olmadığı qurumda insanları yalnız ianə qismində aldıqları pullar birləşdirirsə, hansısa siyasi fəaliyyətdən danışmağa dəyməz.

AXH-dəki personajların istisnasız olaraq hamısı siyasi qroteskinin obrazları, məişət komediyasının fiqurantlarıdır.

Onlar kimin musiqisi və librettosu əsasında hansı operettada səhnəyə çıxarıldıqlarını belə, dərk etmirlər.

Əslində, çətin dərk etsinlər, çünki pula şirnikənlərdir onlar...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.