Siyasət

Ərdoğanla Sarkisyanın görüşü başa çatdı - YENİLƏNİB

12 Aprel 2010 20:54
Baxış: 190
Vaşinqtonda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə Ermənistan Prezidenti Serj Sarkisyan arasında saat yarım davam edən görüş başa çatıb.

Milli.Az-ın verdiyi xəbərə görə, bu barədə "CNN Turk" məlumat yayıb.

Görüşün təfərrüatları barədə heç bir açıqlama verilməsə də, mətbuat bəzi məqamlar haaqında informasiya əldə edə bilib.

Bildirilir ki, görüşdə Ərdoğanın Sarkisyana göndərdiyi məktub detallı şəkildə müzakirə olunub. Bundan əlavə, hər iki ölkənin xarici işlər nazirlərinə məsələylə bağlı çalışmaların davam etdirilməsi tapşırılıb.

Görüşdə Türkiyə tərəfdən xarici işlər naziri Əhməd Davudoğlu və Türkiyə baş nazirinin xüsusi nümayəndəsi kimi ötən həftə Ermənistan və Azərbaycana səfər etmiş Feridun Sinirlioğlu, Ermənistan tərəfdən isə xarici işlər naziri Edvard Nalbandyan və Prezident Administrasiyası rəhbərinin müavini Vigen Sarkisyan da iştirak ediblər.

Sabah isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Barak Obamayla təkbətək görüşü gözlənilir.

ABŞ Təhlükəsizlik üzrə Dövlət katibinin müavini Ben Rodes keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə NATO-da ABŞ-ın önəmli müttəfiqidir. Onun sözlərinə görə, Ərdoğan-Obama görüşündə ABŞ-ın güclü dəstək verdiyi Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması mövzusu müzakirə olunacaq.

Dövlət katibinin müavini əlavə edib ki, görüşdə həmçinin İraq və Əfqanistandakı durum, nüvə silahlarının yayılmasının qarşısının alınması və İran mövzularının da müzakirəsi gözlənilir.


-----------------------
19:01

Vaşinqtonda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Ermənistan prezidenti Serj Sarkisyan arasında təkbətək görüş başlayıb.
Milli.Az xəbər portalı "Habertürk"ə istinadən xəbər verir ki, iki lider nüvə sammitinin keçirildiyi mərkəzdə bir araya gəlib. Türkiyə tərəfdən xarici işlər naziri Əhməd Davudoğlu və Türkiyə baş nazirinin xüsusi nümayəndəsi kimi ötən həftə Ermənistan və Azərbaycana səfər etmiş Feridun Sinirlioğlunun da sonradan görüşə qatılacağı gözlənilir. Ermənistan tərəfdən isə xarici işlər naziri Edvard Nalbandyan və Prezident Administrasiyası rəhbərinin müavini Vigen Sarkisyan danışıqlara qoşulmalıdır.

Görüşdən əvvəl Rəcəb Tayyib Ərdoğan və Serj Sarkisyan bir-birinə əl verərək, şəkil çəkdiriblər.

Milli.Az

Uyğun linklər:

Ərdoğanın elçisi Sarkisyanın "həri"sini aldı

Vaşinqtonda ikinci Sürix sürprizi olacaqmı?

Ərdoğanın xüsusi elçisi Bakıda

Türkiyə vasitəçilik missiyasını üzərinə götürür?

Türkiyə baş nazirinin xüsusi elçisi Azərbaycana gəlir

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.