Siyasət

Ermənistanda "Elçibəy dövrü" başlanıb

16 May 2019 11:03
7 Şərh     Baxış: 2 903

Ermənistandakı cəmiyyət son atomuna qədər parçalananda onu "sülhə hazırlamaq" üçün əlahiddə lüzum qalmayacaq. Parçalanan və biokütləyə çevrilən cəmiyyət Azərbaycanın "sülhməramlı missiyası" çərçivəsində "sülh"ə tam hazır olacaq.

Tanınmış erməni politoloq, İrəvandakı Siyasi-İqtisadi Araşdırmalar İnstitutunun direktoru  Andranik Tevanyan Facebook səhifəsində belə yazıb.

"Parçalanmanın və dağılmanın, nifrətin və düşmənçiliyin yayılmasının, yalançı daxili gündəmlərin təsdiqlənməsini və çox təhlükəli xarici oyunların güclənməsi proseslərin yaşandığı dönəmindəyik. Analoji vəziyyət Azərbaycanda Əbülfəz Elçibəyin prezidentliyi dönəmində idi. Ermənistanda Elçibəy dövrü başlanıb. Bizdə Elçibəy proqramı gerçəkləşdirilirsə, düşmənlərimizi təbrik etməyin zamanıdır. Yox əgər belə proqram yoxdursa və hər şey savadsızlıqla psixi sapıntıların nəticəsidirsə, yenə də düşmənlərimizi təbrik etməliyik. Çünki hər iki halda nəticə eynidir. Özümüzü təbrik etmək üçün indiki vəziyyəti dəyişməliyik", - A.Tevanyan yazıb.

Onun sözlərinə görə, İranla bağlı situasiya və Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması prosesində Ermənistan üçün təhlükəli təmayüllərin ifrat dərəcədə güclənməsi, habelə Ermənistandakı daxili situsiyadakı ifrat ciddi və ağır problemlər erməniləri qəflət yuxusundan ayıltmalıdır: "Belə parçalanma, düşmənçiliklə biz millət və dövlət olaraq uzağa gedə bilməyəcəyik. Dayanmalı, irəliyə baxmalı, ötənlərlə haqq-hesab çəkməklə yaşamamalıyıq".

"Pandora qutusunu açmaq asandır. Onu bağlamaqsa, çox çətindir. Yeri gəlmişkən, Pandora qutusunun açılması "xalqların sülhə hazırlanması"nın ən yaxşı alətlərindən biridir. Bu, "kapitulyasiya" və ya "məğlubiyyət" kəlmələrindən daha sərfəlidir", - A.Tevanyan vurğulayıb.

Erməni politoloqun bu açıqlaması böyük qalmaqal səbəb olub. Nədən ki, Andranik Tevanyan uzun illər Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın "yaxın adamı" kimi tanınıb, Erməni Milli Konqresinin (EMK) funksionerlərindən və ideoloqlarından biri sayılıb.

Daha sonra isə o, Nikol Vovayeviç Paşinyanın hakimiyyətə gəlməsində ciddi rol oynayıb. Belə ki, ötən ilin aprelin 13-də, İrəvanda baş nazir Serj Sarqsyana qarşı etiraz aksiyaları başlayanda "Haykakan Jamanak" qəzetinin keçmiş baş redaktoru, İrəvan meri postuna keçmiş namizəd Nikol Paşinyanın "barrikada nitq"lərinin əksəriyyətinin hazırlanmasında A.Tevanyan bilavasitə iştirak etmişdi.

Ötən ilin mayın 3-də N.Paşinyan Ermənistan parlamentində keçirilmiş səsvermədə baş nazir seçiləndə A.Tevanyan "yeni, gözəl dövr və inkişaf mərhələsi başlanır" demişdi.

Dünənsə o, N.Paşinyana qarşı çıxdığını ilk dəfə açıq bəyan edib. Bununla da kifayətlənməyən A.Tevanyan Ermənistanın baş nazirini savadsız və ya psixi problemləri olan insan saydığını vurğulayıb.

Onun "Ermənistanda Elçibəy dövrü başlanıb" sözləri Azərbaycanda AXC lideri, mərhum Əbülfəz Elçibəyin prezident olduğu dövrdəki anarxiya, başıpozuqluq, hərc-mərclik, dövlət idarəetmə institutlarının faktiki olaraq iflic durumuna düşməsi və işləməməsi, rayonlarımızın ermənilərə xəyanət və satqınlıq nəticəsində peşkəş edilməsinə işarədir.

Məhz Əbülfəz Elçibəyin prezidentliyi dövründə Ermənistan özünü çox "rahat" hiss edir, Dağlıq Qarabağdakı erməni terrorçuları isə Azərbaycandakı xaosdan yararlanaraq ərazilərimizi işğal altına salırdılar.

A.Tevanyan bu məqamlardan bəhs edir, bu proseslərə işarə vurur. Üstəlik o, N.Paşinyanın Dağlıq Qarabağa yollanaraq Şuşada "şəhərin azad edilməsinin 27 illiyi münasibətilə" yeyib-içməsini, yallı getməsini də təlxəklik sayır.

Çünki həmin səfər başdan-ayağa piar, ucuz təbliğat məqsədli idi. Təsadüfi deyil ki, N.Paşinyanla eyni gündə Dağlıq Qarabağa Ermənistanın sabiq prezidenti və keçmiş baş naziri Serj Sarqsyan da yollanmışdı.

Martın 12-də, Ermənistanırn Təhlükəsizlik Şurasının Xankəndidə "səyyar iclası" keçiriləndə də S.Sarqsyan Dağlıq Qarabağda idi.

Həmin toplantıda N.Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda Ermənistanın yeni taktikasını açıqlamış, Madrid prinsiplərindən bilmərrə imtina etdiklərini demişdilər.

N.Paşinyanın Şuşada yallı getməsi də siyasi gediş idi, çünki Ermənistanın baş naziri qarabağlı ermənilərin dəstəyi olmadan hakimiyyətdə qalmağın çətinliyini bilir.

S.Sarqsyan da Dağlıq Qarabağa elə həmin dəstəkdən Paşinyanı məhrum etmək üçün yollanmışdı.

Dağlıq Qarabağ məsələsi Ermənistanda siyasət və iqtisadiyyatdan tutmuş, daxili siyasətin istisnasız olaraq bütün sahələrinə sirayət etmiş ən mühüm amildir.

Bu səbəbdən də Ermənistanda N.Paşinyanı hakimiyyətə gətirmiş "küçə inqilabı"ndan bir il sonra S.Sarqsyan məhz qarabağlı ermənilər vasitəsilə yeni inqilaba başlamaq, onu devirəni devirmək və hakimiyyətə qayıtmaq niyyətindədir.

2020-ci ildə Ermənistanda prezident və parlament seçkilərinin keçiriləcəyini nəzərə alsaq, sabiq prezidentlər Serj Sarqsyan və Robert Köçəryan bütün vasitələrdən faydalanmağa çalışaraq N.Paşinyana qarşı geniş cəbhədə hücuma keçiblər.

Digər tərəfdən, "Sasna Srer" və Dağlıq Qarabağın sabiq "müdafiə naziri", terrorçu Samvel Babayan da var. Onların ikisi də Sarqsyanla Köçəryan arasında seçim arasında olduqlarını desələr də, əslində, S.Sarqsyana nifrət edirlər.

Nikol Paşinyan düşmənçilik və nifrətdən öz mənafeyi üçün faydalanmağa can atır, bununla da hakimiyyətini möhkəmlətmək əvəzinə daha da zəiflədir.

Ermənistanda vəziyyət artıq iqtidar komandası şəxslər arasındakı qarşıdurma səviyyəsinə çatıb.

Azərbaycanda illər əvvəl, Ə.Elçibəy hakimiyyəti illərində olduğu kimi.

Elçin Alıoğlu
Milli.Az

Şərh yaz:

7 Şərh:

  • Anonim
    VƏTƏNDAŞ · 16 May 11:52110

    SARKİSYAN GETDİ PAŞİNYAN GƏLDİ-- PAŞİNYAN GEDƏCƏK VARTANYAN GƏLƏCƏK ELƏ DƏ BİR FƏRQ OLASI DEYİL ---AYININ MİN OYUNU VAR BİR ARMUDUN BAŞINDA. BİZ TORPAQLARIMIZI QAYTARMALIYIQ HANSI YOLLA OLUR OLSUN.

    Cavab yaz
  • Anonim
    Oxucu · 16 May 14:2380

    ey bədbəxt Tevanyan, siz hələ bir gedin Elçibəy kimi hakimiyyət yaradın, yarada bilin, ondan sonra onun adını çəkin. Əgər yarada bilsəniz bizi yox, siz özünüzü təbrik etməlisiniz. Amma sizin içinizdən Elçibəy kimi bir insan çıxa bilməz.

    Cavab yaz
    • Anonim
      Şirvan · 16 May 15:5030

      Heç onlar Elçibəyin adını o murdar ağızlarına alıb danışmağa layiq deyillər

      Cavab yaz
  • Anonim
    1988Jale · 16 May 16:2140

    Elçibəyin adını çəkməyin murdarlar.Cox təsüflənirəm ki, Elçibəy kimi bir insanla sizin kimi digalarin adı bir yerdə cekilir

    Cavab yaz
  • Anonim
    AZƏRBAYCAN VƏTƏNDAŞI · 16 May 21:2720

    ELCİBƏY XALQA OLAN MƏHƏBBƏTİNİ ZAMANINDA SÜBUT ETDİ .

    Cavab yaz
  • Anonim
    Vətəndaş · 16 May 21:5310

    Erməni o pis azına Elçibəyin adını alma.çÜN Kİ MURDARSAN.

    Cavab yaz
  • Anonim
    MEHMAN QAZAXLI · 17 May 11:2120

    ELCİBƏYİN KƏSİNTİ DIRNAĞI BELƏ OLA BİLMƏZSİZ ŞƏRƏFSİZLƏR ----ELCİBƏY MİLYONLARLA AZƏRBAYCAN VƏTƏNDAŞLARININ ÜRƏYİNDƏDİR.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.