Ermənistanda "Elçibəy dövrü" başlanıb

16 May 2019 11:03

Ermənistandakı cəmiyyət son atomuna qədər parçalananda onu "sülhə hazırlamaq" üçün əlahiddə lüzum qalmayacaq. Parçalanan və biokütləyə çevrilən cəmiyyət Azərbaycanın "sülhməramlı missiyası" çərçivəsində "sülh"ə tam hazır olacaq.

Tanınmış erməni politoloq, İrəvandakı Siyasi-İqtisadi Araşdırmalar İnstitutunun direktoru  Andranik Tevanyan Facebook səhifəsində belə yazıb.

"Parçalanmanın və dağılmanın, nifrətin və düşmənçiliyin yayılmasının, yalançı daxili gündəmlərin təsdiqlənməsini və çox təhlükəli xarici oyunların güclənməsi proseslərin yaşandığı dönəmindəyik. Analoji vəziyyət Azərbaycanda Əbülfəz Elçibəyin prezidentliyi dönəmində idi. Ermənistanda Elçibəy dövrü başlanıb. Bizdə Elçibəy proqramı gerçəkləşdirilirsə, düşmənlərimizi təbrik etməyin zamanıdır. Yox əgər belə proqram yoxdursa və hər şey savadsızlıqla psixi sapıntıların nəticəsidirsə, yenə də düşmənlərimizi təbrik etməliyik. Çünki hər iki halda nəticə eynidir. Özümüzü təbrik etmək üçün indiki vəziyyəti dəyişməliyik", - A.Tevanyan yazıb.

Onun sözlərinə görə, İranla bağlı situasiya və Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması prosesində Ermənistan üçün təhlükəli təmayüllərin ifrat dərəcədə güclənməsi, habelə Ermənistandakı daxili situsiyadakı ifrat ciddi və ağır problemlər erməniləri qəflət yuxusundan ayıltmalıdır: "Belə parçalanma, düşmənçiliklə biz millət və dövlət olaraq uzağa gedə bilməyəcəyik. Dayanmalı, irəliyə baxmalı, ötənlərlə haqq-hesab çəkməklə yaşamamalıyıq".

"Pandora qutusunu açmaq asandır. Onu bağlamaqsa, çox çətindir. Yeri gəlmişkən, Pandora qutusunun açılması "xalqların sülhə hazırlanması"nın ən yaxşı alətlərindən biridir. Bu, "kapitulyasiya" və ya "məğlubiyyət" kəlmələrindən daha sərfəlidir", - A.Tevanyan vurğulayıb.

Erməni politoloqun bu açıqlaması böyük qalmaqal səbəb olub. Nədən ki, Andranik Tevanyan uzun illər Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın "yaxın adamı" kimi tanınıb, Erməni Milli Konqresinin (EMK) funksionerlərindən və ideoloqlarından biri sayılıb.

Daha sonra isə o, Nikol Vovayeviç Paşinyanın hakimiyyətə gəlməsində ciddi rol oynayıb. Belə ki, ötən ilin aprelin 13-də, İrəvanda baş nazir Serj Sarqsyana qarşı etiraz aksiyaları başlayanda "Haykakan Jamanak" qəzetinin keçmiş baş redaktoru, İrəvan meri postuna keçmiş namizəd Nikol Paşinyanın "barrikada nitq"lərinin əksəriyyətinin hazırlanmasında A.Tevanyan bilavasitə iştirak etmişdi.

Ötən ilin mayın 3-də N.Paşinyan Ermənistan parlamentində keçirilmiş səsvermədə baş nazir seçiləndə A.Tevanyan "yeni, gözəl dövr və inkişaf mərhələsi başlanır" demişdi.

Dünənsə o, N.Paşinyana qarşı çıxdığını ilk dəfə açıq bəyan edib. Bununla da kifayətlənməyən A.Tevanyan Ermənistanın baş nazirini savadsız və ya psixi problemləri olan insan saydığını vurğulayıb.

Onun "Ermənistanda Elçibəy dövrü başlanıb" sözləri Azərbaycanda AXC lideri, mərhum Əbülfəz Elçibəyin prezident olduğu dövrdəki anarxiya, başıpozuqluq, hərc-mərclik, dövlət idarəetmə institutlarının faktiki olaraq iflic durumuna düşməsi və işləməməsi, rayonlarımızın ermənilərə xəyanət və satqınlıq nəticəsində peşkəş edilməsinə işarədir.

Məhz Əbülfəz Elçibəyin prezidentliyi dövründə Ermənistan özünü çox "rahat" hiss edir, Dağlıq Qarabağdakı erməni terrorçuları isə Azərbaycandakı xaosdan yararlanaraq ərazilərimizi işğal altına salırdılar.

A.Tevanyan bu məqamlardan bəhs edir, bu proseslərə işarə vurur. Üstəlik o, N.Paşinyanın Dağlıq Qarabağa yollanaraq Şuşada "şəhərin azad edilməsinin 27 illiyi münasibətilə" yeyib-içməsini, yallı getməsini də təlxəklik sayır.

Çünki həmin səfər başdan-ayağa piar, ucuz təbliğat məqsədli idi. Təsadüfi deyil ki, N.Paşinyanla eyni gündə Dağlıq Qarabağa Ermənistanın sabiq prezidenti və keçmiş baş naziri Serj Sarqsyan da yollanmışdı.

Martın 12-də, Ermənistanırn Təhlükəsizlik Şurasının Xankəndidə "səyyar iclası" keçiriləndə də S.Sarqsyan Dağlıq Qarabağda idi.

Həmin toplantıda N.Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda Ermənistanın yeni taktikasını açıqlamış, Madrid prinsiplərindən bilmərrə imtina etdiklərini demişdilər.

N.Paşinyanın Şuşada yallı getməsi də siyasi gediş idi, çünki Ermənistanın baş naziri qarabağlı ermənilərin dəstəyi olmadan hakimiyyətdə qalmağın çətinliyini bilir.

S.Sarqsyan da Dağlıq Qarabağa elə həmin dəstəkdən Paşinyanı məhrum etmək üçün yollanmışdı.

Dağlıq Qarabağ məsələsi Ermənistanda siyasət və iqtisadiyyatdan tutmuş, daxili siyasətin istisnasız olaraq bütün sahələrinə sirayət etmiş ən mühüm amildir.

Bu səbəbdən də Ermənistanda N.Paşinyanı hakimiyyətə gətirmiş "küçə inqilabı"ndan bir il sonra S.Sarqsyan məhz qarabağlı ermənilər vasitəsilə yeni inqilaba başlamaq, onu devirəni devirmək və hakimiyyətə qayıtmaq niyyətindədir.

2020-ci ildə Ermənistanda prezident və parlament seçkilərinin keçiriləcəyini nəzərə alsaq, sabiq prezidentlər Serj Sarqsyan və Robert Köçəryan bütün vasitələrdən faydalanmağa çalışaraq N.Paşinyana qarşı geniş cəbhədə hücuma keçiblər.

Digər tərəfdən, "Sasna Srer" və Dağlıq Qarabağın sabiq "müdafiə naziri", terrorçu Samvel Babayan da var. Onların ikisi də Sarqsyanla Köçəryan arasında seçim arasında olduqlarını desələr də, əslində, S.Sarqsyana nifrət edirlər.

Nikol Paşinyan düşmənçilik və nifrətdən öz mənafeyi üçün faydalanmağa can atır, bununla da hakimiyyətini möhkəmlətmək əvəzinə daha da zəiflədir.

Ermənistanda vəziyyət artıq iqtidar komandası şəxslər arasındakı qarşıdurma səviyyəsinə çatıb.

Azərbaycanda illər əvvəl, Ə.Elçibəy hakimiyyəti illərində olduğu kimi.

Elçin Alıoğlu
Milli.Az