Siyasət

Ekspert: "VII Qlobal Bakı Forumu Azərbaycanın multikulturalizm ənənələrinin uğurlu təqdimatıdır"

15 Mart 2019 19:44
Baxış: 152

"Bu gün Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Ölkəmizin yerləşdiyi coğrafi məkan xalqlar, dövlətlər arasında birlik, həmrəylik körpüsünün formalaşmasında və möhkəmlənməsində stimulverici amil rolunu şərtləndirir. Günümüzün reallıqlarına diqqət yetirdikdə bu mühüm məqam da özünü qabarıq şəkildə büruzə verir ki, bütün səylər təhlükəsizliyin, sabitliyin və proqnozlaşdırmanın, eləcə də xalqlar arasında sülh şəraitində birgə yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə yönəlib".

Milli.Az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə VII Qlobal Bakı Forumunu şərh edərkən deyib.

V.Rəhimzadə qeyd edib ki, ölkəmizin ənənəvi olaraq Qlobal Bakı Forumuna ev sahibliyi müxtəlif sivilizasiyaları, dinləri bir araya gətirməsindən qaynaqlanır. Forumlar üçün dövrün, zamanın tələbinə uyğun mövzuların seçilməsi, iştirakçıların say tərkibinin ildən-ilə artması və sair kimi mühüm məqamlar Azərbaycan təcrübəsinin önəmini, həmçinin ölkəmizə artan diqqət və marağı ortaya qoyur: "Belə ki, tədbirə 55 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin çoxşaxəliliyi Forum üçün seçilən "Dünyanın yeni xarici siyasəti" mövzusunda da özünü göstərir. Uğurlu daxili və xarici siyasəti sayəsində beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirən, yeni-yeni dostlar qazanan Azərbaycanın istər iki, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin inkişaf səviyyəsi məmnunluq doğurur. Ən əsası, dövlətimizin xarici siyasətinin əsas prinsipi dəyişməzdir - böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət əsasında əməkdaşlıq əlaqələri qurulur".

"VII Qlobal Bakı Forumu Azərbaycanın multikulturalizm ənənələrinin uğurlu təqdimatıdır", - deyən YAP Siyasi Şurasının üzvü diqqəti dövlətimizin başçısı İlham Əliyevin forumdakı çıxışına yönəldib: "Multikulturalizmin Azərbaycanın dövlət siyasəti olduğunu söyləyən cənab Prezidentimiz İlham Əliyev əsaslı şəkildə qeyd edib ki, Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır, əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Dövlətimizin başçısı Azərbaycanın nümunəsində bu mühüm məqamı da qeyd edib ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur".

Ekspert bildirib ki, 27 ildən artıq müstəqillik tarixinə malik Azərbaycana beynəlxalq dəstəyin yüksək səviyyədə olduğu göz önündədir: "Bunun bariz nümunəsi kimi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini qeyd edə bilərik. VI Qlobal Bakı Forumundan ötən bir ildə Azərbaycanın istər iqtisadi, istərsə də xarici siyasət sahəsində qazandığı uğurlara diqqət yetirsək bu reallıq təsdiqlənir ki, düşünülmüş, məqsədyönlü və gələcəyə hesablanmış siyasətin uğurları davamlıdır. Azərbaycan sabitləşdirici faktor kimi beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir. Azərbaycanın multikultural dəyərlərin inkişafına töhfələrinin davamlılığı dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin ölkəmizdə "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edilməsindən də aydın şəkildə nəzərə çarpır. 2015-ci ildə ölkəmiz ilk Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Cənab İlham Əliyevin vurğuladığı kimi, bütün bu addımlar əməkdaşlığa xidmət edir, körpülər salır, müxtəlif ölkələrin və dinlərin təmsilçiləri, fərqli fikirli insanlar arasında daha böyük anlaşmanı təmin edir. Sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir".

V.Rəhimzadənin fikrincə ki, VII Qlobal Bakı Forumunun mövzusu, həmçinin panel iclaslarda müzakirə olunacaq məsələlər bir daha bu ümumiləşdirməni aparmağa əsas verir ki, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq üçün səylərin birləşdirilməsi əsas amildir:

"Əsas olan budur ki, maraqlar ədalət prinsipini üstələməsin. Maraqlar öndə olanda ikili yanaşmalar daha çox nəzərə çarpır ki, bu da qarşıya qoyulan məqsədlərə çatmağa mənfi təsirini göstərir. Dövlətimizin siyasəti əməkdaşlığa, dostluğa və tərəfdaşlığa nail olunmasına yönəlib. Atılan hər bir addımın mərkəzində təbii ki, insan amili dayanır. Gələcək nəsillərə əmin-amanlıq, yüksək rifah bəxş etmək üçün təhlükəsizliyin təminatı, sülhün, əmin-amanlığın qorunması əsas şərtdir. Bu isə öz növbəsində beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını və vahid tətbiqi mexanizminin müəyyənləşdirilməsini günün əsas tələbinə çevirir. Dövlətimizin başçısı cənab İlham Əliyev Forumdakı çıxışında bu əminliyi ifadə edib ki, məhsuldar müzakirələr və tövsiyələr tərəfdaşlığın güclənməsinə və gərginliklərin azalmasına yol açacaq".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.