"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi Azərbaycan prezidenti cənab İlham Əliyevin təşəbbüsü, qətiyyəti və siyasi iradəsi nəticəsində başa gəlib. BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır".
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov oktyabrın 30-da rəsmi açılışı olmuş Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini dəyərləndirərkən bildirib.
Prezident İlham Əliyev və Birinci xanım Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak ediblər - FOTO
Millət vəkilinin sözlərinə görə, bu, eyni zamanda region ölkələri üçün də önəmli layihə olacaq: "BTQ ilk növbədə Asiya ilə Avropanı birləşdirən nəqliyyat qovşağı olacaq. Layihənin ən böyük üstünlüklərindən biri də odur ki, yüklərin uzaq Şərqdən tutmuş Avropayadək daha az müddət ərzində daşınmasına imkan verəcək. Bu dəmiryolu ərazilərindən keçdiyi ölkələrin xalqlarının mədəni-iqtisadi əlaqələrini daha da genişləndirəcək. Azərbaycan isə bu halda önəmli rol oynayacaq".
A.Hüseynov qeyd edib ki, BTQ Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfə verəcək:
"Bu dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu Bakı-Tbilisi-Ceyhan boru xəttindən sonra Azərbaycanın iqtisadiyyatının inkişafında böyük rol oynayacaq sahələrdən, qeyri-neft sektorunda iqtisadi baxımdan ən gəlirli mənbələrdən biri olacaq. Bu layihə təkcə yüklərin daşınmasına yox, həmçinin, əlavə dəyər gətirəcək istehsal və xidmət sahələrinin də yaranmasına, inkişafına töhfə verəcək. Bu, Strateji Yol Xəritəsində nəzərdə tutulan qeyri-neft sektorunun şaxələndirilmiş inkişafında önəmli rol oynayacaq.
Prezident İlham Əliyev: "Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir"
Qeyd edək ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin 2005-ci ildə başlanması nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması bu işi ləngidib. Belə ki, ABŞ və Avropa Birliyi Ermənistandan kənar keçdiyinə görə layihəyə qarşı çıxıblar və tikintinin maliyyələşdirilməsindən imtina ediblər. Onlar Bakı-Tbilisi-Qars dəmiryolunun tikilməsi əvəzinə Qars-Gümrü-Tbilisi dəmiryolu xəttinin açılmasını tələb edirdilər. Lakin Azərbaycan ilə Ermənistan arasında olan Dağlıq Qarabağ münaqişəsi səbəbindən bu tələblər rədd edilib və dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsini sonradan Azərbaycan öz üzərinə götürüb. Bu məqsədlə Azərbaycan Gürcüstana ildə 1% faiz dərəcəsi ilə 25 illiyinə 220 milyon dollar kredit verib. Dəmir yolu xəttinin təməli isə 2007-ci il noyabrın 21-də Gürcüstanın Marabda kəndində qoyulub.
Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, ondan sonrakı mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. İlkin hesablamara görə, Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində