Siyasət

Azərbaycan diplomatiyasının formalaşmasında Amerika beyin mərkəzləri ilə birgə iş təcrübəsi mühüm rol oynayıb - Hafiz Paşayev

18 Noyabr 2025 11:04
Baxış: 250

ABŞ-nin aparıcı beyin mərkəzləri ilə əməkdaşlıq təcrübəsi Azərbaycanın diplomatik məktəbinin formalaşmasında və Bakı ilə Vaşinqton arasındakı ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayıb.

Milli.Az xəbər verir ki, bunu bu gün ADA Universitetinin rektoru, Azərbaycanın ABŞ-dəki keçmiş səfiri Hafiz Paşayev Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda çıxışında deyib.

Hafiz Paşayev qeyd edib ki, Vaşinqtonda diplomatik fəaliyyətinin ilk illəri onun peşəkar formalaşmasına həlledici təsir göstərib. O vurğulayıb ki, "K Street"də yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) kimi ABŞ beyin mərkəzlərinin işini özü üçün "həqiqi universitet" hesab edib.

"Bu, mənim üçün real diplomatiya məktəbi idi. Bacardığım qədər çox tədbirlərdə iştirak etməyə çalışırdım, belə ki, həmin institutlarda müzakirələr aparılırdı, o müzakirələrdən çox şey öyrənmək mümkün idi", - deyə o bildirib.

ADA Universitetinin rektoru həmçinin xatırladıb ki, 1990-cı illərin əvvəlində Azərbaycan diplomatiyasının əsas vəzifələrindən biri ABŞ ictimaiyyətinə ölkə barədə obyektiv məlumatları çatdırmaq idi. Onun sözlərinə görə, səfirliyin fəaliyyəti və "ABŞ-Azərbaycan" Ticarət-Sənaye Palatasının yaradılması bu işin mühüm hissəsini təşkil edib.

Hafiz Paşayev gənc Azərbaycan diplomatlarının hazırlanmasında Amerika beyin mərkəzlərinin rolunu xüsusi vurğulayaraq qeyd edib ki, onların tədbirlərində iştirak ABŞ-nin spesifikasını və Vaşinqtonda qərar qəbuletmə prosesinin xüsusiyyətlərini daha yaxşı anlamağa imkan verirdi.

Mərkəzi Asiya ilə əməkdaşlıqdan danışan Hafiz Paşayev bildirib ki, region ölkələrinin aktiv qarşılıqlı fəaliyyəti ilə bağlı ideyalar artıq uzun illərdir təşviq olunur. O xatırladıb ki, hələ 1996-cı ildə professor Fred Starrın dəvəti ilə Mərkəzi Asiya İnstitutunun yaradılmasına həsr olunmuş tədbirdə çıxış edib və institutun adına Qafqazın da əlavə olunmasını təklif edib - bu fikir dəstəklənib.

"Bu gün Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanı birləşdirən C5+1 formatı həmin yanaşmaların aktuallığını göstərir və regional əməkdaşlıq üçün yeni imkanlar açır", - deyə H.Paşayev vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.