Tom Lantos İnsan Haqları Komissiyasında Azərbaycanda insan haqlarının durumu ilə bağlı məruzə ilə çıxış etməli olan Erkin Qədirli bu prosesdən niyə kərarlaşdırıldı? Səbəb budur ki, o, Ermənistan prezidentini tənqid etmişdi və bu tənqid tərcümə olunaraq ABŞ-a çatdırılmışdı. "Azadlıq Radiosu" və "Meydan TV"nin mirzələrindən olan bloqer Əli Novruzov tam "müstəqil şəkildə" fikrini izhar etmiş, guya Erkin Qədirlinin "Ermənistan prezidenti Sərkisyana siçan zəhəri verib, öldürmək lazımdır" yazdığını vurğulamış və haray qaldırmışdı ki, belə adam siyasətçi ola bilməz. Bu əməli Əli Novruzov müstəqil şəkildə etməyib - indi nə qədər and-aman etsə belə: nədən ki, bəhs etdiyimiz əməl ölkənin QHT sektorunlakı qrant davalarında istifadə olunan kompilyativ üsullara və bu davaların tam əksəriyyətinin arxasında duran AXCP rəhbərliyinin dəst-xəttinə çox bənzəyir. Az sonra həmin materiallar Tom Lantos komissiyasındakı dinləmələrin təşkilatçılarına göndərilmişdi.
Hətta erməni bloqer Ani Vandaryanın da olayla bağlı "Niyə bu panelə Azərbaycandan seksist, homofob, ikrah doğuran Erkin Qədirli daxil edilib - bu misteriyadır, sirdir" tvitini yazmışdı.
Göründüyü kimi, çox primitiv və bəsit oyun aparılıb: Erkin Qədirli "vurulub", onun əvəzinə dinləmələrə Türkel Kərimli qatılıb və beləcə, AXCP sədri Əli Kərimli rəhbərlik etdiyi partiyada varislik prosesinə start verib.
Milli.Az bildirir ki, Erkin Qədirli Facebook səhifəsində homofobluğu ilə bağlı suçlamalara cavab yazıb.
Həmin statusu təqdim edirik:
""Homofob söhbəti"nə dair izahım:
1. Anlayış problemi
Anlamaq - daraltmaq deməkdir. Çox geniş qavramlar anlayış sayıla bilməz. Nəyisə gerçəkdən anlamaq üçün, ona tərif vermək gərəkdir. Latınca "definitio" (tərif) - "son qoymaq", "sərhəd çəkmək" mənalarını verən "definire" sözündən törəmədir. Yəni, anlayışın ağlabatan dərəcədə razılaşdırılmış çərçivələri olmalıdır. Yoxsa, hərə özündən bir məna çıxaracaq, söhbət də (diskurs) buna görə alınmayacaq. Əlbəttə, mənalar dəyişə, sərhədlər yenidən çəkilə bilir. Amma bunun da ağlabatan yolları var (olmalıdır). Üstəlik, zamana ehtiyacı var.
2. "Homofob" nə deməkdir?
Homofob - homoseksuallardan qorxan, onlardan iyrənən, onlara nifrət edən, onları təqib edən adama deyilir. Bu mənaların hamısının olmasına gərək yoxdur. Onlardan biri, kimisə homofob saymağa yetərlidir.
3. Mən homofobammı?
Yox! Özümü müdafiə etmirəm, elə bir ehtiyacım da yoxdur. Sadəcə deyiləm, vəssalam. Çünki yuxarıdakı tərifdə sadalanan münasibətlərin heç birisi məndə yoxdur. Mədəni solun, çeşidli postmodernistlərin məsuliyyətsiz məna genişləndiriciliyini qəbul etmirəm.
4. Məni niyə homofob adlandırır bəziləri?
Müsahibələrimin birində bunları demişdim:
- homoseksullar da insandır;
- insan haqlarının mütləq əksəriyyəti onlara aid olunmalıdır;
- onların özəl həyatda nə etdikləri məni maraqlandırmır və heç kəsi də qayğılandırmamalıdır;
- homoseksuallığın açıq göstərilməsinə qarşıyam;
- homoseksualların polisdə, orduda, başqa güc qurumlarında, eləcə də uşaq bağçalarında, ibtidai və orta məktəblərdə işləməsinə qarşıyam;
- həmcins nikahlara və həmcins cütlüklər tərəfindən övladlığa götürməyə qarşıyam.
Bu qədər. Bunun kənarında, homosokesualların bütün maraq və haqlarının təmin olunmasına əngəl törədilməsinin əleyhinəyəm. İndi, gəlin, bu bəndlərə, qısa da olsa, bir-bir baxaq.
"Homoseksuallar da insandır" ifadəsi etirazlara səbəb oldu. Anlayıram. Başqa dillərə tərcümədə heç də yaxşı səslənmir. Amma mən fikirlərimi başqa ölkələrin deyil, öz ölkəmizin vətəndaşlarına öz dilimizdə və onun məna çalarlarına uyğun deyirəm. Mənə etiraz edənlərin çoxu, Avropadakı və Amerikadakı mühacirlərimizdir. Onların arasında neçəsinin homoseksual olması məni maraqlandırmır. Anlaşılan odur ki, onlar, mühacirət etdikləri ölkələrin hazır həqiqətləri və azadlıqları havasına girib, buradakı çətinlikləri unudublar, ya da qəsdən nəzərə almırlar. Mən bu ifadəni - "homoseksuallar da insandır" - ölkəmizdəki duruma və dilimizin məna-ötürücülüyü imkanlarına uyğun demişəm. Sözümün canı budur - homoseksuallara insani münasibət göstərilməlidir, onlar adam yerinə qoyulmalıdır və s. Çünki indi belə deyil, özünüz də bilirsiniz. Kontekstdən çıxarıb, başqa dillərə çevirib ölkəmizdəki diskursiv durumu nəzərdən qaçırmaqla bu mənanı asanlıqla (çox zaman qəsdən) itirirlər.
Homoseksualların özəl həyatına qarışmağı qətiyyən doğru saymıram. Bununla belə, homoseksuallığın açıq göstərilməsinə (public manifestation) qarşıyam. Söhbət konkret gey-paradlardan gedirdi. Buna sonra qayıdaram.
Homoseksualların polisdə, orduda, başqa güc qurumlarında, eləcə də uşaq bağçalarında, ibtidai və orta məktəblərdə işləməsinə qarşıyam. Başqa iş və peşə sahələrində onlara məhdudiyyətlərin qoyulmasını doğru saymıram. Polis, ordu və başqa güc qurumları sərt intizam üzərində qurulur. Bu intizamın "kişilik qavramı"ndan doğduğu hər kəsə məlumdur. Kimsə bunu stereotip, ya da seksist düşüncə saya bilər. Amma bununla heç nə dəyişəsi deyil. Bu qurumların tarixi, ənənəsi və təcrübəsi belədir. Bilirəm, bəzi ölkələrdə bu mənalar dəyişir, amma bu, yalnız son zamanlar baş verir. Bizim cəmiyyət o zamanlardan hələ çox uzaqdır. Uşaq bağçalarında, ibtidai və orta məktəblərdə homoseksualların işləməsinə münasibəti valideynlərdən soruşun, görün nə deyəcəklər? Uzatmıram.
Həmcins nikahlar da, əslində, homoseksuallığın açıq göstəricisidir. Amma gey-paradlardan fərqli olaraq, bu işin xeyli hissəsi özəl həyata və uzunmüddətli münasibətlərə aiddir. Ciddi məsələdir, yəni. Homoseksualların bir-birini sevməsi, bir yerdə yaşaması və s. məni qətiyyən narahat etmir. Homoseksual cütlüklərə neytral baxıram. Amma nikah - başqa məsələdir. Nikah, bir hüquq təsisatı olaraq, sevgi, qarşılıqlı razılıq əsasında seks və başqa oxşar münasibətlərə aid deyil. Hüquq üçün bu münasibətlər yoxdur, gözə görünmür, ölçüyə gəlmir. Hüquqi anlamda ailə (nikah) münasibətləri bunlardan ibarətdir - əmlak münasibətləri, valideyn-övlad münasibətləri. Bütün başqa münasibətlər bu iki münasibətdən törənir. Homoseksualların özəl mülkiyyət haqları onsuz da var. Onlar nikahı sırf vərəsəlik və sosial müdafiə üçün istəyirlər. Bunun, həmişə də olmasa, başqa yolları var - vəsiyyət yazsınlar, ya da başqa müqavilə öhdəliklərini yaratsınlar. Toplumda nikaha hüquqdankənar olan emosional və mənəvi münasibətləri sarsıtmağa nə gərək var? Başqa ölkələrdə son zamanlar bununla da bağlı dəyişiklik baş verir, amma bizim cəmiyyət hələ belə zamanlardan çox uzaqdır.
Homoseksual cütlüklərin övladlığa götürməklə bağlı iddiaları çox eqoistikdir. Uşaq - oyuncaq, ya da ev heyvanı deyil. Gərəkdirsə, dövlət uşağı doğma (təbii) valideynlərin də əlindən ala bilər - onlar valideynlik borclarını düzgün yerinə yetirmirləsə. Burada əsas diqqət mərkəzi - uşaqların haqlarıdır. Homoseksual cütlük tərəfindən övladlığa götürülmüş uşağın öz həmyaşıdları tərəfindən (həyətdə, məktəbdə və s.) necə psixoloji təzyiqlərə məruz qalacağını dövlət düşünməlidir. Uşağın şəxsiyyətini sındıracaqlar, kim bilir, bəlkə, intihara sövq edəcəklər. Dövlət bunun qarşısını necə alsın? Cəmiyyətimizin indiki şəraitində buna qətiyyən yol vermək olmaz!
5. Nəzəri biliklər və praktik ağıl
Mən, yuxarıdakı məsələlərə aydınlıq gətirərkən, qəsdən diqqəti problemin sırf praktik tərəfinə yönəltdim. Nəzəri, ya da mənəvi söhbət etmədim. Nəyin yaxşı, ya da pis olduğunu demədim. Bizim cəmiyyətin durumunda bu məsələlərin praktiki baxımdan gerçəkləşə bilməyəcəyini vurğuladım. Mən işə siyasi gözlə baxıram. Siyasətdə ictimai rəyə qarşı açıq-aşkar çıxmaq, oturuşmuş dəyər və əxlaqi münasibətləri saymamaq - axmaqlıqdır. Elmi araşdırmalar, fəlsəfi yanaşmalar, estetik zövq və s. öz yerində, amma demokratik seçkilərdə seçicilərin "ortaq yaxşı" haqqında təsəvvürlərinə qarşı çıxmaq olmur. Ona görə də, mən, hər şeyi bir qırağa qoyaraq, sırf praktik ağıl baxımından yuxarıda sadalanan məsələlərə qarşıyam. Buna homofobiya deyirsinizsə, onda siyasət haqqında biliklərinizə yenidən baxın.
6. Radikallıq, yoxsa riyakarlıq?
Ölkəmizdə gey-paradların icazəsini istəyənlər, buna qarşı çıxanlara çox zaman elə acıqlı hücum edirlər ki, zaman və məkan haqqında təsəvvürləri yoxmuş kimi görünməyə başlayırlar. Tutaq ki, gey-parada icazə verildi. Kim çıxacaq o parada? Niyə riyakarlıq edirsiniz? Nəzəri söhbətlərin yeri deyil. Praktik danışaq. Hücum mənə deyil? Yaxşı, gəlin, hökumət mənəmsə, Yasamalda sizə gey-parad üçün Şərifzadə küçəsini verirəm. Keçirin paradınızı, görüm necə keçirirsiniz. 10 metr gedə bilməyəcəksiniz. Camaat özü sizə hücum edəcək, döyəcək. Gələcəksiniz, bəs, bizim təhlükəsizliyimizi qoru, bu dövlətin pozitiv öhdəliyidir. Elədir. İcazə verilmiş nümayişin iştirakçılarını qorumaq - dövlətin pozitiv öhdəliyidir. Amma yenə də, siz işin praktik tərəfini nəzərə almırsınız. Sizi qoruyacaq polisi haradan alım? Polis də bu xalqın arasından çıxır axı. Hansı polis işçisi gey-paradın iştirakçılarını qorumağa razı olar? Polis əmrə tabedir, orası elədir. Amma iş bir tək əmr verməklə bitmir. Əmr, onu icra etməli olan adamın düşüncələrində, ya da təsəvvürlərində barışmaz ziddiyyət yaradırsa, ona kəskin, qarşısıalınmaz mənəvi əzab verirsə, həmin əmr, çox güman ki, icra olunmayacaq. Yaxşı, lap hesab edək ki, haradansa belə polis işçilərini tapa bildik, onlara təlim keçdik və onlar (çox yüksək maaşa və ya başqa mükafata görə) gey-paradı qorumağa razılaşdılar. Düşünün, orada çalışan polis işçiləri haqqında cəmiyyətin və xüsusilə polisin öz içində münasibət nə olacaq? Adamlar hər yerdə lağa qoyulacaq, təhqir olunacaq və s. Bir sözlə, heç kəs belə polis dəstəsində işləmək istəməyəcək. Odur ki, yenə də sırf praktik baxımdan, hazırki şəraitdə gey-parad iştirakçılarının təhlükəsizliyini təmin etmək mümkün görülmədiyinə görə, belə paradların icazəsinə yol verilə bilməz. Bu gün ən təhlükəsiz çıxış yolu budur. Mən dediyim də budur. Burada moralizmə gərək yoxdur.
P.S. Mən bu statusda qəsdən öz dəyərlərimi ifadə etmədim. Ancaq kobud gerçəklikdən yazdım ki, dəyərlərimi bilib, yazıya emosional yanaşmayasınız. Siyasətdə bir çox işlərə "bu gün və burada" gözüylə baxmaq gərəkdir. Bu gün və burada başqa problemlər önəmlidir. Bununla söhbəti bağlayıram və bu mövzuya bir daha qayıtmayacağam".
Milli.Az