Siyasət

“Bakı-Brüssel (Azərbaycan-Avropa İttifaqı münasibətləri)” kitabı nəşr olunub

22 Aprel 2011 11:58
Baxış: 291
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin 2011-ci ildə üçüncü nəşri - "Bakı-Brüssel (Azərbaycan-Avropa İttifaqı münasibətləri)" kitabı çapdan çıxıb. Mərkəzdən Milli.Az xəbər portalına daxil olan məlumata görə, kitab Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq haqqında sazişin imzalanmasının 15 illiyinə həsr olunub. 1996-cı il aprel ayının 22-də imzalanan bu sənəd Azərbaycanla Avropa İttifaqı arasında  qarşılıqlı münasibətlərin hüquqi-normativ əsasını təşkil edib. Faktın özü isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən "Azərbaycan dövləti üçün çox böyük əhəmiyyəti olan tarixi hadisə" kimi səciyyələndirilib.
Bu sənəd əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə yeni təkan verib. Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Ölkəmizin əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri və geniş nəqliyyat infrastrukturunun mövcudluğu Azərbaycanın Avropa üçün əhəmiyyətin daha da artırır.

Kitabda ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının rəhbərləri ilə görüşlərdə çıxışlarının mətni, Aİ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi bəyanat, qətnamə və kommünikelər, tarixi arayışlar, məlumat-soraq materialları, foto-şəkillər yer alıb.
"Bakı-Brüssel (Azərbaycan-Avropa İttifaqı münasibətləri)" həm də Mərkəz tərəfindən "Azərbaycan-beynəlxalq təşkilatlar" seriyası ilə nəşr edilən növbəti kitabdar. Daha öncə, Mərkəz tərəfindən ölkəmizin ATƏT, İKT, NATO, BMT və Avropa Şurası ilə münasibətləri haqqında kitablar nəşr etdirilib.

Azərbaycan və ingilis dillərində nəşr olunan kitabın ön sözünün müəllifi Azərbaycan Respublikası Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlidir. "Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri" seriyasının məsləhətçisi akademik Asəf Nadirov, kitabın elmi məsləhətçiləri Belçika Parlamentinin üzvü, Azərbaycan-Belçika parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Blanşar, Milli Məclisin üzvü, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovdur.

Kitab Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayevin rəhbərlik etdiyi yaradıcı heyət tərəfindən ərsəyə gətirilib.   

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.