Cəmiyyət

Azərbaycanda bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrilib

25 İyun 2026 16:07
Baxış: 434
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Ehtiyatları Agentliyi, Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyi, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi, Azərbaycan Elm Fondu, Minatəmizləmə Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, onun tabeliyindəki Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxs statusundan çıxarılaraq büdcə təşkilatı statusuna keçirilib.

Bundan başqa, fərmanla İqtisadiyyat Nazirliyi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxslərinin MMC-lərə çevrilmə yolu ilə yenidən təşkilini iki ay müddətində təmin etməli, Cəmiyyətlərin dövlət qeydiyyatına alınması üçün onların nizamnaməsi təsdiq edildikdən sonra 3 gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna uyğun olaraq tədbirlər görməli, Cəmiyyətlər dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində aidiyyəti üzrə əmlakın onların balansına verilməsi üçün müvafiq tədbirlər görməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Bundan başqa, Nazirlər Kabineti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi"nin strukturuna daxil olan "Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi"nin və Marionet Teatrının əsasında Mədəniyyət Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin və Marionet Teatrının yaradılmasını təmin etməli, "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi"nin tabeliyində MMC-nin yaradılmasını və Şuşa şəhəri, eləcə də Şuşa rayonu ərazisində tikilmiş çoxmənzilli binaların və fərdi yaşayış evlərinin idarə edilməsi, habelə həmin ərazidə abadlaşdırma, yaşıllaşdırma, işıqlandırma və mənzil-kommunal təsərrüfatı sahələrində funksiyalarının həmin cəmiyyət vasitəsilə həyata keçirilməsini təmin etməlidir.

Maliyyə Nazirliyi yeni qurumların fəaliyyətinin maliyyələşdirilməsini cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində təmin etməli, ölkə Prezidentinin "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" 25 avqust 2025-ci il tarixli fərmanına uyğun olaraq, yaradılan yeni qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görməlidir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.