Siyasət

"Mehriban Əliyevanın rəhbərlik etdiyi dostluq qrupu əlaqələrimizin genişlənməsində mühüm rol oynayacaq"

18 Aprel 2011 18:05
Baxış: 152
Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düponun başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. AzərTAc xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişafına və daha da dərinləşməsinə dair fikir mübadiləsi aparılıb. Oqtay Əsədov əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb, parlamentlərdəki dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib. Bildirilib ki, ötən ilin noyabrında Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdən sonra parlamentdəki dostluq qrupları yenidən təşkil olunub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri seçilib.

O.Əsədov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini bir daha diqqətə çatdırıb, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın problemin aradan qaldırılmasında səylərini artıracağına ümidvar olduğunu bildirib.

Sonuncu dəfə Azərbaycana 2007-ci ildə səfər etdiyini vurğulayan Ambruaz Düpon ötən müddətdə ölkəmizin xeyli inkişaf etdiyinin şahidi olduğunu bildirib, Azərbaycanın Cənubi Qafqazdakı hərtərəfli mövqeyini yüksək qiymətləndirib.

Milli Məclisdə Azərbaycan-Fransa dostluq qrupuna Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbər seçilməsindən məmnunluğunu ifadə edən qonaq deyib ki, Azərbaycanın birinci xanımının bu vəzifəyə seçilməsi münasibətlərimizin yeni müstəvidə inkişafına təkan verəcək. O deyib: "Mehriban Əliyeva dostluq qrupunun sədri seçilməmişdən əvvəl də əlaqələrimizin inkişafı istiqamətində mühüm işlər görüb. Bu günlərdə Parisdə onun iştirakı ilə daha bir tədbir keçiriləcək. İnanırıq ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi dostluq qrupu əlaqələrimizin daha da genişlənməsində mühüm rol oynayacaq".

Daha sonra görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, münasibətlərimizin dərinləşməsində parlamentlərin rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.