Siyasət

Azərbaycan və Monqolustan arasında hava əlaqəsi yaradılacaq

30 Sentyabr 2026 12:56
Baxış: 272

Azərbaycan və Monqolustan arasında hava əlaqəsi yaradılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, "Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş" 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanıb.

Saziş Azərbaycan Respublikası ilə Monqolustan arasında beynəlxalq hava əlaqələrinin yaradılması, razılaşdırılmış marşrutlar üzrə sərnişin, baqaj, yük və poçt daşımalarının təşkili, habelə tərəflərin təyin etdikləri aviasiya şirkətlərinin fəaliyyətinin tənzimlənməsi üçün hüquqi əsasları müəyyən edir.

Sazişə əsasən, hər bir Tərəf digər Tərəfə öz dövlətinin ərazisi üzərindən yerə enmədən uçmaq, qeyri-kommersiya məqsədləri üçün həmin ərazidə dayanmaq və Əlavədə göstərilən marşrutlar üzrə daşımaları həyata keçirmək hüquqları verir. Hər bir Tərəf razılaşdırılmış xidmətlərin yerinə yetirilməsi üçün bir və ya bir neçə aviasiya şirkətini təyin edə, təyinatı dəyişdirə və ya ləğv edə bilər.

Təyin edilmiş aviasiya şirkətlərinə razılaşdırılmış xidmətlərin yerinə yetirilməsi üçün ədalətli və bərabər imkanlar verilir. Tariflərin əsaslandırılmış səviyyədə müəyyən edilməsi və daşıma proqramlarının əvvəlcədən təsdiqə təqdim olunması nəzərdə tutulur.

Sazişdə beynəlxalq hava əlaqələrində istifadə olunan hava gəmilərinin, onların adi avadanlığının, yanacaq və sürtkü materiallarının, ehtiyatlarının və müəyyən digər malların gömrük rüsumlarından və vergilərdən azad edilməsi, habelə təyin edilmiş aviasiya şirkətlərinin satış keçirilən dövlətin ərazisində əldə etdikləri gəlirlərin xərclər çıxıldıqdan sonra qalan hissəsinin sərbəst konvertasiya olunan valyutada köçürülməsi nəzərdə tutulur.

Tərəflər mülki aviasiyanın təhlükəsizliyinə qarşı qanunsuz müdaxilə aktlarının qarşısının alınması üzrə beynəlxalq öhdəliklərini təsdiq edir və belə təhlükələr zamanı qarşılıqlı yardım göstərirlər. Sertifikatların və lisenziyaların qarşılıqlı tanınması, təhlükəsizlik üzrə məsləhətləşmələr və hava gəmilərinin perron yoxlamaları da tənzimlənir.

Sazişin Əlavəsinə əsasən, Azərbaycan tərəfinin təyin etdiyi aviasiya şirkətləri üçün Azərbaycan Respublikasında Bakı, Gence, Naxçıvan, Lənkəran, Qəbələ və Zaqatala, Monqolustanda isə Ulan-Bator, Hovd ve Çoybalsan məntəqələri müəyyən edilir. Aralıq və kənar məntəqələr sonradan müəyyən ediləcəkdir. Təyin edilmiş aviasiya şirkətlərinə blok sahəsi və ya kod-şerinq müqavilələri bağlamağa icazə verilir.

Sazişin təfsiri və ya tətbiqi ilə bağlı mübahisələr ilk növbədə danışıqlar yolu ilə həll edilir. Mübahisənin danışıqlar yolu ilə həllinə nail olunmadıqda Tərəflər onun müvafiq şəxsə və ya orqana təqdim edilməsi barədə razılığa gələ bilərlər, belə razılıq əldə olunmadıqda isə mübahisə arbitraj məhkəməsinə təqdim edilir.

"Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.