Siyasət

Kamaləddin Qafarov: “Azərbaycan-Türkmənistan əməkdaşlığı yeni iqtisadi və siyasi dividendlər gətirəcək”

23 İyun 2026 11:30
Baxış: 286

"Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə Bakıda keçirdiyi görüşdən sonra səsləndirdiyi bəyanat iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyətini qiymətləndirməklə yanaşı, gələcək əməkdaşlığın əsas istiqamətlərini də aydın şəkildə ortaya qoydu".

Milli.Az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Kamaləddin Qafarovun mətbuata açıqlamasında yer alıb.

O, bildirib ki, Azərbaycan və Türkmənistan münasibətləri artıq yalnız tarixi, etnik və mədəni yaxınlıq çərçivəsində deyil, həm də strateji maraqların uzlaşdığı yeni geosiyasi platforma üzərində inkişaf edir. "Diqqət çəkən əsas məqamlardan biri dövlətlər arasında formalaşmış yüksək siyasi etimadın konkret layihələrə çevrilməsidir. Dövlət başçılarının həm təkbətək, həm də geniş tərkibdə apardıqları danışıqlar, verilən konkret tapşırıqlar və Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər müəyyən edilmiş fəaliyyət istiqamətləri onu göstərir ki, Bakı ilə Aşqabad əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirmək niyyətindədir. Bu yanaşma münasibətlərin təsadüfi deyil, uzunmüddətli strateji planlaşdırma əsasında inkişaf etdiyini nümayiş etdirir."        

Millət vəkilinin fikrincə, Prezident İlham Əliyevin Qarabağın bərpasında Türkmənistanın göstərdiyi dəstəyi xüsusi vurğulaması da mühüm siyasi məna daşıyır: "Füzuli şəhərində məscidin tikintisi təşəbbüsü təkcə humanitar layihə deyil, həm də Azərbaycanın ərazi bütövlüyünə və postmünaqişə dövründə həyata keçirilən genişmiqyaslı quruculuq siyasətinə verilən qardaş dəstəyinin rəmzidir. Bu addım Türk dünyasında qarşılıqlı həmrəyliyin praktik ifadəsi kimi qiymətləndirilə bilər. Bəyanatın mühüm istiqamətlərindən biri Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyasının yeni mərhələyə keçməsidir. Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsini tarixi hadisə adlandırmaqla ölkənin regional siyasətində yeni geosiyasi xəttin formalaşdığını göstərdi. Burada Türkmənistanın fəal dəstəyinin xüsusi qeyd olunması isə Aşqabadın Azərbaycanın regiondakı rolunun güclənməsinə verdiyi əhəmiyyətin göstəricisidir."

K.Qafarov əmin olduğunu bildirib ki, bu proses yalnız siyasi baxımdan deyil, iqtisadi aspektdən də böyük perspektivlər açır. "Xəzər hövzəsini birləşdirən nəqliyyat marşrutlarının inkişafı, Orta Dəhlizin genişlənməsi və yükdaşımaların artırılması istiqamətində aparılan koordinasiya regionun iqtisadi xəritəsini dəyişdirən amillər sırasındadır. Prezident İlham Əliyevin vurğuladığı kimi, etibarlı nəqliyyat marşrutlarının yaradılması yalnız infrastruktur layihələri ilə deyil, ilk növbədə dövlətlər arasında mövcud olan siyasi etimad və qarşılıqlı maraqlarla mümkündür. Bu baxımdan Azərbaycan-Türkmənistan tərəfdaşlığı Avrasiya məkanında sabit və təhlükəsiz logistika sisteminin mühüm dayaqlarından birinə çevrilmək potensialına malikdir. Təbii ki, dövlət başçımızın bəyanatında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi barədə verilən mesajlar da diqqətdən yayınmır. Hər iki ölkənin zəngin enerji ehtiyatlarına malik olması, onların beynəlxalq bazarlara çıxış imkanlarının əlaqələndirilməsi və yeni layihələrin reallaşdırılması regional enerji təhlükəsizliyinə mühüm töhfə verə bilər. Bu istiqamətdə formalaşan əməkdaşlıq yalnız ikitərəfli münasibətlərə deyil, Avropa ilə Asiyanı birləşdirən enerji kommunikasiyalarının etibarlılığına da müsbət təsir göstərəcək".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.