Ermənistan hökumətinin uzun illər məxfi saxladığı Qarabağ danışıqlarına aid sənədləri açıqlaması ölkə siyasətində yeni gərginlik yaradıb. Bu addım əslində beynəlxalq auditoriyaya deyil Ermənistanın daxili siyasi proseslərinə hesablanıb. Baş nazir Nikol Paşinyanın əsas məqsədi sənədləri ictimailəşdirməklə əvvəlki hakimiyyətləri ittiham etmək və öz mövqeyini legitimləşdirməkdir.
Rəsmi İrəvanın paylaşdığı materiallar Paşinyanın iddiasına görə əvvəlki rəhbərlərin Azərbaycanın təklif etdiyi daha optimal həll imkanlarını vaxtında qəbul etmədiyini göstərir. Baş nazir bununla demək istəyir ki, müharibə əvvəldən qaçılmaz idi və məsuliyyət indiki hakimiyyətin deyil keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın üzərindədir.
Əslində diplomatik praktikada məxfi sənədlərin digər tərəflərlə razılaşdırmadan yayılması qəbul olunan davranış deyil və ciddi etimad problemləri yaradır. Azərbaycan tərəfi üçün bu addım narahatedici sayılmır. Çünki danışıqların bütün mərhələlərində Azərbaycan mövqeyi aydın və prinsipial olub. Mövqeyimizin əsas məzmunu ölkənin suverenliyi və ərazi bütövlüyünün tam şəkildə təmin olunması idi.
Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesi 2020-ci ilə qədər davam edib. Bu illər ərzində müxtəlif həll variantları irəli sürülmüşdü. Onların arasında paket yanaşması, mərhələli həll axtarışı və beş rayonun daha sonra iki rayonun qaytarılması kimi formullar da yer almışdı.
Azərbaycan reallığın sərt qaydalarını yaxşı anlayırdı. Ordu işğal faktı ilə üzləşmişdi və beynəlxalq münasibətlər sisteminin tələbləri danışıqlardan imtinanı mümkün etmirdi. Bununla belə heç bir variant Azərbaycanın milli maraqlarını tam təmin etmirdi. Buna baxmayaraq, dövlət məsuliyyətini nəzərə alan Azərbaycan tərəfi prosesdən uzaqlaşmırdı. Azərbaycan rəhbərliyi anlayırdı ki, işğal altındakı bütün ərazilərin bir anda danışıqlar yolu ilə geri qaytarılması real deyil. Buna görə də mərhələli həll yanaşması tamamilə rədd edilmirdi. Lakin bütün mərhələli planların son nəticəsi Azərbaycanın bütün torpaqlarında tam suverenliyin bərpası olmalı idi.
Tarixdə maraqlı epizodlardan biri Qarabağın guya Ermənistana məxsus Meğri bölgəsi ilə dəyişdirilməsi təklifi idi. Heydər Əliyev bu diplomatik oyunu böyük siyasi ustalıqla idarə edərək qondarma rejimin danışıqlardan kənarlaşdırılmasına nail olmuşdu. Beləliklə, növbəti illərdə danışıqlar yalnız Ermənistanla aparılırdı. Bu detal Ermənistanın illər sonra belə düzəldə bilmədiyi ciddi diplomatik məğlubiyyət nümunəsi kimi tarixə düşdü.
2011-ci ildə Kazanda təqdim edilmiş sənəd Azərbaycanın milli maraqlarını təmin etmirdi. Prezident İlham Əliyev bunun fərqində idi və təklifi qəbul etmədi. Bu qərar ölkənin suverenliyi məsələsinin müzakirə predmetinə çevrilməz olduğunu göstərən ən mühüm anlardan biri oldu. Azərbaycan rəhbərliyinin mövqeyi aydın idi. Xalqın və dövlətin iradəsinə zidd heç bir sənəd qəbul edilə bilməz.
Diplomatiyada bir əsas prinsip var. Heç bir məsələ tam razılaşdırılmadan heç nə razılaşdırılmış sayılmır. Azərbaycan danışıqlarda müxtəlif taktikalardan istifadə edərək Ermənistanın qırmızı xətlərini müəyyən edir və real məqsədlərini daha dəqiq görürdü.
Serj Sarkisyanın 2016-cı ildə Vladimir Putinə göndərdiyi məktub isə Ermənistanın proses boyunca səmimi olmadığını bir daha təsdiqlədi. Məktubdan göründüyü kimi Ermənistan status kvonu uzatmaq istəyir və işğala əsaslanan qeyri qanuni vəziyyəti qorumağa çalışırdı.
Danışıqlar davam etdikcə Azərbaycan iqtisadi və hərbi gücünü artırır, beynəlxalq təşkilatlarda ölkənin maraqlarına uyğun qətnamələrin qəbul olunmasına nail olurdu. Bu addımlar bölgədə yeni reallıqlar yaradırdı və işğalın aradan qaldırılması üçün tarixi şərait formalaşdırırdı.
Azərbaycan danışıqlara sadəcə vaxt keçirmək üçün yox, real həll axtarmaq üçün qatılırdı. Yeganə məqsəd işğala son qoymaq idi. Dövlət heç vaxt suveren torpaqlarının güzəşt edilməsini nəzərdə tutmayıb. Ermənistanın təxribatları artanda, təmas xəttində hücumlar güclənəndə və diplomatik yol tükənəndə Azərbaycan öz hüququnu həyata keçirdi və beynəlxalq hüquqa uyğun olaraq torpaqlarını hərbi yolla azad etdi. Bununla Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri faktiki olaraq Azərbaycan tərəfindən icra olunmuş oldu.
Azərbaycan bu prosesdə yalnız torpaqlarını azad etmədi. Azərbaycan öz iradəsini, xarakterini və dövlətçilik gücünü nümayiş etdirdi. İllərlə danışıqlarda uzanan süni masa dağıldı və yerini reallığın diktəsi aldı. Bu reallıq Azərbaycanın gücü ilə yaranmışdı. Ermənistanda indi kim hansı sənədi açıqlayırsa açıqlasın, tarixin nəbzi başqa cür döyünür. Bu nəbz qalib Azərbaycanın ritmidir. Bu ritm dəyişməyəcək.
İslam
Milli.Az





