İngiltərənin "Nyukasl" futbol komandasının sabiq forvardı Cüzeppe Rossi Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Nyukasl" - "Barselona" oyunu barədə maraqlı proqnozlar verib. Karyerası ərzində 139 qol vuran italyan ulduz keçmiş komandasının bu çətin sınaqdan necə üzüağ çıxa biləcəyinin yolunu göstərib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Rossi Kataloniya klubunun favorit olduğunu düşünsə də, ingilislərin şansını yüksək qiymətləndirib.
Rossi bildirib ki, "Nyukasl"ın əsas silahı fiziki oyun və erkən qol olmalıdır:
"Barselona" hər zaman çətin rəqibdir, mən onların oyun üslubunun pərəstişkarıyam. Düşünürəm ki, cütün favoriti onlardır. Lakin "Nyukasl" rəqibin diqqətini dağıtmağın yolunu tapsa, işlər dəyişə bilər. Oyunu fiziki mübarizə müstəvisinə keçirmək və erkən qol vuraraq "Barselona" üzərində təzyiq yaratmaq lazımdır. Bu, mərhələni keçmək üçün ən yaxşı yoldur".
Eddi Haun komandası öz meydanında istənilən rəqib üçün kabusa çevrilə bilir. Qeyd edək ki, tərəflər bu mövsüm qrup mərhələsində artıq qarşılaşıblar. Həmin oyunda "Barselona" 2:1 hesabı ilə qalib gəlmiş, qonaqların ikinci qolunu Markus Reşford uzaq məsafədən vurduğu möhtəşəm zərbə ilə rəsmiləşdirmişdi.
Milli.Az





