Siyasət

İlham Əliyev Paşinyandan niyə qələmi götürməsini istədi? - Jestin tarixçəsi

9 Avqust 2025 23:50
Baxış: 591

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda keçirilmiş görüşdən sonra Birgə Bəyannamə imzalayıblar.

İmzalanma mərasimində diqqətçəkən məqamlardan biri İlham Əliyevin Ermənistan baş nazirindən tarixi sənədi imzaladığı qələmi götürməsini istəməsi olub. Bu jest nə qədər xoş görünsə də, mənası cəmiyyətdə tam anlaşılmayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Nikol Paşinyandan həmin qələmi götürmək istəməsi diplomatik protokolda həm rəmzi, həm də incə mesaj daşıyan jestdir.

Belə ki, tarixdə oxşar nümunələrdən birini qeyd etmək olar. Məsələn, 1978-ci ildə Misir və İsrail arasında Kemp-Devid razılaşmasında sabiq Misir prezidenti Ənvər Sədat, sabiq İsrail baş naziri Menaxem Begin və sabiq ABŞ prezidenti Cimmi Karter ümumi diplomatik praktikaya uyğun olaraq sənədi imzalamaq üçün xüsusi qələmlərdən istifadə ediblər və həmin qələmlər xatirə kimi saxlanılıb. Bu razılaşmalar 1979-cu ildə İsrail və Misir arasında sülh müqaviləsinin imzalanmasına zəmin yaradıb. Mərasim zamanı hər üç liderin istifadə etdiyi qələmlər xüsusi olaraq həmin tədbir üçün seçilib və sonradan xatirə əşyası kimi saxlanılıb.

Tarixi əhəmiyyətə malik bu qələmlər müxtəlif kolleksiyalarda və muzeylərdə nümayiş etdirilir. ABŞ Prezident Kitabxanası və Muzeyi Kemp-Devid razılaşmasının imzalanma mərasimindən olan fotoları və həmin qələmləri öz kolleksiyasında saxlayır.

Bəs bu jestin mənası nədir?

Sülh danışıqlarında və ya diplomatik yazışmalarda qələmin simvolik rolu var. Münaqişəni həll etmək üçün silah yerinə qələmin, yəni yazının, sənədin üstünlüyü vurğulanır.

Burada İlham Əliyev Paşinyana sənədin imzalanmasının həm tarixi, həm də ciddi öhdəlik olduğunu xatırlatmaqla yanaşı, gələcəkdə birgə sülh və əməkdaşlığın əsaslarını möhkəmləndirməyə çağırır. Bu jest hörmət və diplomatik bərabərliyi ifadə edir. Həmçinin sülh prosesinin ciddiliyini və gələcəkdə tərəflərin üzərinə düşən məsuliyyəti simvolizə edən incə, diplomatik addım hesab olunur.

Bu qələmlər yalnız sənədin imzalanmasında istifadə edilməklə qalmır, həm də həmin tarixi anın və sülh prosesinin rəmzi kimi saxlanılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.