Siyasət

Şəxsiyyət vəsiqələrində bu dəyişikliklər olacaq - Prezident təsdiqlədi - FOTO

25 İyul 2025 14:17
Baxış: 2 691

Prezident İlham Əliyev "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qərara əsasən, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda bir sıra dəyişikliklər edilib.

Belə ki, şəxsiyyət vəsiqəsinin məlumatları onun üzərində, elektron daşıyıcısında və "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (bundan sonra ─ İAMAS) olan məlumatlardan ibarətdir.

Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, vətəndaşlığı, doğulduğu yer, ünvanı (yaşayış yeri), qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkli yerləşdirilir.

Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir:

bu maddənin ikinci hissəsində göstərilən məlumatlardan vətəndaşın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, vəsiqənin verilmə tarixi, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkli;

vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı;

vətəndaşın əl-barmaq izləri;

şəxsiyyət vəsiqəsini verən orqanın adı;

"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"də nəzərdə tutulduğu halda digər məlumatlar.

Vətəndaşın şəxsiyyət vəsiqəsi ilə bağlı İAMAS-da olan və müvafiq dövlət informasiya sistemlərindən (ehtiyatlarından) ötürülən məlumatlardan aşağıdakılar İAMAS-da kriptoqrafik vasitələrlə mühafizə olunaraq saxlanılır:

vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi və hərbi vəzifəsi;

vətəndaşın valideynlərinin soyadı, adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları;

vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir);

vətəndaşın uşaqlarının soyadı, adı, doğum tarixi və cinsi.

Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə, şəxsiyyət vəsiqəninin elektron daşıyıcısına və müvafiq dövlət informasiya sistemlərinə (ehtiyatlarına) daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdehdir.

Şəxsiyyət vəsiqəsinin məlumatları Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Şəxsiyyət vəsiqəsinin məlumatlarının Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.