Siyasət

Ümumvətəndaş, xidməti və diplomatik pasportların spesifikasiyası təsdiq edildi

21 İyul 2012 19:27
Baxış: 533
Prezident İlham Əliyev "Ümumvətəndaş, xidməti və diplomatik pasportların təsvirinin,spesifikasiyasının və nümunələrinin təsdiq edilməsi haqqında" fərman imzalamışdır.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinə əsasən qərara alıram:
1. "Ümumvətəndaş, xidməti və diplomatik pasportların təsviri"
təsdiq edilsin (Əlavə I).
2. "Ümumvətəndaş, xidməti və diplomatik pasportların
spesifikasiyası" təsdiq edilsin (Əlavə II).
3. "Ümumvətəndaş, xidməti və diplomatik pasportların
nümunələri" təsdiq edilsin (Əlavə III).
4. Bu Fərman 2013-cü il iyunun 1-dən qüvvəyə minir".

* * *

Ümumvətəndaş, xidməti və diplomatik pasportların spesifikasiyası

1. Ümumvətəndaş, xidməti və diplomatik pasportların (bundan sonra - pasport) spesifikasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 nömrəli sənədində nəzərdə tutulmuş, maşınla oxunan səyahət sənədlərinə tətbiq olunan beynəlxalq tələb və standartlara uyğundur.
2. Pasportun küncləri 3,18 mm radius boyunca dəyirmiləşdirilmişdir.
3. Pasportun üz qabığı və daxili səhifələri üçün istifadə olunan kağız ultrabənövşəyi şüanı əks etdirmir.
4. Pasportun üz qabığı yüksək keyfiyyətli akril materialındandır. Pasportun üz qabığının ikinci və üçüncü səhifələri üçün istifadə olunan kağız 50 faiz pambıqdan və 50 faiz sellülozdan ibarətdir və onun hər kvadrat metri 120 qramdır. Pasportun üz qabığı yüksək temperatura, köhnəlməyə, cırılmaya, kimyəvi maddələrin təsirinə, rütubətə davamlıdır və ekoloji cəhətdən təhlükəsizdir.
5. Pasportun üz qabığının ikinci və üçüncü səhifələrində ultrabənövşəyi spektrdə görünən liflərdən, gilyoşdan, mikromətndən, göy qurşağı üsulu ilə çapdan, relyefli çapdan, dərin çapdan, infraqırmızı və ultrabənövşəyi çapdan istifadə olunur.
6. Pasportun daxili səhifələri onların çıxarılmasını və yeni səhifələrin daxil edilməsini istisna edən üsulla üz qabığına birləşdirilir.
7. Pasportun daxili birinci və ikinci səhifələri (məlumat səhifələri) yüksək keyfiyyətli 100 faizli polikarbonat materialından hazırlanır. Polikarbonat materialı şəffafdır, yüksək temperatura, işığa, deformasiyaya, kimyəvi maddələrin təsirinə və rütubətə davamlıdır, istifadə zamanı zəhərləyici maddələr ifraz etmir, pasport sahibinin üzünün təsvirini keyfiyyətli əks etdirir və saxtalaşdırmanın qarşısını almaq xüsusiyyətinə malikdir.
8. Pasportun daxili ikinci səhifəsində pasport sahibinin üzünün təsvirinin qorunmasını təmin edən elementlərdən, optik dəyişən rəngli boyadan, kineqramdan, gilyoşdan, mikromətndən, relyefli çapdan, göy qurşağı üsulu ilə çapdan, lazer həkketmə texnologiyasından, optik dəyişən elementlərdən və ultrabənövşəyi çapdan istifadə olunur.
9. Pasportun daxili 3-50-ci səhifələri üçün istifadə olunan kağız 50 faiz pambıqdan və 50 faiz sellülozdan ibarətdir və onun hər kvadrat metri 90 qramdır.
10. Pasportun daxili kağız səhifələrində su nişanlarından, ultrabənövşəyi spektrdə görünən liflərdən, kimyəvi üsulla məlumatların pozulmasını və ya dəyişdirilməsini istisna edən maddələrdən, gilyoşdan, mikromətndən, ultrabənövşəyi çapdan və göy qurşağı üsulu ilə çapdan istifadə olunur və bu elementlər mütənasib şəkildə yerləşdirilir.
11. Pasportun daxili kağız səhifələrində sıra nömrəsi müxtəlif üsullarla əks etdirilir.
12. Pasportun nömrəsi, daxili 3-cü səhifədən başlayaraq, bütün daxili səhifələrin və üz qabığının üçüncü və dördüncü səhifələrinin yuxarı orta hissəsində konusvari deşilmə üsulu ilə əks etdirilir.
13. Pasportun məlumat səhifəsində yaddaşı ən azı 80 kilobayt olan elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıda (çipdə) "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən məlumatlar (pasport sahibinin imzası istisna olmaqla), pasport sahibinin üzünün təsviri və hər əlindən bir barmaq izi yerləşdirilir.
14. Elektron daşıyıcıda məlumatların saxlanılma müddəti ən azı 10 ildir. Elektron daşıyıcıda saxlanılan məlumatların təhlükəsizliyinin təmin olunması üçün elektron imza texnologiyasından və kriptoqrafik alqoritmdən istifadə edilir.
15. Elektron daşıyıcı ən azı Basic Access Control, Passiv Authentication, Chip Authentication və Extended Access Control kimi mexanizmləri dəstəkləməli və İSO CC EAL 5+ səviyyəsində uyğunluq sertifikatına malik olmalıdır.


*****

Ümumvətəndaş, xidməti və diplomatik pasportların təsviri


1. Ümumvətəndaş, xidməti və diplomatik pasportların (bundan sonra - pasport) təsviri Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 nömrəli sənədində nəzərdə tutulmuş, maşınla oxunan səyahət sənədlərinə tətbiq olunan beynəlxalq tələb və standartlara uyğundur.
2. Pasport 88 mm x 125 mm ölçülüdür. 4 səhifəlik üz qabığından və 50 daxili səhifədən ibarətdir.
3. Pasportun tipindən asılı olaraq, onun üz qabığının birinci və dördüncü səhifələri aşağıdakı rənglərdədir:
3.1. ümumvətəndaş pasportu - tünd yaşıl rəngdə;
3.2. xidməti pasport - tünd göy rəngdə;
3.3. diplomatik pasport - tünd qırmızı rəngdə.
4. Pasportun üz qabığının birinci səhifəsində qızılı rənglə yuxarıda alt-alta "AZƏRBAYCAN RESPUBLİKASI / REPUBLIC OF AZERBAIJAN" sözləri, aşağıda alt-alta, tipindən asılı olaraq, "PASPORT/ PASSPORT", "XİDMƏTİ PASPORT / SERVICE PASSPORT" və ya "DİPLOMATİK PASPORT / DIPLOMATIC PASSPORT" sözləri yazılır, ortada Azərbaycan Respublikası Dövlət gerbinin qrafik təsviri verilir. Həmin səhifənin aşağı orta hissəsində pasportda elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə qoyulur.
5. Pasportun üz qabığının ikinci səhifəsində Azərbaycan Respublikası Dövlət gerbinin, üçüncü səhifəsində Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası xəritəsinin rəngli təsvirləri əks olunur. Hər iki səhifədə pasportun tipinə uyğun rənglərdən istifadə edilir.
6. Pasportun tipindən asılı olaraq, onun üz qabığının üçüncü səhifəsində aşağıdakı mətn yazılır:
6.1. ümumvətəndaş pasportunda:
"Bu pasport Azərbaycan Respublikasının mülkiyyətidir. This passport is the property of the Republic of Azerbaijan.
Pasport 50 səhifədən ibarətdir. The passport contains 50 pages.";
6.2. xidməti pasportda:
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bütün səlahiyyətli orqanlardan bu pasportu təqdim edən Azərbaycan Respublikası vətəndaşına hər cür kömək göstərməyi xahiş edir.
The Ministry of Foreign Affairs of the Republic of Azerbaijan requests all authorities to extend all the courtesies to the bearer of this passport, citizen of the Republic of Azerbaijan.
Bu pasport Azərbaycan Respublikasının mülkiyyətidir. This passport is the property of the Republic of Azerbaijan.
Pasport 50 səhifədən ibarətdir. The passport contains 50 pages.";
6.3. diplomatik pasportda:
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bütün səlahiyyətli orqanlardan bu pasportu təqdim edən Azərbaycan Respublikası vətəndaşına sərhədi maneəsiz keçməkdə və digər hallarda hər cür kömək göstərməyi xahiş edir.
The Ministry of Foreign Affairs of the Republic of Azerbaijan requests all authorities to allow free passage and to extend all courtesies to the bearer of this passport, citizen of the Republic of Azerbaijan.
Bu pasport Azərbaycan Respublikasının mülkiyyətidir. This passport is the property of the Republic of Azerbaijan.
Pasport 50 səhifədən ibarətdir. The passport contains 50 pages.".
7. Pasportun üz qabığının dördüncü səhifəsinin üzərində heç bir təsvir yoxdur.
8. Pasportun daxili səhifələrində Azərbaycan Respublikasının rəmzləri, milli ornamentlər əks etdirilir, pasportun tipinə uyğun rənglərdən istifadə olunur, tək nömrəli səhifələrin sağ kənarının, cüt nömrəli səhifələrin sol kənarının orta hissəsində sıra nömrəsi qoyulur. Pasportun daxili birinci və ikinci səhifələrində sıra nömrəsi qoyulmur.
9. Pasportun daxili birinci səhifəsinin orta hissəsində alt-alta "AZƏRBAYCAN RESPUBLİKASI / REPUBLIC OF AZERBAIJAN" sözləri, ondan aşağıda alt-alta, tipindən asılı olaraq, "PASPORT / PASSPORT", "XİDMƏTİ PASPORT/SERVICE PASSPORT" və ya "DİPLOMATİK PASPORT / DIPLOMATIC PASSPORT" sözləri yazılır.
10. Pasportun daxili ikinci səhifəsində aşağıdakılar göstərilir:
10.1. "AZƏRBAYCAN RESPUBLİKASI / REPUBLIC OF AZERBAIJAN";
10.2. pasportun tipindən asılı olaraq, "PASPORT / PASSPORT", "XİDMƏTİ PASPORT / SERVICE PASSPORT" və ya "DİPLOMATİK PASPORT / DIPLOMATIC PASSPORT";
10.3. "Tip / Type" (ümumvətəndaş pasportunun tipinin şərti işarəsi "PC", xidməti pasportun tipinin şərti işarəsi "PS", diplomatik pasportun tipinin şərti işarəsi isə "PD" kimi müəyyənləşdirilir);
10.4. "Ölkənin kodu / Code of State";
10.5. "Pasportun nömrəsi / Passport No" (Pasportun nömrəsi tipinin şərti işarəsinin ikinci hərfindən və səkkiz ərəb rəqəmindən ibarətdir);
10.6. "Soyadı / Surname";
10.7. "Adı, atasının adı / Given name, patronymic";
10.8. "Vətəndaşlığı / Nationality";
10.9. "Doğulduğu tarix / Date of birth";
10.10. "Fərdi identifikasiya nömrəsi / Personal No";
10.11. "Cinsi / Sex";
10.12. "Doğulduğu yer / Place of birth";
10.13. "Verilmə tarixi / Date of issue";
10.14. "Etibarlılıq müddəti / Date of expiry";
10.15. "Pasport sahibinin imzası / Holder`s signature";
10.16. "Pasportu verən orqan / Issuing authority";
10.17. pasport sahibinin 30 mm x 37 mm ölçülü üzünün təsviri üçün yer və elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə;
10.18. beynəlxalq tələb və standartlara uyğun olaraq, maşınla oxuna bilən iki sətirdən ibarət yazı. Həmin yazının ikinci sətrinin 29-cu simvolundan başlayaraq Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya nömrəsi göstərilir.
11. Pasportun daxili cüt nömrəli səhifələrinin (2-ci və 50-ci səhifələr istisna olmaqla) sol yuxarı kənarında yuxarıdan aşağıya doğru, tək nömrəli səhifələrinin (1-ci səhifə istisna olmaqla) sağ yuxarı kənarında aşağıdan yuxarıya doğru "VİZALAR / VISAS" sözləri yazılır.
12. Pasportun daxili 50-ci səhifəsinin sol yuxarı kənarında yuxarıdan aşağıya doğru "XÜSUSİ QEYDLƏR / SPECIAL NOTES", aşağıda ortada "Qan qrupu / Blood group" sözləri yazılır və həmin sözlərin altında pasportun nömrəsi ştrix kod vasitəsilə qeyd olunur.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.