Siyasət

Pezeşkian İranın yeni prezidenti seçildi - YENİLƏNİB

6 İyul 2024 07:40
Baxış: 5 154

İslahatçı Məsud Pezeşkian İranda keçirilən prezident seçkilərinin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəlib.

"Report" xəbər verir ki, bunu ölkənin Seçki Qərargahının rəsmi nümayəndəsi Mohsen Eslami açıqlayıb.

Onun IRIB telekanalında bildirdiyinə görə, 30,53 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən, müasir İran tarixində doqquzuncu seçilmiş prezident olan Pezeşkiyan 16,384 milyon səs toplayıb - səslərin azı 53,6 faizi.

İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili 13,538 milyon - 44,3% səs toplayıb.

İranda keçirilən prezident seçkilərində seçici fəallığı 49,8% təşkil edib.

Qeyd edək ki, İran prezidenti ali rəhbər Əli Xameneidən sonra ölkədə əhəmiyyətcə ikinci siyasətçidir. Prezidentin vəzifələrinə konstitusiyanın müddəalarını həyata keçirmək və icra hakimiyyətinə rəhbərlik etmək daxildir. İranın xarici siyasətinin ümumi istiqaməti yeni prezidentdən asılı olacaq.

--------

06:26

Sabiq səhiyyə naziri və "İslahatçılar" düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian İranda prezident seçkilərində liderlik edir.

Trend-in məlumatına görə, bu barədə İran İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

58,6 min seçki məntəqəsindən 13,28 minində (22,7%) 5,819 milyon bülleteni emal etdikdən sonra M.Pezeşkian 2,904 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi , mühafizəkar Səid Cəlili isə 2,815 milyon səs toplayıb. İlkin məlumatlara görə, seçkilərin ikinci turunda 30 milyondan çox insan səs verib.

--------

00:40

Bu gün İranda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə müddəti yerli vaxtla saat 22:00-dək uzadılıb.

Axar.az xəbər verir ki, bu barədə İran Seçki Qərargahının nümayəndəsi Möhsün İslami deyib.

Daha öncə səsvermənin vaxtı 20:00-a kimi uzadılmışdı.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkilərinin 2-ci turu yerli vaxtla saat 08:00-da başlayıb. Bu turda 2 namizəd - Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır.

-------

08:49

İranda növbədənkənar prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb.

İranda prezident seçkilərinin ikinci turu keçirilir. Mübarizə Məsud Pezeşkiyanla Səid Cəlili arasında gedir.

Bütün səslər hesablandıqdan sonra ölkədə seçkilərin nəticələrinin iyulun 6-da səhər saatlarında məlum olacağı gözlənilir.

Prezidentlik uğrunda 69 yaşlı keçmiş səhiyyə naziri, islahatçı Məsud Pezeşkiyan və İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı 58 yaşlı nümayəndəsi, mühafizəkar Səid Cəlili mübarizə aparır.

İyunun 28-də İranda 4 namizədin iştirakı ilə prezident seçkisi keçirilib. Birinci turda qalib müəyyən edilmədiyindən prezidentliyə namizədlər Məsud Pezeşkian və Səid Cəlili ikinci tura keçib.

Pezeşkian ölkəsində "korrupsiya və qohumbazlıqdan uzaq" birisi kimi tanınır.

İxtisasca həkim olan 70 yaşlı Pezeşkian İranda nazir, nazir müavini, parlamentdə spikerin birinci müavini kimi müxtəlif vəzifələr tutub.

70 yaşlı Məsud Pezeşkian İranın Məhabad şəhərində doğulub. Orta təhsilini Urmiyada alan Pezeşkian hələ inqilabdan əvvəl Təbriz universitetində tibb təhsili alıb.

İnqilabdan sonra isə, o, ürək və ümumi cərrahiyyə üzrə ixtisaslaşıb. 1994-cü ildən 2000-ci ilədək Təbriz Tibb Elmləri Universitetinin prezidenti postunu tutub.

Məhəmməd Xatəminin formalaşdırdığı ilk hökumətdə Məsud Pezeşkian səhiyyə və tibb təhsili nazirinin müavini, bir qədər sonra, ikinci islahatçı hökumət dövründə nazir təyin edilib.

İki il nazir olduqdan sonra parlament tərəfindən tibb sektorundakı qiymətlər, dərman-narkotik problemi, vəzifə təyinatları ittihamı ilə impiçmentə məruz qalıb.

Həmin vaxt parlament spikerinin müavini olmuş Behzad Nəbəvi Pezeşkianı müdafiə edərək, səhiyyə sektorundakı boşluqların dərin köklərə malik olduğunu və bu çatışmazlıqların Pezeşianın iki illik nazir vəzifəsi ilə əlaqəli olmadığını deyib.

Onun nazir olduğu vaxtda bəzi parlament üzvləri ölkədəki tibb universitetlərinin Elm Nazirliyinin tabeliyinə verilməsini təklif etsələr də, bu, reallaşmayıb.

İki il dövlət vəzifələrindən uzaq olan Pezeşkian Mahmud Əhmədinecatın prezidentliyi dövründə, 2007-ci ildə Təbriz şəhərindən deputatlığa namizədliyini irəli sürüb və parlamentə seçilib.

Pezeşkian bu uğurunu sonrakı 4 parlament seçkilərində də təkrarlayıb.

10-cu parlament seçkilərində o, islahatçılardan ibarət Ümid fraksiyasını təmsil edirdi və 158 səslə spikerin birinci müavini postuna seçilmişdi. Lakin ölkənin siyasi mübahisəli məsələlərində islahatçıların nümayəndəsi olaraq, aydın mövqe ortaya qoymayıb.

Pezeşkian 8-ci parlamentdə təmsil olunarkən, zorlama və seksual qısnamada ittiham edilən Mələkan şəhərinin deputatı Salman Xodadadinin etimadnaməsini müdafiə edib. Onun parlamentin qapalı sessiyasında dediyi şeir Xodadadinin etimadnaməsini istəməyən din xadimi Ruhullah Hüseynian ilə mübahisəyə səbəb olub.

Spikerin müavini olarkən Pezeşkian deyib ki, "hökumət özü narkotik tədarükçüsü olmadıqca, narkotik asılılığına qarşı mübarizə aparmaq mümkün olmayacaq".

O təklif edirdi ki, əgər hökumət narkotik təchizatını həyata keçirərsə, o zaman müalicəyə ehtiyacı olanları daha asan yolla sağaltmaq olar. Onun təklifi İran polisinin yüksək rütbəli rəsmisi tərəfindən rədd edilib və bunun mümkün olmadığı bildirilib.

2018-ci ilin yayında əmək və sosial rifah naziri Əli Rabyeinin impiçmenti zamanı Pezeşkian onu müdafiə edərək, hökuməti dövlət rəsmilərinə və onların ailələrinə qarşı ittihamlara göstərdiyi dözümsüzlüyə görə tənqid edib.

"Mən nazir olan zaman, mənim övladlarımın xaricdə olduğu, qızımın isə BMW sürdüyü iddia edilirdi. Lakin övladlarım heç vaxt xaricdə olmayıb. Onların nə avtomobilləri olub, nə də nazirliyin xidməti maşınından istifadə ediblər", - Pezeşkian çıxışlarının birində deyib.

BBC bildirir ki, iqtisadi və büdcə məsələləri ilə bağlı Pezeşkian və onun ailəsinin şəffaflığı qoruduğu deyilir. O, İran İslam Respublikasında bir çoxlarını narazı salan korrupsiya və qohumbazlıq kimi proseslərdən uzaq olub.

Açıq sözlü olaraq tanınan Pezeşkian 2009-cu ildə mübahisəli prezident seçkisindən sonra başlayan etirazların hökumət tərəfindən zorakı yolla dağıdılmasını tənqid edib. Onun bu addımı parlamentdəki mühafizəkarlar tərəfindən tənqidlərə məruz qalıb.

Onun parlamentdəki bu çıxışı parlament sessiyasının dayandırılması ilə nəticələnib. Çıxışında imam Əlinin sözlərini təkrarlayaraq, "insanlara vəhşi heyvanlar kimi hücum etməyin. Deməyin ki, "mən ağayam, kim səsini çıxartsa, onu əzəcəm" ifadələrini işlədib.

Həmin vaxt parlamentin spikeri olan Qulaməli Həddad-Adil Pezeşkianın açıqlamasını sərt tənqid edərək, onu "ədalətli olmağa çağırıb və seçkinin nəticələrinə etiraz edənləri qınayıb".

Pezeşkian hələ 2013-cü ildə prezident seçkisində iştirak etmək üçün qeydiyyatdan keçsə də, daha sonra Əkbər Haşəmi Rəfsəncaninin xeyrinə namizədliyini geri götürüb.

Daha sonra 2021-ci ildə prezident seçkisində iştirakı qeydə alınsa da, Nəzarət Şurası onun namizədliyini təsdiqləməyib.

İbrahim Rəisinin ölümündən sonra elan edilən 2024-cü il erkən prezident seçkisində isə Pezeşkianın namizəd kimi iştirakına imkan yaradılıb.

Ötən il Pezeşkianın parlament seçkilərində iştirakı Daxili İşlər Nazirliyi tərəfindən "İslam Respublikasına uyğunsuzluq" səbəbi ilə rədd edilsə də, Nəzarət Şurası onun iştirakını təsdiqləmişdi.

Bununla bağlı müsahibəsində Pezeşkian idarə heyətinin qərarını tənqid edərək, namizədliyinin təsdiqlənməsini bir növ İran lideri ilə əlaqələndirib. O, ən son parlament seçkisindən əvvəl bildirib ki, İslahatçı Cəbhənin qərarlarından xəbərsizdir.

"Dəfələrlə bildirmişəm ki, əgər bir komandanın əsas oyunçuları sahədədirsə, lakin digər komandanın oyunçuları sahədə deyilsə, iki komanda arasında yarışın baş tutması mümkündürmü? Bəziləri bu seçkidə iştirak etmədi, çünki düşündülər ki, onların namizədliklərini təsdiqlətmək üçün heç bir şansları yoxdur", - Pezeşkian bildirib.

İslahat Cəbhəsi erkən prezident seçkisi üçün daha əvvəl Abbas Axundi, Məsud Pezeşkian və Eşaq Cahangirini namizəd kimi açıqlasa da, yalnız Pezeşkian islahatçıların yeganə nümunəsi kimi namizəd olaraq qaldı.

Buna baxmayaraq, bir neçə gün əvvəl Pezeşkian İslahat Cəbhəsində çıxışı zamanı özünü islahatçı-mühafizəkar adlandırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.