Siyasət

Araz Əzimov: “Azərbaycanla Ermənistan arasında heç bir məsələ tam razılaşdırılmayıb”

14 May 2010 09:48
Baxış: 232
APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. A. Əzimov bildirib ki, birinci mərhələ başlayıb qurtaracaqsa, qalan torpaqların boşaldılmasının da dəqiq vaxtı bilinməli, razılaşdırılmalıdır: "Yəni davamı olaraq nə vaxt, nə müddətə, nə zaman, hansı torpaqların, necə boşanacağı razılaşdırılmalıdır".

"Ermənistanla 5 rayonun qaytarılması ilə bağlı razılaşma varmı" sualının cavabında nazir müavini Ermənistanın heç bir formada məsuliyyətdən qaça bilməyəcəyini, istəyindən asılı olmayaraq, torpaqları mütləq boşaldacağını vurğulayıb: "Ancaq heç bir məsələ tam razılaşdırılmayıb. Ermənistan hansı məsələyə razılıq verib, Azərbaycan hansı məsələ ilə razılaşıb formasında danışmaq düzgün deyil. Məsələlər razılaşdırılır, bu, mərhələ-mərhələ aparılır. Məsələn, birinci mərhələdə 5+1+1 - 5 rayon + Laçın yolu + sərhəd - formulu üzrə razılaşırıqsa, sonrakı mərhələnin neçə ilə, neçə aya başa çatacağı, ondan sonra nə olacağı, azərbaycanlıların Qarabağa nə vaxt qayıdacaqları müəyyənləşməlidir. Çünki bu, Azərbaycan üçün çox prinsipial məsələdir. Əgər azərbaycanlılar Qarabağa qayıtmayacaqlarsa, ümumiyyətlə Azərbaycan bu problemin həllinə baxa bilməz. Azərbaycanlılar Qarabağa qayıtmalıdırlar. Bu, ən konseptual məsələdir. Çünki ərazi bütövlüyü çərçivəsində Qarabağ regionunun gələcək statusunu müəyyənləşdirmək istəyiriksə, azərbaycanlılar mütləq bu prosesdə iştirak etməli, mütləq oraya qayıtmalıdırlar".

A. Əzimovun fikrincə, Azərbaycanın konstruktivliyi ondan ibarətdir ki, Dağlıq Qarabağın yekun statusu müəyyənləşdirilənə qədər hər iki icma arasında müvəqqəti razılıqlar əldə edilsin: "Bu icmalar üçün azadlıqlar, hərəkət azadlığı, iqtisadi əməkdaşlıq, iqtisadi, mədəni fəaliyyət və digər imkanlar təmin olunsun. Azərbaycan hökuməti Qarabağda iqtisadi fəaliyyətə başlamağa hazırdır. Lakin torpaqlar azad olunmalı, yollar açılmalı, kommunikasiya bərpa olunmalı, həm də erməni icmasını müvəqqəti hüquqi statusu olmalıdır ki, Azərbaycan hökuməti onlarla əməkdaşlıq edə bilsin. Ordakı azərbaycanlı icması da eyni dərəcədə bərabər hüquqlar əsasında eyni azadlıqlarla təmin olunmalıdır. Azərbaycanın prinsipləri budur".

/APA/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.