Siyasət

Ermənistanın mina terroru davam edir - Beynəlxalq təşkilatlar niyə susur?

4 Oktyabr 2022 10:28
Baxış: 625

Qarabağ münaqişəsi həll olunsa da, Ermənistanın Azərbaycana qarşı terror siyasəti davam edir. Ermənistan hazırda Azərbaycana qarşı mina terroru siyasəti həyata keçirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Qarabağda işğal dövründə və ondan sonra basdırılan minalar hər gün günahsız insanların canını alır, sağlamlığına ziyan vurur. Artıq son 3 gündə 6 nəfər Azərbaycan vətəndaşı Ermənistanın işğal və ondan sonrakı dövrdə bölgədə basdırdığı minalara düşürək həlak olub və ya ağır yaralanıb.

Xatırlatma:

- 2022-ci il 30 sentyabr tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndinin minalardan təmizlənməmiş ərazisində tank əleyhinə minanın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Əsədov Amid Fətullah oğlu və 2007-ci il təvəllüdlü Quluzadə Çərkəz Bahadur oğlu həlak olub;

- 2022-ci il 30 sentyabr tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndinin minalardan təmizlənməmiş ərazisində tank əleyhinə minanın partlaması nəticəsində 1973-cü il təvəllüdlü Quliyev Bahadur Məhi oğlu yaralanıb;

- 2022-ci il 1 oktyabr tarixində Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən minalardan təmizlənməmiş "Üçüncü Sovxoz" adlı yerdə piyada əleyhinə minanın partlaması nəticəsində 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu ağır xəsarət alıb;

- 2022-ci il 2 oktyabr tarixində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb.

Ermənistanın mina terroru son günlər baş verən partlayış hadisələri ilə bitmir.

2020-ci il noyabrın 10-dan bu vaxta qədər onlarla mülki şəxs və hərbçi mina partlayışı nəticəsində həlak olub və ya ağır yaralanıb.

Ermənilər həm işğal dövründə, həm də Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarkən bölgəyə çoxsaylı mina döşənib, xeyli sayda partlamamış mərmi basdırılıb. Bütün çağırışlara baxmayaraq, Ermənistan postmüharibə dövründə həmin ərazilərin dəqiq xəritələrini Azərbaycana verməyib. Düzdür, İrəvan iddia edir ki, bütün minalanmış ərazilərin xəritələrini təhvil verib. Lakin reallıq isə tam fərqlidir. Verilən xəritələrin dəqiqliyi 25 faizdən azdır. Ermənilərin Laçın, Kəlbəcər və Ağdamdan çıxarkən basdırdıqları minaların isə ümumiyyətlə xəritələri yoxdur. İnsanların yaşayacağı ərazilərin xəritəsiz minalanması isə dünya hərb tarixində az halda rast gəlinən hadisədir.

Hazırda isə sülhdən danışan Ermənistan dəqiq xəritələri saxlamaqla beynəlxalq hüquqi aktların tələblərini kobud şəkildə pozur.

Maraqlıdır ki, Azərbaycana qarşı mina terrorunu davam etdiyi, xəritələr təhvil verilmədiyi halda ermənilərin hüquqları müzakirə mövzusu olanda ard-arda bəyanatlar verən beynəlxalq təşkilatların susqunluğu müşahidə olunur. Əslində isə başda Birləşmiş Millətlər Təşkilatı (BMT) olmaqla bütün beynəlxalq təşkilatlar mina xəritələrinin təhvil verilməsi üçün Ermənistana təzyiq göstərməlidir. Çünki minalanmış ərazilərin təmizlənməsini özündə ehtiva edən çoxsaylı beynəlxalq hüquqi aktları elə onların özləri qəbul edib və dövlətlərin üzərinə öhtəlik kimi qoyub. Məsələn, "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunu, 1999-cu il "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" BMT Konvensiyasını göstərmək olar.

Ortada hüquqi aktlar və dövlətlərin, beynəlxalq təşkilatların üzərinə götürdüyü öhtəliklər var. Amma görünən odur ki, beynəlxalq təşkilatlar Ermənistanın hərbi cinayətlərinə göz yumur.

Maraqlıdır ki, Ermənistanın həyata keçirdiyi mina terroruna laqeyd münasibət göstərən beynəlxalq təşkilatlar Azərbaycanın suveren ərazisində ələ keçirdiyi erməni terrorçuların hüquqlarını müdafiə edirdi. Müxtəlif vaxtlarda onların azad edilməsi üçün Azərbaycana təzyiqlər göstərmişdilər, ölkəmiz əleyhinə bəyanatlar səsləndirmişdilər. Amma bu bəyanatların heç bir hüquqi əsası yox idi. Çünki ələ keçirilən hərbçilər müharibədən sonra Azərbaycan ərazisinə daxil olmuşdular. Bu səbəbdən, elə beynəlxalq təşkilatların konvensiyalarına görə terrorçu hesab edilirdilər.

Niyə beynəlxalq hüquq Azərbaycan vətəndaşının sağlamlığı deyil, erməni terrorçunun azadlığı müzakirə mövzusu olanda işləməlidir? Beynəlxalq hüquq, humanitar hüquq normaları yalnız ermənilər üçündür?

Beynəlxalq təşkilatların işi təkcə mina partlayışı, terror hücumları, müharibələr nəticəsində həyatını itirmiş və yaralanmış şəxslərin illik hesabatını hazırlamaqdan, standart bəyanatlar verməkdən ibarət deyil. Onlar hər bir üzvü ilə bağlı üzərinə götürdüyü öhtəlikləri yeri yetirməyə borcludur.

Maraqlıdır ki, beynəlxalq təşkilatlar öz öhtəliklərini yerinə yetirməyəcəklərsə, niyə mövcuddurlar? Ermənistan kimi terror dövlətlərini müdafiə etmək, onların hərbi cinayətlərinə göz yummaq və ya mina partlayışları nəticəsində ölənlərin hesabatını hazırlamaq üçün?

Əgər beynəlxalq təşkilatlar öz öhtəliklərini yerinə yetirsəydi, təcavüzkara təzyiq göstərsəydi, nə müharibə olar, nə də mina partlayışı nəticəsində həlak olanların siyahısı hazırlanar.

Bu məsələdə məsuliyyət təkcə beynəlxalq təşkilatların deyil, rəsmi İrəvanın da üzərinə düşür. Ermənistanın hərbi-siyasi rəhbərliyi regionda uzunmüddətli sülhdə maraqlıdırsa, həqiqi mina xəritələrini Azərbaycana təhvil verməli, həm imza atdığı beynəlxalq konvensiyaların, həm də 2020-ci ilin 10 noyabr tarixində və ondan sonra imzalanmış üçtərəfli bəyanatların müvafiq bəndlərini rəhbər tutaraq öz öhtəliklərini yerinə yetirməli və müharibə cinayətlərindən əl çəkməlidir. Əks halda regionda uzunmüddətli sülhdən söhbət gedə bilməz.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics