Siyasət

Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini döyüş meydanında yerinə yetirdi - Nizami Səfərov

20 Sentyabr 2022 12:46
Baxış: 751

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Sammitindəki çıxışında xüsusi olaraq bəzi beynəlxalq təşkilatların fəaliyyətinin səmərəsiz xarakter daşıması və bu faktın narahatlıq doğurmasını ön plana çəkmişdir. Bu cür fəaliyyətsizliyin bariz nümunəsini Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və qatı millətçilik, düşmənçilik mövqeyindən qaynaqlanan Qarabağ problemi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının keçən əsrin 90-cı illərinin sonunda qəbul etdiyi dörd qətnamənin aqibəti təşkil edir. Otuz ilə yaxın bir müddətdə bu qətnamələr yalnız kağız üzərində qalmaqda davam edirdi. Xatırlatmaq istərdim ki, bu qətnamələr beynəlxalq hüquq prinsiplərini təsdiq edərək, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən tamamilə, dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Maraqlıdır ki, müzakirələr zamanı bir çox dövlətlər ölkəmizin ədalətli mövqeyini dəstəkləyirdilər.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli iclasında 822 saylı qətnamə layihəsinin müzakirəsi zamanı Böyük Britaniyanın nümayəndəsi c-b Riçardson qeyd etmişdir ki, BMT və ATƏT-nin bəyan etdiyi prinsiplər çərçivəsində münaqişənin yeganə həlli yolu - Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyinin saxlanılmasıdır.

Təhlükəsizlik Şurasında 884 saylı qətnamənin qəbulu zamanı Macarıstan nümayəndəsi c-b Erdöş xüsusi olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təsdiqinin vacibliyini və güc tətbiqi nəticəsində ərazi əldə edilməsinin yol verilməzliyini diqqətə çatdırmışdır. Bu cür bəyanatla həmçinin İspaniya nümayəndəsi Yanyes Barnuevo da çıxış etmişdir.

BMT-nin Baş Assambleyasının sənədi kimi yayılan və beynəlxalq miqyasda tanınmış mütəxəssis, professor Yoram Dinştein tərəfindən hazırlanan "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı silahlı təcavüzünün hüquqi nəticələri haqqında" məruzədə birmənalı olaraq qeyd edilmişdir ki, "güc tətbiq etməklə Dağlıq Qarabağ və ətraf rayonların işğalı Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının ərazi bütünlüyün kobud şəkildə posulmasıdır".

14 may 2008-ci ildə "İşğal edilmiş Azərbaycan ərazilərində vəziyyət" adı altında BMT-nin Baş Assambleyasının qəbul etdiyi Qətnamənin birinci bəndində universal təşkilatın ali orqanı "beynəlxalq səviyyədə tanınan sərhədlər çərçıvəsində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütünlüyünə davamlı hörmətini və dəstəyini" bəyan edərək "bütün erməni qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını" tələb etmişdir.

Çox təəssüf ki, BMT, ilk növbədə, onun aparıcı orqanı olan Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etməmişdir. Halbuki bəzi hallarda belə qətnamələr çox qısa zaman kəsiyində həyata keçirilirdi. Yaranmış qəbuledilməz vəziyyətdə uzun müddət ərzində beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən, Azərbaycanın ərazi bütövlüyünü pozan, soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri ilə müşahidə olunan Ermənistanın beynəlxalq hüquqa açıq-aşkar zidd olan təcavüzünə döyüş meydanında son qoyularaq, tarixi ədalət bərpa edildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mükəmməl hərbi strategiyanın nəticəsi olaraq 44 günlük Vətən müharibəsində düşmən de fakto və de jure kapitulyasiya etdi. Faktiki olaraq Azərbaycan öz gücünə BMT-nin dörd qətnaməsinin bütün tələblərini yerinə yetirdi. Döyüş meydanında beynəlxalq hüququn hamılıqla tanınan norma və fundamental prinsiplərini bərpa edən Azərbaycan böyük Zəfərə imza ataraq, bir daha təsdiq etdi ki, dövlətimiz beynəlxalq müstəvidə ciddi söz sahibidir və hər cür təhdidlərin qarşısını almaq iqtidarındadır.

Nizami Səfərov
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.