Siyasət

Paşinyan icra edir, erməni silahlılar ÇIXARILIR

13 Avqust 2022 20:57
0 Şərh     Baxış: 1 413

Azərbaycan Prezidentinin Qarabağ regionunda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazının olmayacağını vurğulaması, rəsmi İrəvanı artıq Ermənistanın taleyini düşünməyə məcbur buraxıb... Erməni toplumu "artsax xəyalları"nın bitməsi ilə artıq barışıb, ancaq indi daha çox Ermənistanın da tədricən rəsmi Bakı tərəfindən idarə olunma mərhələsinə keçməsindən ciddi şəkildə narahatdırlar...

Ermənistanda yenə də çaşqınlıq qarışıq pessimist əhval-ruhiyyə yaşanır. Çünki, Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə önəmli açıqlamalar verib. Və Azərbaycan liderinin açıqlamaları erməni toplumunun Cənubi Qafqazdakı gələcək taleyini müəyyən etməyə imkan verir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ona görə də, hazırda Ermənistan cəmiyyətində və mətbuatında Azərbaycan Prezidentinin vurğuladığı önəmli məqamlar ciddi şəkildə müzakirə edilməkdədir. Çünki, Prezident İlham Əliyevin son açıqlamaları erməni toplumunun "artsax" ümidlərinin üzərindən birdəfəlik xətt çəkdi. Və erməni toplumu onların ənənəvi "xəyalları" ilə mövcud reallıqlar arasında olduqca ciddi fərqlərin olduğunu nəhayət ki, anlamağa başlayıb.

Məsələ ondadır ki, Prezident İlham Əliyev çox açıq şəkildə bildirib ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsinə münasibətdə "status" mövzusu daha unutmaq lazımdır. İndi Ermənistan cəmiyyətində də tam dəqiqliyi ilə bilirlər ki, Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesində hər hansı bir "status"dan, ümumiyyətlə, söhbət belə, getmir. Yəni, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi müzakirə edilir: "Mən demişəm ki, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Mən nəyi deyirəmsə, onu da həmişə icra edirəm".

Ermənistan cəmiyyətini sarsıdan ən önəmli məqam isə Azərbaycan Prezidentinin Xankəndi və ətraf bölgə ilə bağlı mövzunun Ermənistana heç bir aidiyyatının olmaması barədə dedikləridir. Çünki, Azərbaycan lideri rəsmi İrəvanın bütün cəhdlərinə baxmayaraq, bu mövzunun danışıqlar masasına gətirilməsinə imkan vermədiyini vurğulayıb: "Bu məsələnin Ermənistana nə dəxli var?  Bu, bizim daxili işimizdir".

Təbii ki, Azərbaycan liderinin belə açıq və qətiyyətli danışması həm rəsmi İrəvanı, həm də bütövlükdə Ermənistan cəmiyyətini məyus edir. Çünki, "artsax xəyalları"nın artıq birdəfəlik bitdiyinə əmin olurlar. Çıxış yolunun qalmadığını anlayırlar. Bundan sonra Azərbaycan liderinin siyasi iradəsinə tabe olmaq məcburiyyətinin qaçılmaz olduğunu bilirlər. Hətta Ermənistanın da tədricən rəsmi Bakı tərəfindən idarə olunma mərhələsinə keçməsindən ciddi şəkildə narahatdırlar.

Məsələ ondadır ki, Ermənistan cəmiyyətində artıq Azərbaycan Prezidentinin dediklərinə riayət olunmasının qaçılmazlığı ilə barışmaq üzrədirlər. Erməni toplumu artıq əmindir ki, Azərbaycan Prezidenti dediklərini tam şəkildə reallaşdırmaq qabiliyyətinə və vərdişlərinə sahibdir. Yəni, əgər, Prezident İlham Əliyev hər hansı məsələ barədə qərar veribsə, deməli, mütləq reallaşdırılacaq. Nə Ermənistanın, nə də ermənilərin ənənəvi beynəlxalq himayədarlarının mövqeyi heç bir əhəmiyyət daşımır.

Əslində, Prezident İlham Əliyev özü də bunun məhz belə olduğunu açıq şəkildə vurğulayıb. Əsas örnək kimi isə bir müddət öncə reallaşdırılmış "Qisas" əməliyyatını göstərib: "Ermənistan bir daha gördü ki, bizi heç kim və heç nə dayandıra bilməz. Nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə də hansısa telefon zəngi... Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi də bunu göstərib. Əminəm ki, Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, hərdən bunu unudurlar. Ona görə də belə faciəvi hadisələr baş verir".

Ona görə də, Ermənistan cəmiyyətinin Azərbaycan Prezidenti tərəfindən müəyyən olunan "yol xəritəsi" ilə barışmaqdan başqa çarəsi qalmayıb. Azərbaycan lideri Xankəndi və ətraf bölgədə yaşayan erməniləri gözləyən gələcəyi də indidən anons edib. Dövlət başçısı bildirib ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı olmayacaq.

Yəni, bu bölgədə yaşayan ermənilər də Azərbaycanın digər vətəndaşlarının sahib olduqları hüquqlarla kifayətlənməli olacaqlar. Yəni, Azərbaycan Konstitusiyası ölkə vətəndaşları üçün heç kim üçün hər hansı ayrıcalıq nəzərdə tutmur. Və əsas məsələ kimin nə istəməsi deyil, Azərbaycan Konstitusiyasının nə verməsidir.

Təbii ki, rəsmi Bakı bu önəmli hüquqi prinsipləri bundan sonra da ön planda saxlamağa üstünlük verəcək. Rəsmi Bakının prinsipiallığı isə Ermənistanı Azərbaycanın geopolitik iradəsi ilə barışmaq məcburiyyətində buraxır. Və artıq qətiyyən şübhə doğurmur ki, rəsmi İrəvan Azərbaycanın bütün tələb və şərtlərini yerinə yetirməli olacaq.

Ona görə də, yaxın həftələrdə baş verəcək yeni prosesləri təxmin etmək artıq o qədər də çətin deyil. Laçın dəhlizinin yaxın vaxtlarda həmişəlik qapadılacağı qətiyyən şübhə doğurmur. Onun əvəzinə Azərbaycanın artıq inşa etdiyi alternativ yol işə salınacaq. Laçın şəhəri və dəhliz üzərində olan yaşayış məntəqələri Azərbaycana təhvil veriləcək.

Təbii ki, bütün bunlar "Qisas" antiterror əməliyyatının real nəticələri sırasına daxildir. Ən əsası isə Azərbaycanın Qarabağ regionunda olan Ermənistanın silahlı birləşmələri ərazisindən çıxarılacaq, erməni separatçıların silahlı terror dəstələri isə tərksilah olunacaq. Və Azərbaycan Prezidenti bu prosesin artıq başlandığını da bildirdi.

Məsələ ondadır ki, Prezident İlham Əliyev "Qisas" əməliyyatından sonra yüzlərlə erməni hərbçisinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarıldığını vurğulayıb: "Bu, onu göstərir ki, belə əməliyyatların təsiri var. Ancaq buna gətirib, çıxarmaq lazım deyildi. Sadəcə olaraq, Ermənistan bizim xəbərdarlıqlarımızı təhlil edib, düzgün nəticə çıxarsaydı, buna ehtiyac qalmazdı".

Göründüyü kimi, rəsmi Bakının mövqeyi prinsipialdır. Ermənistan Azərbaycanın bütün tələblərini yerinə yetirməlidir. Əks halda, növbəti hərbi əməliyyatlara başlanılacaq. Azərbaycan Prezidenti hətta rəsmi İrəvan üçün Ermənistanın reallaşdırmalı olduğu "yol xəritəsi"ni də müəyyən edib. Müşahidələr isə Ermənistan baş naziri Nikol Paşinyanın həmin "yol xəritəsi"nin icrasına başladığını göstərir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.