Cəmiyyət

Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan açıqlama

3 Oktyabr 2026 09:09
Baxış: 440
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gələn il Azərbaycanda minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlər artırılacaq.

Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı açıqlama verib.

Dövlət başçısı sosial ödənişlərin artırılması ilə bağlı artıq müvafiq göstərişin verildiyini bildirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, millət vəkili, iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, dövlət başçısının açıqlaması növbəti sosial paketin gələn ilin əvvəlində reallaşacağı anlamına gəlir.

O bildirib ki, Azərbaycanda minimum əməkhaqqının artırılması mütəmadi xarakter almaqdadır:

"Dövlət başçısı tərəfindən 2026-cı ilin fevralında təsdiqlənən dəyişikliyə əsasən, 2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur".

Vüqar Bayramov qeyd edib ki, gələn ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur. Bu artımın 1 milyon 100 min vətəndaşı əhatə edəcəyi gözlənilir.

İqtisadçı bildirib ki, pensiyaların indeksləşdirilməsinin yeni müzakirə olunan dəyişikliklərə əsasən diferensial qaydada həyata keçirilməsi gözlənilir.

Onun sözlərinə görə, təklif olunan dəyişikliklər pensiya sistemində sosial ödənişlərə və ödənilən sosial haqlara əsaslanan modelin genişləndirilməsini nəzərdə tutur:

"Hazırda mövcud qaydalara əsasən, pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə indeksləşdirilir. Yenə də əsas meyar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizi olacaq. Amma bununla belə, diferensial yanaşma tətbiq ediləcək".

Vüqar Bayramov 2027-ci ilin dövlət büdcəsində sosial sahəyə ayrılacaq vəsaitə də diqqət çəkib. O bildirib ki, sosial sferaya yönəldiləcək vəsaitin həcmi ümumi büdcə xərclərinin 44 faizini təşkil edəcək:

"Bu, 18,5 milyard manatdan çox vəsaitin sosial sahəyə yönəldilməsi deməkdir. Bu, yeni sosial paketin anonsudur".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.