Siyasət

Paşinyan eyni səhvi TƏKRAR ETDİ - İrəvanın Bakını yeni aldatmaq cəhdi...

21 İyun 2022 12:49
Baxış: 3 717

"Ermənistanın baş naziri bu yanaşma ilə onu demək istəyir ki, "status məsələsində bütün ermənilər yalnız müstəqilliyə yaxın statusu bəyənə bilərlər". 

Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Azərbaycanın heç kimlə Qarabağdakı etnik ermənilərin "statusu" məsələsini müzakirə etmək fikri yoxdur:

"Görürsünüz, Nikol Paşinyan son çıxışında deyir ki, "hər status regionda yaşayan ermənilərin problemlərinin həlli demək deyil". Hər halda bu, onu göstərir ki, dolayı yollarla, - qabaqlar əgər birbaşa deyirdilərsə ki, biz Qarabağın müstəqilliyini istəyirik, - müxtəlif frazalardan istifadə edərək, yenə həmin məzmunlu çıxışlar edirlər. Yəni mahiyyət etibarilə heç nə dəyişilməyib, sadəcə olaraq forma etibarilə dəyişikliklər var, ifadələr daha mürəkkəbləşib, amma istəklər eyni istəklər olaraq qalır.

Əlbəttə ki, bu yanaşma ümumiyyətlə yolverilməz bir yanaşmadır, çünki reallıqlardan uzaq olan bir şeydir. Azərbaycan tərəfi nə Ermənistanla, nə də hansısa bir başqa tərəflə ermənilərin "statusunu" müzakirə etmək niyyətindədir. Çünki bunlar Azərtbaycan ərazisində yaşayırlar. Azərbaycanın ərazisi olaraq, burada yalnız Azərbaycan ərazi vahidlərinin müəyyənləşdirilməsi ilə bağlı, onların gələcəyi ilə bağlı qərar verə bilər. Digər tərəflər buna qarışa bilməzlər. Çünki onların buna hüquqları yoxdur, onların səlahiyyətləri çatmır. Əgər beynəlxalq hüququ əsas götürsək və beynəlxalq hüququn tələbi ilə bu məsələ baxsaq, görə bilərik ki, bu məsələdə digər tərəflər acizdir.

Ermənistan tərəfi ona görə də insan hüquqları prizmasından bu məsələyə yanaşır və güya güman edir ki, digər beynəlxalq qurumlar ermənilərin hüquqlarını təmin etmək məqsədilə Azərbaycana təsir göstərəcəklər, çünki Azərbaycan insan hüquqları ilə bağlı bir çox öhdəliklər götürüb. Amma yenə də deyirəm, bu öhdəliklərin bu məsələyə heç bir aidiyyatı yoxdur. Çünki insan hüquqları deyəndə burada biz erməni, azərbaycanlı, ləzgi, tat, talış və digər millətləri ayırmırıq. İnsan hüquqları deyəndə bütün hüquqlar eyni, bərabər şəkildə Azərbaycan ərazisində yaşayan bütün xalqlara şamil olunmalıdır və burada heç bir ayrı-seçkilik ola da bilməz. 

Ermənistan tərəfi yanlış fikirləri ilə yenə də beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir. Təəssüflər olsun ki, bəzi siyasi qruplar öz məqsədlərindən istifadə edərək bu fikirlərə uyur. Ancaq düşünürəm ki, bu, sadəcə bir oyundur və bu oyunun da bir qədəri var. Azərbaycan Prezidenti dəfələrlə deyib, son çıxışlarının birində də qeyd edib ki, əgər bu oyunlar davam etsə, biz biganə qala bilmərik və məsələni daha sərt şəkildə ortalığa qoya bilərik. Bu da Ermənistanın xeyrinə olmayacaq.

Ermənistan düşünməlidir və bu sözlərdən nəticə çıxarmalıdır".

Qeyd edək ki, Nikol Paşinyan parlamentdə büdcə layihəsinin müzakirəsi zamanı müəyyən qədər ikibaşlı məna daşıyan, əslində isə Azərbaycanın Qarabağın gələcəyi ilə bağlı təkliflərinin qəbulu təsiri bağışlayan bəyanatlar səsləndirib: "Qarabağın statusu Ermənistan üçün məqsəd deyil, regionun təhlükəsizliyinin təmini vasitəsidir. Status Qarabağ ermənilərinin hüquq və azadlıqlarını, eləcə də təhlükəsizliyinə gətirib çıxarmalıdır. Ancaq belə bir vacib məsələ də var, Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyinə təminat verən hər bir status problemin erməni tərəfi üçün həll edildiyi anlamını daşıyacaq". 

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics