Siyasət

Belçika Senatında Azərbaycan və Ermənistan qadınlarının görüşü keçirilib

6 May 2010 10:42
Baxış: 302
Azərbaycanın Belçika Krallığındakı səfirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, Belçika Senatının üzvü, liberal yönümlü İslahatçı Hərəkat Partiyasının qrumdakı qrup rəhbəri xanım Dominik Tilmansın təşəbbüsü və himayəsi ilə keçirilən tədbirdə Azərbaycanı Azəri Türk Qadınlar Birliyinin sədri Tünzalə Rüstəmxanlı və Ermənistanı bu ölkədən itkin düşmüş şəxslər üzrə şuranın rəhbəri Rima Arakelyan təmsil ediblər.

Mayın 4-də keçirilmiş iclasda BMT-nin Qadınlar üzrə İnkişaf Fondunun Brüssel bürosunun başçısı Elissar Saru, BMT-nin Avropa İttifaqı və Benilüks üzrə ofisinin rəhbəri Jan-Lük Onkelinks, Avropa Komissiyasının İnsan Haqları üzrə nümayəndəsi Davide Zaru, Belçika Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Qafqaz üzrə səfiri Stefan de Loker, senator An-Mari Lizin, ölkəmizin Belçika Krallığındakı səfiri Emin Eyyubov, Ermənistan səfiri Avet Adonts və digər rəsmi şəxslər iştirak ediblər.

Görüşdə əsasən BMT-nin qadınlara, sülhə və təhlükəsizliyə dair 1325 saylı qətnaməsi ətrafında fikir mübadiləsi apaılıb. Stefan de Loker Cənubi Qafqaz regionu, enerji məsələləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qadınların üzləşdikləri problemlər barədə ümumi məlumat verib. O, Azərbaycanın enerji imkanlarını və regiondakı rolunu yüksək qiymətləndirib, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdırıb, münaqişə nəticəsində hər iki tərəfdən qadın və uşaqlara ciddi zərər dəydiyini qeyd edib. İnsan və qadınların hüquqlarına toxunmuş Stefan de Loker bu sahədə Ermənistandan fərqli olaraq Azərbaycanda vəziyyətin daha yaxşı olduğunu vurğulayıb.

Azərbaycan təmsilçisi Tünzalə Rüstəmxanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb, Azərbaycanın konstruktiv addımlarına baxmayaraq Ermənistanın münaqişənin sülh yolu ilə həlli məsələsindən boyun qaçırdığını, uzun illərdən bəri fəaliyyət göstərən Minsk qrupunun vasitəçiliyinə baxmayaraq danışıqların nəticəsiz qaldığını, bu məsələdə Azərbaycan qadınlarının daha çox əziyyət çəkdiklərini bildirib. O, Ermənistanın barışığa gələrək sülh müqaviləsi imzalayacağı təqdirdə, Azərbaycan və erməni qadınları, ümumiyyətlə iki xalq arasındakı əlaqələrin bərpa olunacağına ümidvar olduğunu bəyan edib.

Səfir Emin Eyyubov BMT-nin 1325 saylı qətnaməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, elan olunmamış müharibədə həlak olmuş, girov götürülmüş qadınlar və uşaqlar barədə məlumat verib, qadınların davamlı sülhün əldə edilməsində iştirakının vacibliyini iştirakçıların diqqətinə çatdırıb. E.Eyyubov senator D.Tilmansın təşəbbüsünü yüksək qiymətləndirmiş və gələcəkdə iştirakçıların formatının genişlənməsi məsələsi ortaya çıxdığı təqdirdə Dağlıq Qarabağın azərbaycanlı və erməni qadınlarının bərabər hüquqla təmsil olunmasının bacibliyini vurğulayıb.

Mayın 5-də isə senator D.Tilmansın vasitəçiliyi ilə T.Rüstəmxanlı və R.Arakelyan bağlı qapı arxasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və bu prosesdə qadınların rolu barədə fikir mübadiləsi aparıblar. Görüş haqqında Belçika mətbuatına açıqlama verilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.