Siyasət

Ermənistana Soçidə verilən SON ŞANS - Bundan qaçış yoxdur

1 Dekabr 2021 17:52
Baxış: 2 875

"Bəzən mənə elə gəlir ki, Moskva, xüsusən də Vladimir Putin Ermənistanla münasibətlərin həm inkişaf etdirilməsində, həm də ki, Zəngəzur dəhlizinin açılması məsələsində daha çox maraqlıdır". 

Bunu Milli.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib. 

O bildirib ki, Rusiya heç bir dövləti, heç bir beynəlxalq təşkilatı Ermənistan-Azərbaycan məsələnin həll olunmasına yaxın buraxmaq istəmir:

"Rusiya indiki şəraitdə Ermənistana bu istiqamətdə ciddi təzyiqlər edir. Bunun bir çox səbəbi var. Rusiya digər dövlətlərin, digər beynəlxalq təşkilatların regiona daxil olmasında və xüsusən də regionda gedən bu proseslərə qoşulmasında, Ermənistan-Azərbaycan arasındakı problemi həll etmək üçün cəhdlər göstərməsində maraqlı deyil.  

Bilirik ki, Rusiya bu məsələnin həllinə başqa dövləti buraxmaq istəmir. Çünki hər gələn dövlət, - Bu istər ABŞ olsun, istər Fransa olsun, istər ATƏT olsun, istər ATƏT-in Minsk Qrupu olsun, istər Almaniya olsun, - hər gələn tərəf öz marağı prizmasından, konteksindən çıxış edəcək. Bu da Rusiyanın marağı ilə heç şübhəsiz ki, üst-üstə düşməyəcək, ziddiyət təşkil edəcək. Bunun üçün də Rusiya heç bir dövləti, təşkilatı bu məsələnin həll olunmasına yaxın buraxmaq istəmir və buraxmayacaq da. 

Soçidə keçirilən üçtərəfli görüş tez-tələsik keçirildi. Çünki Rusiya uzun müddət çalışırdı və elan da etmişdi ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında görüş keçiriləcək. Demək olar ki, Putindən başqa rəsmi Moskvanın bütün rəsmi şəxsləri Ermənistan baş naziri ilə Azərbaycan Prezidenti arasında görüşün keçiriləcəyi barədə fikir bildirirdilər. Əvvəl dedilər ki, bu görüş müharibənin sona çatmasının ildönümü ərəfəsində keçiriləcək, amma Paşinyan görüşdən imtina etdi, getmədi. Dedi ki, "müharibənin bitdiyinin ildönümündə gedə bilmərəm, Ermənistan üçün bu addımım təhqir ola bilər". Amma hətta Kremlin sözçüsü Prskov da qeyd etdi ki, görüş üçtərəfli onlayn formatda keçiriləcək. Lakin Paşinyan buna da razı olmadı. Amma birdən-birə xəbər çıxdı ki, Azərbaycan və Ermənistan rəhbərləri arasında Brüsseldə görüş haqqında razılıq əldə olunub. Hər iki dövlətin aidiyyatıqurumları rəsmi şəkildə görüşün keçiriləcəyini elan etdilər. 

Deməli, Paşinyan Ruisyanın təklifindən imtina etdi, görüşdən boyun qaçırdı. Amma digər tərəfdən Avropaya razılaşdı. Təbii ki, Paşinyanın bu hərəkəti Rusiyanı hiddətləndirdi və Kreml rəhbəri bir həftədə iki dəfə Paşinyanla telefon əlaqəsi yaratdı, erməni baş nazirə nə oyun çıxartdığı barədə hesabat istədi: Nə üçün sən Ruisyada görüşdəm imtina edirsən, amma Brüsseldə görüş təklifinə ikiəlli razılıq verirsən?

Rusiya imkan verə bilməzdi ki, bu iki dövlət arasındakı münasibətlərə Brüsseldə aydınlıq gətirilsin. Putin məsələni qəti qoydu və Brüsseldən daha tez görüşü (26 noyabr, Soçi) keçirtdi. Məqsədi də o idi ki, Qərb üçün bir məsələ qalmasın. Hər kəs Soçi görüşündən daha çox şeylər gözləyirdi. Bu, həm dəhlizin açılması məsələsi idi, həm delimitasiya və demarkasiya məsələsi idi, sülh müqaviləsinin imzalanması ilə bağlı digər məsələlərdir. Ola bilsin bütün məsələlər müzakirə olundu, amma təkcə delimitasiya, demarkasiya və kommunikasiyaların açılması haqqında məlumat verildi ki, bu məsələlər müzakirə olundu. Deyildi ki, tezliklə işçi qrupları birgə fəaliyyətə başlayacaq. 

Delimitasiya, demarkasiya məsələsini Ermənistan prinsip etibarı ilə uzun müddətdən bəri deyir. Baxmayaraq ki, onlar söz verdilər, amma məsələ icraata gələndə gördülər ki, elə digər məsələlərlə müqayisədə elə ən asanı sərhədlərin delimitasiya, demarkasiyasıdır. Amma bu prosesi reallaşdırmağa gələndə Ermənistan artıq başladı cığallıq etməyə. Axı 30 ildən bəri Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan yollar salıb, sərhədləri dəyişdirib və özbaşına olaraq çıxartmadığı oyun qalmayıb. İndi də bir tərəfdən həmin torpaqları geri qaytarmaq istəmir, digər tərəfdən də deyə bilmir ki, bu torpaqlar mənimdir. 

Paşinyan delimitasiya, demarkasiya məsələsini gecikdirəcək. İstəyəcək ki, bu məsələ bir qədər də uzansın və son nəticədə isə proses icra edilməmiş qalsın. Amma Ermənistan nədəsə razılığa getməlidir, nəsə addım atmalıdır. Bu məsələ də belə qalmayacaq. Azərbaycan sərhədlərin müəyyənləşdirilməsi məsələsində təsir və təzyiq seçimini üstün tutacaq. Ermənistan baş naziri iə görüşün harada keçirilməsindən asılı olmayaraq Azərbaycana artıq heç kim təzyiq edə bilməz, edilsə də bu, heçnəyi dəyişməyəcək. 

Azərbaycan ən azından öz sərhədlərinin təhlükəsizliyini təmin etməlidir, bunda israrlıdır və bu istiqamətdə lazım olduqca addımlar atacaq. Ermənistanın üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri icra etməkdən başqa çıxış yolu yoxdur. Rəsmi İrəvan ümid edir ki, gedib Avropada görüş keçirəcək, bəzi qüvvələr onu dəstəkləyəcəklər, Azərbaycanı nəyəsə razı salmağa məcbur edəcəklər. Amma Azərbaycanı nəyəsə məcbur etmək mümkün deyil axı!

Ermənistan başı daşdan-daşa dəyəndən sonra və bütün bu çevrəni vurduqdan sonra - ABŞ, Avropa Birliyi, Fransa və digər arxalandığı ünvanlarda ona deyildikdən sonra ki, "sən delimitasiya və demarkasiyanı etməlisən, bundan qaçış yoxdur", onlara inandıqdan sonra, eyni zamanda Paşinyan daxili auditoriyanı inandırandan sonra ki, "bu torpaqlar Azərbaycanın tarixi əraziləridir, onu gec-tez qaytarmalıyıq", o zaman bu məsələ öz əhllini tapacaq. Mənə elə gəlir ki, bir qədər gecikdiriləcək, amma 2022-ci ilin əvvəllərində sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri öz həllini tapacaq, bundan qaçış yoxdur".

Qeyd edək ki, bu gün (Dekabrın 1-də) Moskvada Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinlərinin görüşü keçiriləcək. Görüş zamanı Cənubi Qafqazda kommunikasiyaların açılması məsələləri müzakirə olunacaq.

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.